Fransada şübhəlilərin telefonu izləniləcək - Qanun qəbul edildi

10:15 09.06.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Fransa Senatı qanun layihəsinin şübhəlilərin telefonlarındakı kamera və mikrofonların işə salınmasına və uzaqdan izlənməsinə icazə verən müvafiq maddəsini qəbul edib.

Hafta.az-ın “Euronews” telekanalına istinadən yazdığına görə, Fransa Senatı şübhəli şəxslərin rəqəmsal cihazlarına uzaqdan müdaxiləyə imkan verən “Ədalət Qanunu” adlanan qanunu müzakirə edir. Senat, "terror və mütəşəkkil cinayət" kimi hallarda şübhəlilərin telefon, kompüter və planşet kimi rəqəmsal cihazlarından səs və video yazmaq üçün mikrofon və kameraların işə salınmasını təmin edən qanun layihəsinin 3-cü maddəsini qəbul edib. Bununla da əvvəldən qanunun qəbuluna qarşı çıxan sol partiyaların bütün cəhdləri uğursuz alınıb.

Fransa İnsan Haqları Dərnəyinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Azadlıqları Müşahidə Qrupu (OLN) qanun layihəsinin müvafiq maddəsinin azadlıqları pozduğunu əsas gətirərək qanunun qəbulunu pisləyib.

Senat iyunun 13-dək qanunun digər müvafiq maddələrinin müzakirəsini və səsverməsini davam etdirəcək.

Bir çox vətəndaş, xüsusilə də insan haqları təşkilatları və müdafiəçiləri, eləcə də müxalifət tərəfindən "azadlıqların məhdudlaşdırılması"na görə tənqid edilən qanun layihəsi ağır cinayətlərin törədildiyi ünvanlara gecə basqınlarının əhatə dairəsinin genişləndirilməsini və hökumətə ibtidai araşdırmaların müddətinin uzadılmasına icazə verilməsini ehtiva edir.

Qanun layihəsinin bəzi maddələri, məsələn, şübhəlilərin rəqəmsal cihazlarına uzaqdan müdaxilə hakimin qərarı ilə mümkün olacaq.

Bəzi senatorların etirazı ilə “5 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şübhəli işlərdə” cihazların yerinin monitorinqi ilə bağlı maddə “ən azı 10 il həbs nəzərdə tutulan şübhəli hallar”a dəyişdirilib.

Qanun layihəsi Senatda qəbul olunarsa, Milli Assambleyada qanunvericilərin təsdiqinə təqdim ediləcək.