Finlandiya Rusiya ilə sərhədi açmaq üçün qanunu dəyişdirir

09:25 18.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Finlandiyanın Daxili İşlər Nazirliyi miqrantların sığınacaq üçün müraciətlərini tənzimləyən yeni qanun layihəsi hazırlayıb. Layihə qanuna çevrilərsə, bağlanan Rusiya sərhəd qapıları yenidən açılacaq.

Hafta.az-ın yazdığına görə, Daxili İşlər Nazirliyi Rusiya sərhədində “instrumental miqrasiya” ilə mübarizə üzrə müvəqqəti tədbirlər haqqında qanun layihəsi təqdim edib.

Yeni qanun layihəsinə görə, Rusiya sərhədində sığınacaq üçün müraciətlər qəbul edilməyəcək və sığınacaq axtaranların ölkəyə girişi yasaqlanacaq. Bu, Finlandiyanın şərq sərhədində sözügedən tədbirdən təsirlənməyənlər üçün keçid məntəqələrinin açılmasına imkan verəcək.

Bundan əlavə, sığınacaq axtaranlar eyni məqsədlə başqa ölkəyə göndərilə bilər.

"Qanun layihəsi yalnız ciddi instrumental miqrasiya hallarında tətbiq ediləcək və Finlandiyanın başqa yerlərində beynəlxalq müdafiə üçün müraciətlərə təsir göstərməyəcək", - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəd həm də şərq sərhədindəki keçid məntəqələrinin daşınma üçün açılmasına icazə verəcək. Belə ki, yeni qanun “yalnız nəqliyyat vasitələrinin daxil olduğu hallarda beynəlxalq mühafizə üçün müraciətlərin qəbulunu məhdudlaşdıracaq”.

Səlahiyyətlilər qanunun ən qısa zamanda qüvvəyə minməsini gözləyir. Bundan əlavə, yeni qanun müvəqqəti xarakter daşıyacaq və bir il müddətinə qüvvədə olacaq.

Finlandiya Rusiya qeyri-qanuni miqrantların keçdiyini əsas gətirərək quru sərhədlərini bağlayıb.