Son vaxtlar İslam dünyasının mənəvi mərkəzi olan Səudiyyə Ərəbistanı Krallığı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Ən son olaraq, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri, Misir, İordaniya və İraqın, eləcə də ABŞ-ın iştirakı ilə keçirilən Ciddə Təhlükəsizlik və İnkişaf Sammitindən sonra keçirilən mətbuat konfransında maraqlı bir fikir səsləndirib. Deyib ki, sitat: regional və ya qlobal gündəmə sahib olmaq istəyənlər Səudiyyə Ərəbistanı ilə əlaqələrini gücləndirməlidirlər.

Bin Ferhanın sözləri Səudiyyə Ərəbistanının son illər ev sahibliyi etdiyi bir çox mühüm müstəsna zirvə toplantılarını xatırladıb. Koronavirus epidemiyası ilə əlaqədar qlobal qapanmaların sona çatmasından sonra qısa müddətdə mütəmadi hazırlıq işləri görüldü və Ciddə Təhlükəsizlik və İnkişaf Sammiti keçirildi. Bu sammitin Ukrayna böhranının birbaşa strateji təsiri altında olduğu da göz qabağındadır. Ukraynadakı böhran qida tədarük zəncirlərində fasilələrə, qlobal enerji bazarlarında dalğalanmalara və münaqişələrə səbəb olub. Bir çox müşahidəçilər ABŞ prezidenti Co Baydenin Ciddəyə səfərinin əsas məqsədini “qlobal enerji” məsələsi ilə bağlı olduğunu hesab edir. Hnası ki, məhz Bayden prezident seçiləndən sonra Səudiyyə Ərəbistanı ilə ABŞ arasında gərginlik diqqət çəkir.
Sammitlər
Səudiyyə Ərəbistanının mühüm “qlobal zirvələr” hekayəsi Ciddə Təhlükəsizlik və İnkişaf Zirvəsi ilə başlamayıb. Səudiyyə Ərəbistanı son illər böyük toplantılara ev sahibliyi edib. Bu müstəvidə Krallıqda müxtəlif səviyyələrdə, ilk növbədə, siyasi mahiyyətli çoxsaylı fövqəladə görüşlər keçirilib.

Müşahidəçilərin fikrincə, Səudiyyə Ərəbistanının 2030-cu ilə qədər hədəflərini elan etdikdən sonra ölkə “açıq seminar”a çevrilib. Bu “açıq seminar”da çoxlu sammitlər, görüşlər, forumlar və konfranslar keçirilib, siyasət, iqtisadiyyat, inkişaf və texnologiya ilə bağlı gündəmlər müəyyən edilib.
Səudiyyə Ərəbistanının həm də qeyri-siyasi görüşlərə ev sahibliyi etməsi son 10 ildə ölkədə baş verən bir çox dəyişikliklə bağlıdır. O cümlədən xarici investorlara və turistlərə qapıların açılması, əvvəllər diqqətdən kənarda qalan sektorların canlandırılması, məhkəmə islahatlarının və investisiya qanunlarının təkmilləşdirilməsi bu dəyişikliklərdən sayıla bilər. Eyni zamanda, idman, incəsənət, musiqi, dini yarışmalar, kibertəhlükəsizlik və yeni texnologiya sahələrində təşkil etdiyi görüş və fəaliyyətlərlə Səudiyyə Ərəbistanının barəsində beynəlxalq fikirləri də dəyişdirib. Hazırda Səudiyyə Ərəbistanı Krallığının demək olar ki, hər sektorda ən mühüm toplantılara ev sahibliyi etməsi adi haldır.
Livanlı politoloq Nidal əl-Seba qeyd edir ki, “bölgədəki bir çox ölkələr mənfi ictimai hadisələrə, o cümlədən bir çox sabit və inkişaf etməkdə olan ölkələrə zərbə vurmuş ekstremizmə məruz qalır”, lakin Səudiyyə Ərəbistanının istisnalardan biri olduğuna inanır. Sebanın sözlərinə görə, “Hədəf 2030” təkcə regionda deyil, qlobal səviyyədə də “alovlandıran rəqabətə” nail olub. Mənfi gündəmləri faktiki olaraq ortadan qaldıran “Hədəf 2030” xüsusilə iqtisadiyyat və inkişaf sahələrində bölgə əhalisinə fayda verəcək “rəqabət gündəmi” yaradıb.
Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumu kimi, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın 2016-cı ilin aprel ayında “Hədəf 2030” proqramının başladığını elan etməsindən sonra “Səhra Davosu” kimi tanınan “Gələcək İnvestisiya Təşəbbüsü” zirvə toplantısı keçirildi.

