İsrail Maliyyə Nazirliyi oktyabrın 7-dən etibarən fələstinli işçilərin İordan çayının qərb sahilindən İsrailə daxil olmasına icazə verilməməsinin ölkəyə baha başa gəldiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Parlamentin Xarici İşçilər Komitəsində çıxış edən nazirliyin nümayəndəsi, “Hesablamalara görə, fələstinli işçilər işə getməsələr, aylıq zərər təxminən 3 milyard şekel olacaq” deyib.
7 oktyabr hücumlarından sonra İordan çayının qərb sahilində yaşayan və işləmək üçün hər gün İsrailə keçən 150 mindən çox fələstinli işçinin ölkəyə girişinə icazə verilməyib.
Bundan əlavə, əhəmiyyətli bir hissəsi tailandlı olan 10 mindən çox xarici işçi də hücumlardan sonra İsraili tərk edib. İsrail mətbuatında yer alan xəbərlərdə ölkədəki işçi çatışmazlığını doldurmaq üçün ilk mərhələdə 30 mindən çox xarici işçiyə ehtiyac olduğu bildirilib.
İsrail rəhbərliyi keçən həftə İordan çayının qərb sahilindən 8-10 min işçinin öz işlərinə qayıdacağını açıqlamışdı. Qərarın fabrik və iş yeri sahiblərinin təzyiqindən sonra verildiyi düşünülür.
İsrail İnşaatçılar Dərnəyinin prezidenti Raul Sarqo "Biz çııxlmaz vəziyyətdəyik. Sənaye tam dayanma nöqtəsindədir və müəssisələr gücünün yalnız 30 faizi ilə işləyə bilir. Tikinti sahələrinin yarısına qədər bağlandı. Bu vəziyyət İsrail iqtisadiyyatına və daşınmaz əmlak sektoruna təsir edir” deyib.
Xarici İşçilər Komitəsinə sədrlik edən “Likud” millət vəkili Eliyahu Revivo, "İsrail dövləti fələstinlilərin əlindən kömək alıb-almayacağına qərar verməlidir. Başqa bir həll tapılmadıqca, dövlət fələstinli işçilərindən asılı olacaq. Hökumət ayağını sürüyür” deyə şikayətlənib.
İsrail iqtisadiyyatının son rübdə 2 faiz azaldığını xatırladan ABŞ-da nəşr olunan “New York Times” qəzeti də xarici işçilərin olduğu kimi, İsrailli işçilərin də hərbi xidmətə çağırıldığını və ölkədəki işçi qüvvəsinin yüzdə 20 azaldığını vurğulayıb.