Azərbaycanda son bir ayda qida təyinatlı heyvandarlıq məhsullarının qiymətində ciddi artım müşahidə edilir. Müşahidələr göstərir ki, qiymət artımı mal və qoyun ətində, toyuq əti və onun hissələrinin satışında, eləcə də kərə yağında baş verib. Son bir ayda dana ətinin bir kiloqramının pərakəndə satış qiyməti 14-14,5 manatdan 15,5-16 manata, quzu ətinin bir kiloqramının qiyməti 17-18 manatdan 19-20 manata, kərə yağının kiloqramının qiyməti 18-19 manatdan 20-22 manata, toyuq ətinin qiyməti isə 5-5,9 manatdan 6-6,3 manata qədər yüksəlib. Ekspertlərə görə, sözügedən qida məhsullarının qiymətinin artmasının əsas səbəbi Azərbaycanda yem qiymətlərinin yüksəlməsi və idxal bazarlarında qiymətlərin bir qədər artmasıdır. Belə ki, mal və qoyun yemləri arasında ən çox istifadə edilən yoncadır. Son bir ayda yonca bağlamalarının qiyməti təxminən 50 faiz artıb. Əvvəllər 3 manata satılan yonca bağlamasının dəyəri hazırda 4,5 manata təklif edilir. Əsas yem məhsulunun bahalaşması mal və qoyun bəsləyənlərin xərclərində ciddi artıma səbəb olub. Buna görə də heyvan bazarlarında topdan satış qiymətləri artırılıb. Topdan satış qiymətlərinin artırılması isə öz növbəsində pərakəndə satış qiymətlərində də artıma əsas yaradıb. Mal və qoyun ətinin bahalaşması toyuq ətinin qiymətinə də təsir edib. Adətən mal ətinin qiyməti yüksəldikdə əhali toyuq ətinin istehlakını artırır ki, bu da bazarda əlavə tələb yaradır. Buna görə də toyuq ətinin qiymətində də oxşar dəyişiklik baş verir.
Ət qiymətlərinin yüksəlməsinə idxal bazarlarındakı qiymətlər də təsir edir. 2024-cü ilin yanvarında Azərbaycana idxal edilən ətin bir kiloqramının orta qiyməti 1,92 dollar (3,26 manat) olduğu halda, avqustda 2,2 dolları (3,74 manat) ötüb. Bu qiymətlərə mal, qoyun, toyuq ətinin orta qiyməti daxildir.
İdxal edilən kərə yağının qiymətində də son aylarda artım hiss olunur. İlin əvvəlində 5,3 dollara (9 manat) idxal edilən kərə yağı son aylarda 6 dollara (10,2 manat) idxal edilib. Təbii ki, mal, qoyun, toyuq ətlərinin və kərə yağının bahalaşması əhalinin ərzaq xərclərində ciddi artımla nəticələnəcək.
Yeri gəlmişkən, Azərbaycan əhalisinin ərzaq məhsulları arasında tərəvəzdən sonra ən çox pul ətin alışına xərclənir. Ötən il müxtəlif növ ət və ət məhsullarının alınmasına 4,5 milyard manat pul ayrılıb, kərə yağının alışına isə 882 milyon manat xərclənib. 2023-cü il ərzində də ət, ət məhsulları və kərə yağı bahalaşmışdı. Ötənilki bahalaşmadan sonra əhalinin bu növ məhsulların alışına çəkdiyi xərc təxminən 660 milyon manat artıb. Cari ildə baş verən bahalaşmadan sonra həmin məhsulların alışına ayrılacaq pul vəsaitində yenidən böyük artım olacağı proqnoz edilir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, son illər Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə azalıb: “Demək olar ki, heyvandarlığın inkişafı diqqətdən kənarda qalıb. Örüş sahələri tamamilə azalıb, həmin sahələrdə başqa bitkilər becərilir. Digər səbəb, heyvandarlıq üçün yem bazasının zəifləməsidir. Bu il yağıntılı bir il oldu. Havalar qeyri-sabit keçdi. Bu da yem bazası kimi ot istehsalı məhsuldarlığına çox ciddi zərbə vurdu. Ot biçilir, ot biçiləndən sonra yağış yağır. Biçilən otun üzərinə yağış düşürsə, deməli, otun keyfiyyəti 70-80 faiz azalır, dəyərsiz yem məhsuluna çevrilir. Ona görə də bu il otun məhsuldarlığı çox aşağıdır.
