Baydenlə Putin görüşü uğursuz olacaqsa, Ermənistanda da bu senarinin reallaşması ehtimalı artacaq
Keçmiş milli təhlükəsizlik nazirinin müavini, Azərbaycan – Avro-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri, son illər fəaliyyətini əsasən politoloq kimi davam etdirən Sülhəddin Əkbər hafta.az-ın əməkdaşı ilə növbəti söhbətində Ermənistanda seçkiöncəsi yaranmış durum, parlament seçkilərinə qatılan lider və qüvvələrin şansları haqda maraqlı mülahizələr səsləndirib. Həmsöhbətimiz eyni zamanda qarşıdakı bir sıra siyasi görüş və tədbirlərin və xüsusən ABŞ və Rusiya liderləri Co Bayden və Vladimir Putinin iyunun 16-da Cenevrədə gözlənilən görüşünün qəsbkar qonşumuzda, eləcə də Yuxarı Qarabağda gedən proseslərə təsir ehtimallarını incələyib.
- Sülhəddin bəy, artıq Ermənistandakı növbədənkənar parlament seçkilərinə üç həftədən də az bir vaxt qalır. İqtidarı da, müxalifəti də revanşist ritorikadan əl çəkməyən bu qəsbkar ölkədəki mövcud durumu necə dəyərləndirir və seçkilər haqqında hansı proqnozları verirsiz?
- Göründüyü kimi, Ermənistanda vəziyyət çöx mürəkkəbdir və dinamik inkişaf edir. Həm daxildə, həm də xaricdə çoxlu oyunçular var. Amma hələlik mən əvvəlki proqnozumda qalıram ki, Nikol Paşinyan öndədir. Onu nüfuzdan salacaq hansısa böyük bir hadisə baş verməsə, ona verilən səslər nə qədər azalsa da, seçki qutularından birinci siyasi qüvvə kimi çıxacaq. Hələ ki, görünən budur. Seçki günü, yaxud seçkinin nəticələri elan olunduqdan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. O barədə yəqin ki, seçkilərə az qalmış müəyyən mənada dəqiq bir fikir söyləmək olar...
- Bəzi erməni siyasətçi və siyasi analitikləri deyirlər ki, seçkilərdən sonra qanlı qarşıdurmalar da gözlənilir...
- Nəzərə almaq gərəkdir ki, Ermənistan son 44 günlük müharibədə məğlub olubdur və bilirsiniz ki, bu ölkədə iki əsas qarşı duran tərəf var. Bir tərəf özünü birinci Qarabağ savaşının qalibi kimi, digər tərəfi isə ikinci savaşın məğlub olmuşu kimi təqdim edir. Bu qarşıdurmanın taleyini Ermənistan cəmiyyəti həll edəcəkdir. Yəni söhbət ondadır ki, cəmiyyət üçüncü Qarabağ müharibəsini istəyir, yoxsa yox. Bu dəqiqə seçkilərin də əsas sualı budur. Seçkinin nəticələrinə bir növ plebissit (xalqın verdiyi son qərar – S.L.) kimi də baxmaq olar. Əgər Ermənistan cəmiyyəti, çoxluq həqiqətən də üçüncü savaşı istəyirsə, Qarabağda revanş götürmək istəyirsə, o halda Robert Köçəryanın rəhbərlik etdiyi bloka daha çox səs veriləcək. Yox, əgər ermənilər artıq İkinci Qarabağ savaşının nəticələri ilə razılaşırsa, regional inkişafa və rifaha qovuşmaq yolu tutacaqsa, o halda çoxluq Paşinyana səs verəcək...
- Söhbət, əsasən, Ermənistanın öz daxilindəki silahlı vətəndaş qarşıdurmasından gedir...
- Hər şey ola bilər. Hər zaman deyirəm ki, hazırda Yeni Dünya Düzəni və onunla bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Bu ay ərzində çox mühüm və ciddi siyasi görüş və tədbirlər olacağı gözlənilir. Bilirsiniz, iyunun 11-13-də böyük “7”lərin görüşü olacaq. Ayın 14-də NATO-nun sammiti gözlənilir. Orada eyni zamanda Bayden-Ərdoğan görüşü planlaşdırılır. İyunun 15-də ABŞ-Avropa Birliyi sammitidir. Ayın 16-da isə Baydenlə Putinin görüşü olmalıdır. İyunun 18-də İranda, 20-də isə Ermənistanda seçkilərdir. Yəni bu baxımdan qarşıdakı günlər çox kritikdir. Biz də Azərbaycan olaraq prosesi yaxından izləməliyik. Avropadakı görüşlərdə Rusiya və Çin məsələləri müzakirə olunacaq. Qərb kollektiv olaraq Rusiya ilə sərt qarşıdurma xətti götürəcəksə, xüsusən də Baydenlə Putin görüşü uğursuz olacaqsa, Ermənistanda da sizin dediyiniz senarinin, yəni qanlı vətəndaş toqquşmalarının olması ehtimalı artacaq. Qərb-Rusiya-Çin qarşıdurması bütün geosiyasi qarşıdurma xətti boyu gedəcəkdir. Yəni həm Baltik-Qara dəniz xətti, həm Qara dəniz-Xəzər(GUAM) xətti, həm də Hind-Mərkəzi Asiya xətti boyunca buna uyğun proseslər davam edəcək. Hər yerdə hadisə və proseslər kəskinləşəcək. İstər Moldova, istər Ukrayna, istər Gürcüstan, istərsə də Azərbaycan-Ermənistan cəbhəsində, eyni zamanda Əfqanıstan-Mərkəzi Asiya istiqamətində də gərginlik artacaq....
