Ermənilər Xudavəng kilsəsinə sadəcə ibadət üçün gəlir - Mehman İsmayılov

12:30 18.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Torpaqlarımız işğaldan azad olunduqdan sonra tez-tez bu ərazilərə müxtəlif dini icma nümayəndələrinin səfərləri təşkil edilir.

Belə səfərlərin həyata keçirilməsində təşəbbüskar və dəstəkçi qurum isə Mənəvi Dəyərlərin Təbliği Fondudur. Bəs görəsən, müxtəlif dini icmaların bölgəyə ziyarətləri zamanı hansısa çətinliklər yaşanırmı? Orada yaşayan ermənilər və rus sülhməramlılarının ziyarətçilərə olan münasibəti hansı formadadır?

Hafta.az-ın əməkdaşı Mənəvi Dəyərlərin Təbliği Fondunun hazırki və gələcək fəaliyyəti, görülən işlərlə bağlı qurumun icraçı drektoru Mehman İsmayılovla həmsöhbət oldu. Həmin müsahibəni sizlərə təqdim edirik:

- Mehman bəy, azad olunmuş ərazilərimizdəki ibadətgahlara Alban-udi, pravoslav icmalarının və digər dinlərə mənsub şəxslərin mütəmadi surətdə səfərləri təşkil edilir. Ziyarətlər zamanı hansısa çətinliklərlə qarşılaşmısınız?

- Ərazilərimiz işğaldan azad olunduqdan sonra bizim oradakı tarixi abidələrimizə - Alban irsinə məxsus olan məbədlərə dindarların səfərləri təşkil edilib. Bura ən çox səfər edən dini icma isə müstəqil Alban kilsəsinin indiki daşıyıcıları olan udilərdir. Xristianlığın digər qollarının da səfərləri olur, ancaq ən çox elə az öncə vurğuladığım kimi udilər gedir. Laçında Ağoğlana, Kəlbəcərdə Xudavəngə, Xocavənddə Tuğa və digər başqa azad olunan ərazilərimizdəki məbədlərə səfərlər təşkil olunub. Mənəvi Dəyərlərin Təbliği Fondu olaraq həmin icmaların, ora səfərlərini təşkilinə həm maddi, həm də başqa dəstəklər göstəririk. Doğrusu, bu günə qədər olduğumuz bütün yerlərdə çox yüksək səviyyədə qarşılanmışıq və heç bir maneə ilə rastlaşmamışıq. Təbii ki, səfərlərin hər biri Müdafiə Nazirliyinin maşınları ilə həyata keçirilib. Səfərlərimiz zamanı heç bir çətinliyə rast gəlməmişik.

Ümumiyyətlə, Kəlbəcərdə, Tuğda və digər məbədlərin olduğu ərazilərdə ermənilər yaşamır. Sadəcə Xudavəng kilsəsinə onların bir neçə nümayəndəsi ibadət üçün gəlib-gedir. Onun xaricində heç bir erməniyə rast gəlinmir. Bu məbədlərin hər biri  əcdadlarımızın bizlərə mirasıdır. Onların daşıyıcıları - Azərbaycan vətəndaşı olan xristianlar həmin ibadətgahlarda  dini ayinləri  rahatlıqla yerinə yetirə bilirlər.

- Fond tərəfindən azad olunmuş ərazilərimizdə milli-mənəvi irsin qorunması, onların təbliği baxımından hansı işlər görülür? Yəqin ki, dağıdılan abidələrin və erməni vəhşiliyinin dünyaya çatdırılması üçün beynəlxlq qurumlara müraciətlər də olunur.

- Torpaqlar azad olunduqdan sonra cənab Prezident tərəfindən aidiyyəti orqanlara müxtəlif işləri yerinə yetirmək üçün tapşırıqlar verilib. Bu gün də onlar öz işlərini davam etdirirlər. Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin tabeliyində olan fond olduğumuz üçün işimiz dini icmalarladır. Bu istiqamətdə fəaliyyətlər artıq başlayıb. Kilsələr, məscidlər və digər ibadətgahlara təyinatlar yaxın gələcəkdə baş tutacaq. Bununla yanaşı Mənəvi Dəyərlərin Təbliği Fondu olaraq oradakı dağıdılan mənəvi irsimizi və erməni vandallığını dünyaya çatdırmaq üçün müxtəlif dillərdə videoçarxlar hazırlayıb, bir sıra beynəlxalq təşkilatlara göndəririk. Beynəlxalq ictimaiyyətə məsələni daha səhih çatdırmaq üşün kitablar nəşr edir, məqalələr hazırlayırıq. Bu istiqamətdə xüsusən də dini icmalarla birgə layihələr həyata keçiririk. Əsas missiyamız irsimizin tanıdılması və erməni vandallığının dünyaya çatdırılmasıdır.

