Estoniya 200 min ukraynalı qaçqın üçün Lvova ərzaq və gigiyena vasitələri göndərəcək

17:35 21.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Estoniya Ukraynanın Lvov şəhərinə 200 min qaçqın üçün ərzaq və gigiyena vasitələri göndərəcək. Bu barədə məlumatı Tallin şəhər idarəsinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilib ki, humanitar yardım qismində balıq və ət konservləri, peçenye və şirniyyatlar, çay və kofe, şampunlar, duş gelləri, salfetlər, diş pastası və fırçalar, sabun və s. göndəriləcək. Qeyd edilib ki, bu yardımdan əlavə Lvova adyallar, yastıqlar, yataq dəyişəyi və yuyucu toz yola salınacaq.

“Hazırda Ukrayna şəhərlərinin qaçqın axınının öhdəsindən gəlmək üçün humanitar yardıma, eləcə də onların avropalı həmkarlarının mənəvi dəstəyinə ehtiyacı var. Biz müharibədən sonra iki şəhər arasında mədəni və işgüzar əlaqələrin inkişaf etdirilməsinə başlayacağımıza dair Lvov meri ilə razılıq əldə etmişik”, – deyə Tallin meri Mixail Kılvart vurğulayıb.

AZƏRTAC