- Yəni demək olarmı ki, Paşinyanın taleyi bir az da Putin-Bayden görüşünün nəticələrindən asılıdır?
- Təbii. Ermənistan kiçik bir dövlətdir. Və hazırda Rusiyanın tam strateji nəzarəti altındadır. Hiss edirsinizsə, Paşinyan hakimiyyəti Kremlin tam nəzarətindən çıxmağa müxtəlif cəhdlər göstərir, axtarışlar içindədir. Bu da Rusiyanın diqqətindən yayınmır. Ermənistanın hazırkı lideri Minsk Qrupunun bərpa edilməsinə çalışır, həmin təşkilatı, xüsusən də Fransanı Azərbaycanla Ermənistan arasındakı demilitasiya və demarkasiya prosesinə cəlb etməyə cəhd göstərir. Və bu baxımdan Ermənistandakı seçkilər həm də bu geopolitik qarşıdurmanın bir proyeksiyası, əksi olacaq...
- Ermənistanla sərhədimizdə demilitasiya və demarkasiya prosesindən söz düşmüşkən, iyunun 2-də Rusiyanın “Kavkazski uzel” portalında Azərbaycanın bir sıra siyasi analitik və siyasət adamları ilə yanaşı, sizin də bu işlərlə bağlı yaranmış gərginliyə münasibətiniz və təkliflərinizi əks etdirən bir açıqlamanızı oxudum. Belə sərhəd problemlərinin asan həllinə nümunə olaraq bir neçəil öncə Rusiya Federasiyasının Dağıstan Respublikası və Azərbaycanın Xaçmaz rayonu ilə sərhədindəki Uryan-Oba və Xrax-Oba kəndlərinin mənsubiyyətinin müəyyənləşdirilməsini göstərmisiz. Zəhmət olmasa, bu mövzuda bir az ətraflı danışardınız...
- Təəssüf ki, adını çəkdiyiniz Rusiya nəşrinə belə bir açıqlama verməmişəm. Məsələ belə olub. Fərid adlı şəxs telefon vasitəsilə Azərbaycan-Ermənistan sərhədlərindəki demilitasiya və demarkasiya işləri ilə bağlı Rusiyanın “Kavkazskiy uzel” nəşri üçün açıqlama götürməsini istədi. Ancaq mən dərhal bundan imtina edərək bildirdim ki, bu sahə üzrə mütəxəssis deyiləm. Müxbirə mövzu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə və ya həmin sahə üzrə mütəxəssislərə müraciət etməyi məsləhət gördüm. Odur ki, bir daha sizin qəzet və veb-saytınız vasitəsilə 2 iyun tarixində adı çəkilən Rusiya nəşrinə sözügedən mövzuda heç bir açıqlama vermədiyimi və həmin saytda dərc olunmuş materialda adımdan verilən fikirlərin heç birinin mənə aid olmadığını bildirmək istəyirəm. Sonradan adı çəkilən saytın müxbiri ilə əlaqə saxladım və o, özü də məndən üzr istədi və etiraf etdi ki, onun təqdim etdiyi audiomaterialın redaksiya tərəfindən nəşrə hazırlanması zamanı xətaya yol verilib...
- Sülhəddin bəy, bəs Birləşmiş Ştatlar və Rusiya liderlərinin 16 iyun Cenevrə görüşünün nəticələri Azərbaycanın Yuxarı Qarabağ, Laçın “dəhlizi” adlanan torpaqlarındakı prosesləri hansı istiqamətə yönləndirə bilər? Nəzərə alaq ki, məhz Rusiya Prezidenti Putinin vasitəçiliyi ilə imzalanmış 10 noyabr üçtərəfli razılaşmasına əsasən artıq 7 aya yaxındır ki, adı çəkilən ərazilərdə Rusiyanın sülhməramlı sayılan hərbi kontingenti də fəaliyyət göstərir...
- Yenə təkrar edirəm: Ermənistanın son 30 ildən çox müddətdə Azərbaycana qarşı apardığı düşmənçilik əslindəki beynəlxalq güclər arasındakı geosiyasi bir münaqişədir. Ümumiyyətlə, Qarabağ savaşı Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət savaşı idi və siz də gördünüz ki, Azərbaycan Rusiyanın vəkilinin,yəni Ermənistanın başını əzən kimi Rusiya özü necə ortaya çıxdı. Yəni arxadan şillə vurana bir sərt cavab şilləsi vuran kimi şillə vuranın sahibi peyda oldu. Xülasə, bu onsuz da geopolitik bir savaş idi. İndi də buraya tamamilə fərqli bir geopolitik ölçü əlavə olunub. Söhbət Böyük Britaniya və Çinin “Bir kəmər-bir yol” layihəsi, meqa-projesindən gedir. Yəni İkinci Qarabağ savaşının arxasında bu geo-iqtisadi məsələ dayanırdı. Bu baxımdan bu savaş artıq çoxdan mürəkkəb geopolitik, geostrateji, geoekonomik bir savaş elementinə çevrilib. O mənada həmin geo-siyasi qarşıdurmanın nəticələri bu və ya digər şəkildə Azərbaycan-Ermənistan cəbhəsindəki, o cümlədən konkret olaraq Yuxarı Qarabağdakı Rusiya dırnaqarası “sülhməramlıları” məsələsinə də təsir göstərə bilər...