Finlandiya hökuməti bəyan edib ki, Rusiya sərhədindəki vəziyyəti “çox ciddi və narahatedici” hesab edir, ona görə də sərhəd qapılarını yenidən açmaq mümkün deyil.
Hafta.az-ın yazdığına görə, Finlandiyanın baş naziri Petteri Orpo deyib: "Şərq sərhədinin arxasında məqsədi qeyri-qanuni yollarla Finlandiyaya gəlmək olan insanlar var. Söhbət yüzlərlə yox, minlərlə insandan gedir. Ona görə də sərhədlərin bağlanması qərarını ləğv edə bilməyəcəyimiz aydındır. Eyni zamanda davam edən qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizə tədbirləri görülməlidir”.
Baş nazirin sözlərinə görə, səlahiyyətlilər sərhəd açılana qədər qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün tədbirlər hazırlamalıdırlar.
Finlandiya hakimiyyəti 2023-cü il noyabrın ortalarından etibarən Rusiya sərhədindəki keçid məntəqələrinin fəaliyyətini məhdudlaşdırmağa başlayıb və ilin sonuna qədər hamısını bağlayıb.
Sonuncu dəfə yanvarın 11-də keçid məntəqəsinin bağlanması fevralın 11-dək uzadılıb.
Finlandiya hökuməti belə tədbirləri Rusiya ərazisindən gələn çoxlu sayda qeyri-qanuni mühacirlərə qarşı görülən tədbirlərlə izah edib.