2026-cı ildə Azərbaycan iqtisadiyyatının real ifadədə 2.9 faiz artacağı gözlənilir.
Hafta.az Hesablama Palatasına istinadən xəbər verir ki, gələn il ümumi daxili məhsulun (ÜDM) həcminin 134 milyard 100 milyon manat olacağı proqnozlaşdırılır.
Ortamüddətli dövr üçün təqdim edilən proqnozlar göstərir ki, 2029-cu il istisna olmaqla, neft sektorunda azalma gözlənilir. Bu baxımdan, ÜDM üzrə həm nominal, həm də real artımın tam şəkildə qeyri-neft və qeyri-qaz sektorunun hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorundakı artıma isə bütün sahələrin töhfə verəcəyi planlaşdırılıb.
Strateji məqsədlər üzrə müəyyən edilmiş əsas indikatorlar dövlət büdcəsinin tərtibində baza kimi qəbul olunan makroiqtisadi göstəricilərin formalaşdırılması zamanı da əsas diqqət mərkəzində saxlanılıb.
2025-ci ilin dövlət büdcəsi layihəsində ortaillik inflyasiya 4.6 faiz səviyyəsində proqnozlaşdırılmışdı. Lakin 2026-cı ilin büdcə layihəsi hazırlanarkən 2025-ci il üzrə gözləntilər yenidən qiymətləndirilərək 5.4 faizə yüksəldilib. "Büdcə zərfi"ndə təqdim olunan məlumata görə, 2026-cı il üçün ortaillik inflyasiyanın 4.8 faiz olacağı gözlənilir.
Hesabat dövründə dövlət tərəfindən qiymətləri tənzimlənən bəzi məhsul və xidmətlərin əvvəlki qiymət artımlarının gecikmiş təsiri, həmçinin cari ilin gözlənilən inflyasiya rəqəmi nəzərə alınmaqla, 2026-cı il üzrə inflyasiya proqnozlaşdırılarkən optimist yanaşma tətbiq edilib.
Qeyd edək ki, 2024-cü ildə ÜDM 126 milyard 300 milyon manat, qeyri-neft-qaz ÜDM-i 75 milyard 300 milyon manat, iqtisadi artım isə 4.1 faiz olub. Bu il ÜDM-in 129 milyard 200 milyon manat, qeyri-neft-qaz ÜDM-in 92 milyard 200 milyon manat, iqtisadi artımın isə 3.5 faiz olması proqnozlaşdırılıb. Gələn il ÜDM-in 134 milyard 100 milyon manat, qeyri neft-qaz ÜDM-in 101 milyard 700 milyon manat, iqtisadi artımın isə 2.9 faiz səviyyəsində olacağı gözlənilir.