Səhra Davosu Səudiyyə Ərəbistanının Sərvət Fondu tərəfindən təşkil edilən beynəlxalq sammit idi və beynəlxalq təşkilatlara genişmiqyaslı biznes sövdələşmələri aparmaq, Səudiyyə Ərəbistanında iqtisadi inkişaf, o cümlədən texnologiya, qlobal idarəetmə, ətraf mühitlə bağlı məsələləri müzakirə etmək imkanı təklif edirdi. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın başçılıq etdiyi sammitdə on milyardlarla dollar dəyərində biznes və investisiya müqavilələri imzalanıb. Bölgəyə açılmaqda maraqlı olan iri şirkətlər və investorlar vaxtaşırı olaraq sammitə maraqlarını davam etdirirlər.
“Yaşıl Orta Şərq”
Başqa bir tədbir - G20 Liderlər Zirvəsi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin sədrliyi ilə 2020-ci ildə paytaxt Ər-Riyadda keçirilib. Ər-Riyad 2020-ci ilin noyabrında dünyanın 20 ən böyük iqtisadiyyatının daxil olduğu qrupa ev sahibliyi edən G20 sammitinə ev sahibliyi etdi.

Körfəz ölkələri qlobal enerji ehtiyacının üçdə birini ödəsələr də, əvvəllər G20-nin üzvü olmayıblar və qonaq qismində dəvət edilməyiblər. Səudiyyə Ərəbistanının G20 Zirvə toplantısına ev sahibliyi etməsi Körfəz bölgəsinə mühüm bir ölçü əlavə etdi. Sözügedən toplantıda təxminən 16 min adam iştirak edib və iştirakçıların digər yığıncaqlardakından 40 faiz çox olması diqqət çəkib. Açılış nitqində Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Kovid-19 epidemiyası şəraitində sammitə ev sahibliyi etməyin önəmini vurğulayıb. Kral Salman Səudiyyə Ərəbistanının üç qitəni birləşdirən, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələri birləşdirən geostrateji mövqeyinə də toxunub.
Səudiyyə Ərəbistanı həmçinin ətraf mühit və iqlim böhranı ilə bağlı beynəlxalq miqyasda çox gərgin bir dövrdən keçərkən təmiz enerjidən istifadəni təmin edən və emissiyaları azaldan regional təşəbbüsə rəhbərlik edib. Bu çərçivədə Ər-Riyadda keçirilən sammitdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman tərəfindən “Yaşıl Səudiyyə Ərəbistanı” və “Yaşıl Orta Şərq” təşəbbüsləri elan edilib.
Siyasi baxımdan Səudiyyə Ərəbistanı 2017-ci ildə Haremeyn xidmətçisi Kral Salman bin Əbdüləzizin dəvəti ilə ABŞ-ın keçmiş prezidenti Donald Trampla Körfəz, Ərəb və İslam ölkələrinin liderlərini bir araya gətirdi. Ötən şənbə günü ABŞ prezidenti Co Bayden və Körfəz ölkələrinin liderləri, həmçinin Misir, İordaniya və İraq prezidentləri Krallığın ev sahibliyi ilə yenidən bir araya gəldi. İordaniyanın keçmiş rabitə naziri Semih əl-Muatiyənin diliylə desək, “müstəsna xarakterli forumlara ev sahibliyi etmək Krallığın oynadığı rolun göstəricisidir. ABŞ kimi böyük ölkələr bu cür forumlarda iştirak etməyə yalnız ev sahibinin regional çəkisi olduqda razılaşırlar. Çünki bilirlər ki, görüş real və praktiki nəticələr verə bilər. Səudiyyə Ərəbistanının enerji sahəsindəki əhəmiyyəti danılmazdır, lakin ev sahibliyi etdiyi görüşlərin uğurlu olması üçün bu kifayət deyil. Səudiyyə Ərəbistanı öz daxili inkişafına ciddi fikir verir, başqalarının maraqlarına hörmət etməklə yanaşı, öz maraqlarını da qoruyur. Nümunə olaraq, Fələstin və Ukrayna məsələlərini göstərə bilərik. Bundan əlavə, Krallıq həmişə dünyaya enerji, iqlim, investisiya və digər sahələrdə yeni nəsə təklif edə bilir ki, bu da onu hətta onunla razılaşmayan ölkələrin gözündə də etibarlı edir”.

