Ermənistan Konstitusiyasını kökündən dəyişmək lazımdır - ERMƏNİŞÜNAS ALİM

11:25 03.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın baş naziri fevralın1-də verdiyi bir müsahibədə Ermənistanın 1991-ci ildə  müstəqilliyini elan edərkən qəbul etdiyi Konstitusiya Bəyannaməsinə toxunub. Bu bəyannamədə Dağlıq Qarabağın  Ermənistana birləşdirilməsi haqqında səsləndirilən fikrin zərərli olduğunu deyib. O, bu məsələyə yalnız Azərbaycan və Türkiyənin  baxış bucağından deyil, digər dövlətlərin də mövqeyindən yanaşılmasına diqqət edilməsini deyərək həmin bəyannamənin Ermənistana zərər verdiyini dilə gətirib. Onun sözlərindən belə çıxır ki, bəyannamənin bəzi məqamları Ermənistanın güclənməsinə xidmət etmir”.

Bunu hafta.az-a açıqlamasında Ermənistanın Konstitusiyasının dəyişdirilməsinin zəruriliyindən danışan ermənişünas alim Qafar Çaxmaqlı söyləyib.

“Ermənistan Konstitusiyasının özü də qonşu ölkələrlə münasibətləri sülh məcrasından uzaqlaşdırır. O daha öncələr bu fikri cəmiyyətin müzakirəsinə təqdim etmişdi ki, Konstitusiyaya dəyişikliklər bəzi problemləri həll etməyəcək, onu kökündən dəyişmək lazımdır. Ermənistanda hər kəs bilir ki, Azərbaycan və Türkiyəyə, o cümlədən Gürcüstana qarşı yer alan fikirlər, ideoloji xətt davam etdirilərsə, bölgədə qalıcı sülh olmayacaq”, -deyə davamında həmsöhbətimiz bildirib.

“Ermənistanda bəziləri ölkə Konstitusiyasının yenidən qəbul edilməsi təklifinin Azərbaycandan gəldiyini iddia edirlər. Amma bunun Azərbaycanla əlaqəsi yoxdur. Bəllidir ki, qonşularla münasibətləri sahmana salmaq üçün normal qanunlara malik olmalısan. Bir dəfə də demişəm, əgər Ermənistan 1991-ci il Müstəqillik haqqında Konstutisiya Bəyannaməsini redaktə edib normal hala salmasa və Konstitusiyasını dəyişməsə, Azərbaycan və Türkiyə ilə  müqavilələrin bağlanmasının bir əhəmiyyəti olmayacaq. Bağlanan müqavilə Ermənistanın Konstitusiyası ilə ziddiyyət təşkil etdiyindən onu ratifikasiya etmək mümkün olmayacaq. Bu isə bölgədə sülhü hər zaman təhlükə altında saxlayacaq”, - deyə ermənişünas alim vurğulayıb.