-  Şuşada yerləşən Qazançı kilsəsinin təmir edilərək əvvəlki provaslav halına qaytarılması ilə bağlı nələri deyə bilərsiniz? Yəqin ki, bununla bağlı ermənilər tərəfindən aparılan antitəbliğatdan xəbəriniz olmamış olmaz. Mövzuya münasibətinizi öyrənmək istərdk...

- Azərbaycanın fərqli bölgələrində İslam, xristian, yəhudi və digər dinlərə mənsub olan ibadətgahlar var. Bu bizim zəngin irsimiz və tolerantlığımızın göstəricisidir. Elə işğaldan azad olunan Şuşada yerləşən Qazançı kilsəsi də belə məbədlərimizdən biridir. Buranın fəaliyyəti, təmir-bərpası bölgədə görülən işlərin bir parçasıdır. Fondun yaradılmasında əsas məqsədlərdən biri də dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində maarifləndirmə işləri həyata keçirməkdir. Bu baxımdan torpaqlarımızı işğaldan azad etdikdən sonra ilk görülən işlərdən biri məhz Qazançı kilsəsinin təmiri məsələsi oldu. Bu dünyaya bir daha göstərdi ki Azərbaycan dünyavi dövlətdir. Bizdə bütün dinlərə münasibət eynidir. Bir məqamı xüsusi vurğulamaq istəyirəm, o torpaqlar uzun illər bizdə deyildi. Azad edilən zaman biz məscidlərə karikatura çəkilməsi,  onların dağıdılması, eybəcər hala salınması hallarına şahid olduq. Azərbaycan öz yurduna qayıtdıqdan sonra dini ibadətgahlarda təmir başladı. İşğal müddətində məscidlərdə azan səsləri kəsilmişdi. İndi orada azan səsi bərpa olunub. Bununla yanaşı kilsə zəngləri də vurulur. Kilsə zəngi ilə azan səsi qarışır, ilahi bir ahəng yaranır. Bu bir daha bizim  ermənilərlə müqayisə edilməyəcək qədər böyük xalq olduğumuza nümunədir.

- Son olaraq YUNESKO nümayəndələrinin bölgəyə səfəri ilə bağlı sizin mövqeyinizİ öyrənmək istərdik. Bu gün YUNESKO erməni tərəfinin qaldırdığı məsələləri araşdırmaq istəyir, ancaq bizim dağıdılmış ərazilərimizə münasibət bildirmir. Hər iki tərəfdə monitorinq keçirilərsə, siz bu halı siz nə cür qiymətləndirirsiniz?

- Torpaqlar işğaldan azad edildikdən qısa müddət sonra cənab Prezidentin ora səfərləri baş tutdu. Hər dəfə bölgəyə səfər edən prezidentin getdiyi yerlər heç də təsadüfi deyildi. O azad edilən torpaqlardakı  dini və mədəni abidələrin önündən dünyaya səslənirdi. Bu həm də dünyaya bir mesajdır ki, bu abidələr Azərbaycanın ixtiyarında olduqda yüksək səviyyədə qorunurdu. Erməni işğalı müddətində  dağıdılaraq eybəcər hala salınıb. Həmçinin Prezident tez-tez beynəlxalq təşkilatlara çağırışlar da edir. Onlardan biri də YUNESKO-dur.  Bilirsiniz ki, II Dünya müharibəsi zamanı Avropada bir sıra abidələr, mədəniyyət mirasları dağıdıldı. Ardınca onların qorunması ilə bağlı müxtəlif konversiyalar yaradıldı. Müstəqillik qazandıqdan sonra həm Azərbaycan həm də Ermənistan mədəni irsin qorunması ilə bağlı konvensiyalara qoşulublar. Təəssüflər olsun ki, işğal müddətində qoşulduqları heç bir konvensiyanın tələblərinə əməl etmədilər. Əksinə, bu işlərin tərsini müşahidə etdik. İrs elə bir şeydir ki, tək bir xalqa aid deyil, ümumbəşəri dəyərdir. Hansısa bir coğrafi ərazidə yerləşməsi o xalqa aid olduğunu göstərmir. Bu, bütün bəşəriyyətin ortaq dəyərləridir. Azərbaycanın sahib çıxdığı bütün dəyərləri Ermənistan məhv etmək üçün əlindən gələn hər şeyi edib. Bu baxımdan da bizim alnımız tam açıqdır. İstənilən beynəlxalq təşkilat gəlib öz araşdırmalarını apara bilər.