Bu gün – iyunun 15-də Ermənistan parlamentində “Vətəndaş sazişi” fraksiyasının deputatı Vaaqn Aleksanyanın çıxışı zamanı “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanla spiker Alen Simonyan arasında gərgin mübahisə yaranıb.
Hafta.az xəbər verir ki, bu haqda “Aykakan Jamanak” nəşri məlumata yayıb.
Məsələ burasındadır ki, Ohanyan Aleksanyanın çıxışını kəsərək yerindən bəzi açıqlamalar verməyə çalışıb, bundan sonra Milli Assambleyanın sədri ona cavab verib və gərgin söhbət başlayıb.
Ohanyan spikerdən ya düzgün qərar verməsini, ya da çıxıb getməsini tələb edib. Parlament sədri isə müxalifət qüvvələrinin liderini zalı tərk etməyə çağırıb.
Ohanyanın Simonyanın qərar verməsi ilə bağlı reaksiyasına Milli Assambleyanın sədri belə deyib: “Əgər qaydaları pozursansa, mən qərar verirəm. Ya sakitcə yerinizdə oturun, ya da çıxın gedin. Mənə elə gəlir ki, sən harada olduğunu, kim olduğunu dərk etmirsən. Yerindən danışmaq mədəniyyətsizlikdir”.
Xatırladaq ki, general-polkovnik Seyran Ohanyan Ermənistanın keçmiş müdafiə naziridir. O, 1992-ci ilin fevralında Xocalı soyqırımını həyata keçirən Rusiyanın 366-cı alayının tərkibindəki batalyonlardan birinin komandiri olub...
S.Ohanyanın parlamentdə rəhbəri olduğu “Hayastan” fraksiyasının siyasi blok kimi ümumi lideri isə digər Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryandır...