Erməni silahlı qüvvələri sülhə təhdid yaradır - Politoloq

18:33 28.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Erməni separatçılarının Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur bölgəsində törətdiyi hərbi, siyasi təxribatların rəsmi Rusiyanın ittiham və iddiaları ilə dəstəklənməsi ölkə ictimaiyyətində birmənalı qarşılanmır.

Rusiya 10 noyabr üçtərəfli sazişinə əsasən erməni silahlılarını ərazilərimizdən çıxarmaq əvəzinə Azərbaycanı Qarabağda hərbi əməliyyatlar keçirməkdə ittiham edir, atəşkəsin  guya Azərbaycan tərəfindən pozulduğunu bildirir. Rusiya öz cəfəng bəyanatında “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ silahlı birləşmələri” ifadələrini işlətməklə sərgilədiyi qərəzli ,ermənipərəst mövqenin fərqinə varmadan prosesə nəzarət edəcəklərinə dair fikirlərlə çıxış edir.

Yaranmış vəziyyəti hafta.az-a təhlil edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Mətin Məmmədli hesab edir ki, hazırda Qarabağ, Şərqi Zəngəzur  zonasında vəziyyətin gərginləşməsini göstərən əsas məqam  Ermənistanın öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır.

“2020-ci il üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən qanunsuz erməni hərbi birləşmələri  Rusiya sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi ilə paralel olaraq bölgədən çıxarılmalı idi. Əslində rus sülhməramlıları qanunsuz erməni birləşmələrinin regiondan çıxarılmasını təmin etməliydilər. Təəssüf ki, Rusiya sülhməramlı qüvvələri öz missiyalarını lazımınca yerinə yetirə bilmirlər. Erməni silahlılarının bu günə qədər Qarabağdan çıxarılmamağı əsas destablizasiya mənbəyinə çevrilib. Post-münaqişə dövründə ordakı erməni silahlı qüvvələri atəşkəs rejimini pozur, regionda sülhə təhdid yaradır, vəziyyət davamlı olaraq gərginləşir”.

M.Məmmədli bildirib ki, Azərbaycan Müdafiyə Nazirliyi öz bəyanatında Qarabağ bölgəsində qeyri-adi işlərin görülmədiyini  bəyan etməklə, mövqelərimizin, dislokasiya yerlərimizin dəqiqləşdirildiyini bəyan edib. Politoloq Rusiyanın bu son açıqlamasının Azərbaycanla Rusiya arasında imzalanan Moskva Bəyannaməsinin ruhuna tamamilə zidd olduğunu deyib.

“Moskva Bəyannaməsinin 1-ci bəndində qarşılıqlı dövlət müstəqiliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığı və suverenliyin tanınmasından söhbət gedir. 11-ci bəndinə əsasən hər iki ölkə ərazisindəki separatçı qrupların fəaliyyətinə imkan verməməlidir. Eləcə də digər bəndlər var ki, orada göstərilən müddüəalar bu gün Rusiya Müdafiə Nazirliyinin, eləcə də rus sülhməramlıların regiondakı fəaliyyəti ilə tam ziddiyyət təşkil edir.Yanlış mövqe bir tərəfə, Rusiya Müdafiə Nazirliyinin öz ifadəsində “Dağlıq Qarabaq”, “Dağlıq  Qarabağ silahlı birləşmələri” sözləri işlədilməsi qəbulolunmaz yanaşma olmaqla, Azərbaycanın dövlət müstəqilliyinə hörmətsizlikdir”.

Politoloq hesab edir ki, Rusiyanın Azərbaycana qarşı qərəzli yanaşmasının kökü bütövlüktə regionda münaqişələri saxlamağa yönəlir.

“Həmişə olduğu kimi bu Rusiyanın imperiya maraqlarıdır. Regionda münaqişənin qalması Rusiyanın bölgəni öz təsir dairəsində saxlamasına şərait yaradır. Biz isə münaqişəni bitmiş sayırıq. Torpaqlarımızın çox hissəsini azad eləmişik. Ancaq hələ də ciddi problemlər qalmaqdadır. Rusiyanın bu problemin həllinə kömək etmək imkanı var.  Ancaq biz bunun əksini görürük. Məsələni qəlizləşdirən də bu məqamdır”.

M.Məmmədli bu gün Xocalının Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsi və bu istiqamətdə ölkə ictimaiyyətinin -siyasilərin, adi sosial şəbəkə istifadəçilərinin bir çox hallarda ziddiyətli ifadələrə yol verdiyinə diqqət çəkib. O, hesab edir ki, Azərbaycan torpaqları 44 günlük savaşda azad olunubsa, müharibə bitibsə, bu gün “Fərrux kəndi azad olunub”, sözlərini işlətmək bir qədər qeyri-korrekt yanaşmadır.

“Bu gün biz torpaqların azad olunmasından yox, Ordumuzun Fərrux kəndinə nəzarəti bərpa etməsindən danışa bilərik. Xüsusən də siyasətçilər belə məsələlərdə kifayət qədər məsuliyyətli yanaşma sərgiləməlidir”.

 

Politoloq bütün bu gərginliyin fonunda gözləntilərin olmasını istisna etmədi.  O, bildirib ki, Rusiyanın Ukraynadan sonra Qafqazda Azərbaycanın timsalında özünə ikinci cəbhə açacağını düşünmür.  

“Bir müddət keçdikdən sonra emosiyalar bir qədər səngiyəcək və  Ermənistan-Azərbaycan arasında həll olunmamış məsələlərlə bağlı danışıqlar prosesi başlayacaq. Amma məsələlərin tezliklə həll olunacağını da gözləmirəm. Çünki proseslər göstərir ki, Ermənistan hələ də post-münaqişə dövrünə uyğun konkret siyasət həyata keçirə bilmir. Hər halda təşəbbüslər artacaq və günlərin birində regionda sülhə nail olacağıq.  Azərbaycan 5 maddədən ibarət baza prinsiplərinin əsasında danışıqlara başlamağa hazır olduğunu təklif edib. Amma təəssüflər olsun ki, Ermənistandan adekvat münasibət görməmişik. Ermənistanla sərhəd və  digər problemləri həll etmədən bölgədə davamlı sülhdən danışmaq olmaz”.

 M.Məmmədli hesab edir ki, belə bir şəraitdə siyasi qüvvələr Azərbaycan hökumətinin məlumatlarına istinad edərək çıxışlar etməlidir. O, təəssüflə bildirib ki, bu gün Azərbaycan siyasi partiyalarında elələri var ki, onlar məsələyə məsuliyyətlə yanaşmır.

Azərbaycanın hələ ki, nəzarətində olmayan Xankəndi bölgəsinə mavi qaz boru xəttlərinin çəkilişi ilə bağlı yayılan məlumatlara toxunan M.Məmmədli, bunun doğru qərar olduğunu qeyd edib. Sosial şəbəkələrdə bir çox insanların bu məsələyə tənqidi yanaşdığını bildirən politoloq bildirib ki, məsələyə bütün ölkə ərazisinin qazlaşdırılması prizmasından yanaşılması daha doğru olar.

“Azərbaycanın ərazisində olan qanunsuz hərbi birləşmələrə münasibət başqadır, Xankəndində dinc yaşamaq istəyən erməni əsilli vətəndaşlara münasibət bir başqadır.Azərbaycanın Xankəndi ərazisinə mavi qaz boru kəmərləri çəkməsi o deməkdir ki, bizim dinc yaşamaq istəyən erməni əsilli vətəndaşlarımıza münasibətimiz normaldır.  Təbii ki, kim Azərbaycan vətəndaşlığını, konstitusiyasını, qanunlarını qəbul edəcəksə, ona hörmətlə yanaşacaqsa qalıb orda yaşayacaq və digər vətəndaşlar kimi hüquqlardan istifadə edəcəklər.  Vətəndaşlığın öhtəlikləri də var və burada yaşamaq istəyənlər o qaydalara əməl etməlidir”.