Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az-a bu dəfəki müsahibəsində Rusiya və ABŞ-ın Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində baş verən son proseslər, o cümlədən Qarabağa “humanitar yardım” şousu ilə bağlı siyasi-diplomatik qarşıdurması, Rusiya baş nazirinin müavini Dmitri Medvedyevin “Zelenski Saakaşvilinin taleyini yaşayacaq” hədəsinin mahiyyəti, Afrika ölkələrində 2020-ci ildən bəri baş verən hərbi çevrilişlər seriyasının sonda Rusiyanın özünə, ümumiyyətlə, postsovet məkanına, doğru istiqamət götürə bilməsi ehtimalı və s. haqda danışdı.
-Ərəstun bəy, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Rusiya Xarici İşlər Nazirliyinin “tələsik sülh müqaviləsi” ilə bağlı bəyanatına reaksiyasını necə qiymətləndirirsiniz?
-Metyu Müllerin bəyanatı, şübhəsiz ki, Rusiya Xarici işlər Nazirliyinin verdiyi açıqlamaya cavab idi. Ona görə ki, bu açıqlama hansısa bir adi şəxsin adından verilmir. Şübhəsizi, o, rəsmi şəxsdir, MDB üzrə departament rəhbəridir və əlbəttə ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi mövqeyidir. Şəxsən mən ABŞ tərəfindən belə qəti və birmənalı mövqenin, cavab mövqeyinin ortaya qoyulacağını gözləmirdim. Hər bir halda Millerin bəyanatı göstərdi ki, Birləşmiş Ştatlar bölgədəki mövqelər və proseslərlə bağlı və özünün bölgəyə yönəlik siyasəti ilə bağlı Rusiyanın varlığını nəinki nəzərə almır, hətta onun istəklərini belə, onun prosesə qoşulmaq şansını belə, qəbul etmir. ABŞ sülh istəyirmi? Əlbəttə ki, istəyir. Vaşinqton sülhü ona görə istəyir ki, bu onun bölgədəki mövqelərini möhkəmlətmiş olacaq və sülh imzalayan tərəflərin ABŞ-ın tərəfdaşına çevrilməsini təmin edəcək. Bu həm də Birləşmiş Ştatların Avropa Birliyi ilə iş birliyində olaraq Azərbaycan-Ermənistan sülh müqaviləsinin təmin olunmasına çalışdığının özəl bir göstəricisidir. Düşünürəm ki, Qərb, kollektiv Qərb, konkret halda istər ABŞ olsun, istər Avropa Birliyi Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar. Məhz bu səbəbdən Dövlət Departamenti rəsmisi məhz Rusiyaya da bu mesajı sərt şəkildə verir ki, sizin istəyinizdən asılı olmayaraq biz tərəflərlə işləyirik və buna nail olacağıq...
-Artıq iki həftədən çoxdur ki, Ermənistanla sərhədimizdə davam edən Qarabağ ermənilərinə “humanitar yardım” şousuna Rusiya-Qərb, ABŞ qarşıdurması kontekstindən baxsaq, nə görərik?
-İlk günlərdə bu yardım şousunun arxasında kimin dayandığı, hansı təşəbbüslərin göründüyü aydın deyildi. Amma elə avqustun 8-də də istər Qarabağ erməniləri, istərsə də Ermənistandakı şərti olaraq “miatsum” tərəfdarlarının təşkil etdiyi aksiyalar, səsləndirilən hədə-qorxular, Laçın dəhlizinə, Şuşaya və ümumiyyətlə, Azərbaycana doğru yürüş cəhdləri, o cümlədən də Paşinyan hökumətinin tabeliyində olan güc strukturunun, polisin belə aksiyaların qarşısını alması göstərdi ki, elə həmin şounun arxasında da Rusiya dayanır. Təbii ki, Qərb ölkələri həmin humanitar yardım şousu ilə bağlı müəyyən bəyanatlar verdilər, “humanitar böhran”ı aradan qaldırmaq haqqında Azərbaycana müraciət etdilər, hətta tənqid də etdilər. Əgər Ermənistan hökuməti o “humanitar yardım” şousuna dəstək aksiyasının, bununla bağlı Laçın sərhəd postuna doğru yürüş cəhdinin qarşısını alırsa, bu da açıq-aydın göstərir ki, bəhs edilən şou Ermənistan hökumətinin təşkil etdiyi bir təxribat deyil. Ermənistan hökumətinin isə Azərbaycanla sülh, Qarabağ məsələsində partnyorları Qərb ölkələridir, Rusiya deyil. Deməli, Rusiya hər iki tərəfdən və hətta deyərdim, üç tərəfdən vəziyyəti qarışdırmağa çalışır. Yəni Ermənistandan, Azərbaycanın daxilindən və Azərbaycan ərazisində yerləşən erməni icması vasitəsi ilə... Təsadüfi deyildi ki, son günlər Araik Arutyunyanın da ritorikası kəskinləşdi. O, Paşinyanı ittiham etməyə başladı. Düzdü, bu ilk dəfə deyil. Ancaq hər bir halda görünən budur ki, Kreml artıq total hücuma keçib. Rusiya XİN-in MDB departamentinin rəhbərinin dedikləri heç də sadəcə sözlər deyilmiş, bunun arxasında artıq konkret fəaliyyət dayanır və ya görünür...