Ərəb regionu və Körfəz məsələlərinə gəlincə, Ər-Riyadın regional siyasətdə fəal və əsaslı nüfuzlu oyunçu kimi rolunu möhkəmləndirməkdə maraqlı olduğu məlumdur. Bu çərçivədə Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurasının ardıcıl beş zirvə toplantısına ev sahibliyi edib. Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin çağırışı ilə 2019-cu ildə Məkkədə fövqəladə Ərəb Zirvəsi keçirilib. Bundan bir qədər əvvəl Körfəz Əməkdaşlıq Təşkilatının fövqəladə sammiti, daha sonra isə Məkkədə İslam Əməkdaşlıq Təşkilatının 14-cü Zirvə Toplantısı təşkil olunub. Bu gərgin görüşlər “Üç Məkkə Zirvəsi” adlanırdı.
“Expo 2030”
Səudiyyə Ərəbistanının müxtəlif səviyyələrdə beynəlxalq tədbirlərin mərkəz nöqtəsi olduğunu göstərən bu məlumatların işığında Ər-Riyadın “Expo 2030”a ev sahibliyi etməsi təəccüblü deyil. Səudiyyə Ərəbistanı “Dəyişikliklər dövrü: Planetimizi gələcəyə köçürmək” şüarı ilə (Dünya Sərgisi) “Expo 2030”a ev sahibliyi edəcək. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Beynəlxalq Sərgilər Bürosunun (BIE) baş katibi Dmitri Kerkentzesə göndərdiyi məktubda Ər-Riyadın “Expo 2030” üçün namizədliyi ilə bağlı ölkəsinin 2030-cu il üçün hədəflərinə diqqət çəkib və tarixin açıqlandığını bildirib. Bin Salman, "Bu namizədlik Səudiyyə Ərəbistanı üçün mühüm və simvolik çağırışdır, çünki o zaman biz “Hədəf 2030”u şərəfləndirəcəyik" deyib.

Mavritaniyalı jurnalist Halil Veled Ecdud Səudiyyə Ərəbistanında keçirilən bir çox mühüm sammit və tədbirlərə qatıldığını, lakin hər dəfə yeni təqdimat üsulları ilə təəccübləndiyini deyir. Əjdudun sözlərinə görə, Səudiyyə Ərəbistanının müxtəlif tədbirlər üçün seçilməsi təkcə onun siyasi çəkisi və ya mövqeyi ilə deyil, həm də qabaqcıl texnologiyalardan istifadə intensivliyi və vizual şou təqdim etmək bacarığı ilə bağlıdır.
Bu arada, Dubayda keçirilən “Expo 2020” sərgisində Səudiyyə Ərəbistanının stendi 5 milyon ziyarətçisi ilə rekord qırıb. Səudiyyə stendində ölkənin 2030-cu il hədəfi və regionlarının vizual təqdimatları böyük marağa səbəb olub.