Fransa Milli Assambleyası ölkənin 7 illik müdafiə büdcəsinin 413 milyard avroya qədər artırılmasını təsdiqləyib və hökumət bunu ölkənin müdafiə qabiliyyətini qorumaq üçün zəruri addım adlandırıb.
Hafta.az-ın “Le Figaro”ya istinadən yazdığına görə, “2024-2030-cu illər üçün hərbi planlaşdırma haqqında” qondarma qanun layihəsini Fransa parlamentinin aşağı palatasının 408 deputatı dəstəkləyib, 87 deputat isə əleyhinə səs verib. Əleyhinə çıxanlar solçu Kommunist Partiyasının və “Fransa Üsyankarları” qrupunun nümayəndələri olub.
Qanun layihəsinin parlamentin yuxarı palatası olan Senatda yekun qəbulu iyulun 14-nə planlaşdırılır, bundan sonra o, prezident tərəfindən imzalanmalıdır.
Sənəddə Fransanın müdafiə büdcəsinin 2023-cü ildə isə 44 milyard avroya, 2030-cu ildə isə 69 milyard avroya çatdırılması nəzərdə tutulur. Beləliklə, növbəti 7 il ərzində xərclər tədricən 3-4 milyard avro artacaq.
Fransanın müdafiə naziri Sebastien Lekornu xərclərin artmasına səbəb kimi terror təhlükəsi, Ukraynadakı müharibə, kosmosun hərbiləşdirilməsi və kiberhücumların mürəkkəbləşməsini göstərib. Həmçinin əlavə maliyyələşdirmə inflyasiyanın təsirini yumşaltmalıdır.
2030-cu ilə qədər Fransa Müdafiə Nazirliyi 150-yə qədər “Jaguar” zirehli maşını və üç əlavə freqat almağı planlaşdırır. Fransanın nüvə hücumunun qarşısının alınması ilə bağlı proqramlar və 2038-ci ilə qədər yeni nəsil təyyarədaşıyan gəminin tikintisi qrafiki də var.
Əlavə “Rafale” döyüş təyyarələrinin alınması isə 2032-ci ilədək təxirə salınacaq. Kosmik proqram da bir qədər qısaldılacaq - üçüncü rabitə peyki “Syracuse IV” orbitə buraxılmayacaq.
Qanun layihəsinin müzakirə olunan yeniliklərindən biri də Fransanın silahlı qüvvələrində ehtiyatda olan hərbçilərin yaş həddinin 60-65 yaşdan 70 yaşa qədər artırılmasıdır. Eyni zamanda, yeni müdafiə büdcəsi Ukraynanın hərbi dəstəyinə təsir etməyəcək.