İsrail ordusunun 7 oktyabr hadisələri zamanı israilli məhbusların öldürülməsini nəzərdə tutan "Hannibal Protokolu"nu ordunun postlarında və Qəzza sərhədində həyata keçirdiyi bildirilib.
Hafta.az-ın "Haaretz" qəzetinə istinadən yazdığına görə, əldə edilən sənədlər və ordu rəsmilərinin açıqlamalarına əsasən, İsrail ordusu oktyabrın 7-də əsir götürdüyü mülki vətəndaşları və əsgərləri hədəf alıb.
Oktyabrın 7-də saat 11.22-də İsrail ordusunun rabitə şəbəkəsində “bir maşın da Qəzzaya qayıda bilməyəcək” əmri verilərkən, ordunun yüksək rütbəli rəsmisi “Hannibal protokolu”nun həyata keçirildiyini təsdiqləyib.
“Kabuslarımızda belə belə bir hücum planımız yox idi” deyən ordu rəsmisi, 7 oktyabrda neçə nəfərin qaçırıldığı və İsrail qüvvələrinin harada olduğu barədə heç kimin bir fikri olmadığını bildirib.
Tətbiq edilən "Hannibal Protokolu" ilə bağlı ordu rəsmisi, "Heç bir təsdiqlənməyən bir məlumat olmadan alınan qərarlarla çılğın isteriya yaşanırdı" deyib.
Oktyabrın 7-də səhər saatlarında İsrail əsgərlərinin Erez (Beit Hanun) Sərhəd Qapısında qaçırıldığı bildirildikdən sonra, sərhəd-keçid məntəqəsinə və hərbi düşərgəyə pilotsuz uçuş aparatları ilə dəfələrlə hücum əmri verilib.
Qəzetin əldə etdiyi məlumata görə, oktyabrın 7-də səhər saatlarında Reim və Nahal Oz hərbi məntəqələrində də “Hannibal protokolu” baş tutub. İsrail ordusunun yüksək rütbəli rəsmisi, "Belə bir qərar verənlər bölgədəki əsgərlərimizin vurula biləcəyini bilirdilər" deyib.
İsrail ordusu hərbi məntəqələrdə “Hannibal protokolu”nun həyata keçirilməsi əmrini verməklə yanaşı, bölgədəki İsrail əsgərləri və məhbusları haqqında tam məlumat olmadan Qəzza zolağına doğru minaatan hücumu əmri verib.
İsrail ordusundan bir mənbə oktyabrın 7-də səhər saatlarında Qəzzaya gedən maşınlarda israilli məhbusların ola biləcəyinin bilindiyini ifadə edərək, “Açıq göstəriş olduğunu deyə bilmərəm, amma bunun nə demək olduğunu hamı bilirdi. Heç bir avtomobilin Qəzzaya qayıtmasına icazə verməmək “Hannibal Protokolu” idi” deyə bildirib.
Yarandığı gündən girov böhranları ilə mübarizə aparan İsrail, bu vəziyyətin son dərəcə yüksək əvəzlər ödəməsinə səbəb olduğunu nəzərə alaraq 1986-cı ildə protokol hazırlayıb.
Girovların xilas edilə bilməyəcəyi təqdirdə onları götürənlərlə birlikdə aradan qaldırılacağını şərtləndirən “Hannibal Protokolu” təxminən 20 il gizli saxlanılıb. 2003-cü ildə israilli həkim Avner Şiftanın öyrəndiyi protokol “Haaretz” qəzeti vasitəsilə ictimaiyyətə açıqlanıb.
İsrailin 7 oktyabr 2023-cü il tarixli hücumlarda mülki vətəndaşların ölməsi ilə bağlı araşdırması zamanı bölgədə şahid ifadələri və ağır odlu silahların istifadəsi ilə Hannibal Protokolunun həyata keçirildiyi iddiaları gündəmə gətirilib.