Üstəlik, keyfiyyətli yem sahələri az olduğuna və keyfiyyətli
yem komponentlərinin qiymətləri bahalaşdığına görə, yem də bahalaşıb. Ona görə, bir tərəfdən heyvandarlıqla məşğul olanlar azalıb, digər tərəfdən də heyvandarlıq məhsullarının maya dəyəri artıb. Bu səbəbdən də hətta yay aylarında belə ətin qiyməti ucuzlamaq əvəzinə daha da artdı. Biz son 2 ildir ki, bazarda bu tendensiyanı müşahidə edirik”.
Ekspert qeyd edib ki, bahalaşma qış aylarında da davam edəcək: “Bahalaşmanın qarşısını almaq üçün hökümət tədbir görməlidir. Tədbir ondan ibarət olmalıdır ki, örüş yerləri heyvandarlıqla məşğul olan sahibkarlara qaytarılmalıdır. İşğaldan azad olunan ərazilərdə minalardan təmizlənmə prosesinə daha çox diqqət ayrılmalıdır ki, həmin ərazilərdəki örüş sahələri açılsın və bu örüş sahələrindən fermerlərimiz tam gücü ilə istifadə edə bilsin. Bilirik ki, işğaldan azad edilən ərazilərdə daha çox heyvandarlıqla məşğul olurlar. İşğaldan azad olunmuş ərazilərdə minadan təmizlənməmiş sahələrin genişlənməsi və örüş yerlərinin açılması daha çox gözləniləndir. Ümid edirəm ki, yaxın bir neçə il ərzində bu proses davamlı şəkildə inkişaf edəcək. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdaraq yenidən həmin ərazilərdə heyvandarlıqla məşğul olub, ölkənin digər ərazilərini heyvandarlıq məhsulları ilə təmin edəcəklər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə kərə yağının bahalaşma səbəblərinə toxunaraq deyib ki, əslində keyfiyyətli kərə yağının qiyməti yüksək olmalıdır: “Normal kərə yağı əldə etmək üçün 20 litr orta yağlılıq dərəcəsi olan süd lazımdır. Kərə yağının qiyməti 19-20 manat olmalıdır. Azərbaycan bazarı dünya bazarından asılıdır. Amma qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər. Bazarımızda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur, lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin".
E.Hüseynov hesab edir ki, qiyməti tənzimləmək üçün idxal ölkələrinin sayı artırılmalıdır: “Yeni Zelandiyada Azərbaycana yağ göndərən zavodda, onlara süd verən təsərrüfatlarda oldum. Məlum oldu ki, orada heyvanlar daim otlaqlarda olurlar. Bu səbəbdən onlarda yağ daha ucuz başa gəlir. Həmçinin, Azərbaycana Almaniyadan da yağ göndərilir. Niderland, Peru kimi kənd təsərrüfatı inkişaf etmiş ölkələr mövcuddur. Azad bazar şəraitinin bütün imkanlarından istifadə etmək lazımdır ki, daha çox xarici ölkələrdən yağ idxal olunsun. Belə olarsa, yağın qiymətində ucuzlaşma baş verə bilər".
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirir: “Onlar idxal məhsullarının qiymətinə həssas yanaşır. Çünki idxal faktoru süd və yağ məhsullarında daha çoxdur. Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və s. bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır. Başqa sözlə,
Azərbaycan yağ idxalında xaricdən asılı olduğundan dünya bazarında baş verənlər birbaşa daxili bazara təsir edir. Hazırda Azərbaycan kərə yağını əsasən Rusiya, Belarus, İran, Yeni Zelandiya kimi ölkələrdən gətirir”.