Ermənistanın Kotayk regionunda fəaliyyət göstərən restoranlardan birində atəş açılıb. Oradakı eyş-işrət məclisinin iştirakçıları arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryanın da olduğu qeyd edilir.
Hafta.az xəbər verir ki, bu haqda “Haykakan Jamanak” qəzeti məlumat yayıb.
“Dünən, yanvarın 11-də saat 23:00 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Kotayk Regional Polis İdarəsi və Kotayk Polis İdarəsinə Aramus kəndində fəaliyyət göstərən “Erik Mot” restoranında atışma olması barədə əməliyyat məlumatı daxil olub.
Eyni məlumata görə, sərxoş Tiran Xaçatryan atəş açıb, nəticədə qonşu masada oturan, dava və onun iştirakçıları ilə heç bir əlaqəsi olmayan vətəndaş yaralanıb.
Məlumata görə, Tiran Xaçatryan hadisədən dərhal sonra qaçıb. Hüquq-mühafizə orqanları onu axtarır”- xəbərdə belə deyilir.