Güzəştli mənzil problemi - Müzakirə

14:21 07.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi böyük əks səda doğurdu. Buna səbəb mənzillərin satışa çıxarıldığı andan 4-5 saniyə sonra satılıb qurtarması oldu. Əksər insanlar bir neçə saniyə ərzində 500-ə yaxın mənzilin satılmasının qeyri-mümkün olduğunu hesab edir.

Xatırladaq ki, MİDA Prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentliyin yaradılmasında əsas məqsədlər, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etməkdən ibarətdir.

Ötən illər ərzində sözügedən agentlik tərəfindən əhalinin mənzil təlabatını ödəmək məqsədilə müxtəlif layihələr - Yasamal Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə yaşayış kompleksi, Sumqayıt şəhərində inşa olunan güzəştli mənzillər tikilərək istifadəyə verilmişdir.

Buna baxmayaraq hələ də güzəştli mənzillərin əlçatan olmadığını, belə sosial layihələrin isə özünü tam doğrultmadığını düşünənlər var. Son hadisələr isə bu söz-söhbətləri bir qədər də qabartdı.

Ölkə başçısının təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda Azərbaycanda evə ehtiyacı olanların uçotunun aparılacağı  öz əksini tapdı. Sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

Bəs görəsən, şəffaflığın təmin edilməsi məqsədilə atılan belə addımlar və yaradılan qurumlar evsiz insanların mənzil təminatına nə cür təsir edəcək? Əhalinin mənzil əlçatanlığının təmin edilməsində ipoteka krediti və güzəştli mənzillərdən başqa daha hansı yeniliklərə ehtiyac var?

Hafta.az mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadəyə müraciət etdi. Ekspert bildirdi ki,  vətəndaşların mənzil əlçatanlığını təmin etmək üçün özümüzdən yeni sistemlər icad etməyə ehtiyac yoxdur. İnsanların mənzil ehtiyacını ödəmək məqsədilə güzəştli mənzillərin və ipoteka kreditlərinin əlçatanlığını təmin etmək lazımdır. “Bunun üçün ipoteka predmeti olan mənzillərin daha yumuşaq şərtlərlə təklifi nəzərdə tutulur. Əhalinin bir hissəsinin yüksək gəlirləri olsa  belə, müvafiq məhdudiyyətlər səbəbindən güzəştli evləri əldə edə bilmirlər. Elə insanlar var ki, maaşdan əlavə gəlirləri olsa belə banklar, yaxud mənzil verən qurumlar bunları nəzərə almır. Məsələn, şəxsin kirayə verdiyi mənzilləri, bağları var. Banklar isə bunları əsas götürmür. Təbii ki, bu da başadüşüləndir, onlar öz risklərini düşünür. Fikrimcə, sosial mənzillərin kommersiya xarakterli faiz dərəcələri 8%-dən, 5%-ə endirilsə və ipoteka predmeti olan mənzillər lombard sistemində olduğu kimi insanlara verilsə daha əlçatan olar. Yəni ki, güzəştli yollarla mənzil əldə edən vətəndaş bir müddət sonra ödənişlərini həyata keçirə bilməsə, ona təqdim edilən ev əlindən alınaraq satışa çıxarılsın və bu müddət ərzində ödədiyi pul özünə qaytarılsın”.

R.Qasımzadə ipoteka və güzəştli mənzil almaq istəyən vətəndaşlardan tələb olunan sənədlərin çoxluğundan da şikayətləndi. Bütün bunlar işləri bir qədər də qəlizləşdirir:

“Görünən odur ki, hazırda güzəştli mənzillərə böyük tələbat var. Sadəcə, bunu hər kəs əldə edə bilmir. Sözügedən evlərin alınması zamanı tələb olunan sənədlərlə bağlı da ciddi problemlər var. Yaxşı olardı ki, bu tələblər azaldılsın. Az əvvəl də qeyd etdiyim kimi, lombard krediti verilən vaxt vətəndaşların qarşısına qoyulan şərtlərin eynisi ilə  belə mənzilləri vermək olar. Vətəndaş arxayın olmalıdır ki, istənilən əməkhaqqına uyğun olaraq, məsələn aylıq 500 manat məvaciblə mənzil əldə edə bilər. Hazırda gəliri azı 1000 manatdan yuxarı (ailə üzvlərinin sayı 4 olmaq şərtilə) şəxslər ipoteka krediti üçün müraciət edə bilir. Bundan başqa, ipoteka kreditləri üçün ayrılan vəsaitlər də bəzi hallarda evlərin alınması üçün kifayət etmir”.

Müsahibimizin irəli sürdüyü təkliflər sırasında, güzəştli kateqoriyaya aid olan vətəndaşların sayının artırılmalı olduğu da yer alır:

“Məlum olduğu kimi, hakimlərin və vəkillərin gəlirləri yüksək olsa belə, onlar güzəştli mənzil əldə etmək hüququndan məhrumdurlar. Digər tərəfdən, müxtəlif qurumların tərkibində publik hüquqi şəxslər var ki, onlar dövlət işçisi sayılsalar belə, dövlət qulluğunda olmadıqlarına görə güzəştlərdən yararlana bilmirlər. Bütün bunlar nəzərə alınaraq çərçivəni maksimum genişləndirmək lazımdır”.

Ekspert vətəndaşların mənzil tələbatının təmin edilməsi məqsədilə dövlətin özəl tikinti şirkətlərinə dəstəyinin vacibliyindən də danışdı:

“Görürük ki, sosial mənzillərə tələbat yüksəkdir, çünki qiymətləri sərfəlidir. Hökumət belə mənzillərin sayını artırmaq üçün tikinti şirkətlərinə müəyyən güzəştlər etməlidir. Belə şirkətlərə güzəştli şərtlərlə torpaq verilərsə sahibkarlar mənzilləri münasib qiymətə ərsəyə gətirib vətəndaşlara təqdim edə bilərlər. Heç bir sahibkar tikintisi ucuz başa gələn mənzili baha satmağa maraqlı deyil. Baha mənzilləri onsuz da alan olmur və illərlə satılmadan qalır”.