Gəncə qaymağının təbiiliyi araşdırılsın – Eyyub Hüseynov

14:00 08.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu gün ölkəmizdə süd məhsullarının satışında bir sıra  problemlər var. “Gəncə qaymağı” adı altında satılan qaymaq buna misaldır.

Bu fikirləri hafta.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib.

Onun sözlərinə görə, bəzən görürük ki, körpə qidaları ilə qarışdırılan südləri plastik qablara töküb, sonluğuna əmzik taxıb balacalara verirlər. Bu hal yolverilməzdir:

“Hazırda ölkədə plastik qablardan imtina prosesi gedir. Yaxşı olardı ki, vətəndaşlar mümkün qədər şüşə qablarda satılan süd və qatığa üstünlük versinlər. Açıq satılan qaymaqlar, əslində, qaymaq deyil. Hazırda Gəncədən paytaxta gətirilən külli miqdarda qaymaq Azad İstehlakçılar Birliyinin diqqətindədir. Tədqiq etmişik ki, heç Gəncə şəhərində o qədər camış təsərrüfatı da yoxdur. Aidiyyəti qurumlara sizin vasitənizlə müraciət edirəm ki, Gəncə qaymağının təbiiliyi araşdırılsın. Təəssüflər olsun ki, işə nəzarət edən rəsmi orqanlar susur”.