Fransa həmişə Ermənistanı müdafiə edir - Politoloq

18:59 11.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransanın Cənubi Qafqazda özü üçün müttəfiq seçdiyi dövlət Ermənistandır və bütün imkanları ilə bu ölkəni müdafiə etməkdə davam edir. Fransa uzun illərdir kimin seçilməsindən asılı olmayaraq bu mövqeyini dəyişməyib”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov erməni lobbisi tərəfindən dəstəklənən Qarabağa qanunsuz səfər etmiş prezidentliyə namizəd Valeri Pekressin seçkilərdə 5%-dən az səs toplamasına münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, Fransada olan erməni lobbisi və erməni milliyyətindən olan insanlar tək Pekressə deyil,  seçkilərdə iştirak edən qatı ermənipərəst olan Lepenə də dəstək olublar. Onun fikrincə, Nikol Paşinyanın kimisə Ermənistana dəvət edib-etməməsi də bu münasibətləri dəyişmir. Çünki söhbət fərdlərdən yox, sistemdən, ölkənin siyasətindən gedir. Ölkənin siyasəti də ermənilərin yanında durmaqdır.  

“Fransada kimin seçilməsinin elə bir əhəmiyyəti yoxdur. Bundan əvvəlki prezidentlər də Azərbaycan-Ermənistan  münaqişəsinə eyni prizmandan yanaşaraq erməniləri müdafiə edən mövqe nümayiş etdiriblər”.

Bu mənada politoloq hesab edir ki, Fransada keçirilən seçkilərin nəticələrində sürpriz heç bir şey yoxdur. Əvvəldən də planlaşdırıldığı kimi namizədlərdən hər hansı birinin 1-ci turda qalib gəlməsi imkansız idi. Belə proqnozlaşdırılırdı ki, ikinci tura indiki prezident Makron və Milli Birlik Partiyasının rəhbəri Maren Lepen keçəcək, elə də oldu.