-Bəhs edilən şounun əvvəlkilərə nisbətən genişmiqyaslı silahlı qarşıdurma ilə nəticələnməsi ehtimalı nə qədərdir və bu, hansı güclərə lazımdır?
-Mən “humanitar yardım” şousunun hansısa silahlı qarşıdurmaya keçəcəyini gözləmirəm. Ona görə ki, Ermənistanın bu məsələdə mövqeləri zəifdir. Baxmayaraq ki, yeni silahlar alınıb, guya ordu təchiz olunub, Qarabağdakı separatçıları da ruslar təchiz edirlər. Amma nəzərə alsaq ki, bu aksiyanın arxasında Ermənistan hökumətindən daha çox ona opponnet olanlar durur və bunun da kimliyi, dediyim kimi, göründü, əlbəttə, ilk növbədə Ermənistan hökuməti konfliktdə maraqlı deyil. Yalnız ona görə yox ki, İrəvan sülhsevərdir, sülhü müharibədən üstün tutur, sadəcə, həm də ona görə ki, bu ölkənin yetərincə gücü yoxdur. Belə bir şəraitdə müəyyən lokal hərbi qarşıdurmalar ola bilər. Amma bunun böyükmiqyaslı hansısa konfliktə keçməsi qeyri-mümkündür. Hər tərəf - istər Azərbaycan, istərsə də Ermənistan anlayır ki, istənilən genişmiqyaslı hərbi qarşıdurma Rusiyanın müdaxiləsi ilə nəticələnəcəkdir. Bunu isə, səhv etmirəmsə, nə Azərbaycan istəyir, nə də Ermənistan. Rusiyaya lazım olan bu konflikt yaratmaq cəhdi digər geo-siyasi oyunçulara da, yəni Türkiyəyə, Qərbə, hətta İrana da lazım deyil. Ümumiyyətlə, bütün bu olaylara: istər həmin “humanitar yardım” şousuna, istər onu hansısa konfliktə çevirmək cəhdinə, istər ona Ermənistan tərəfindən dəstək aksiyası keçirmək cəhdinə, istər Qarabağdakı separatçıların təhdidlərinə kompleks baxdıqda biz, əlbəttə ki, Rusiyanın konflikt yaratma fəaliyyətini görürük. Bax, bu fəalaliyyətin də başlanğıcının anonsu, - əslində ona zəmin çoxdan yaradılıbdır,- həmin o Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə departament rəhbərinin bəyanatıydı...
- Rusiya baş nazirinin müavini Dmitri Medvedyevin “Zelenski Saakaşvilinin taleyini yaşayacaq” sözlərini şərh etməyə dəyərmi?
-Mən Dmitri Medvedyevin, ümumiyyətlə, heç bir bəyanatını şərh etmək istəməzdim. Çünki bu fiqur hal-hazırda çox qəribə təəssürat bağışlayır. Problem nədir deyə bilmərəm; ruhi-psixi pozuntumu, marginallaşmamı, yaxud alkoqolizm... Ancaq hər bir halda belə vəziyyətdə olan, bu cür marginal açıqlamalar verən şəxsin bəyanatını, açığı, şərh etməyə əsas görmürəm. Rusiya siyasətçiləri Zelenskinin qayğısını çəkməkdənsə, öz barələrində düşünsələr, daha yaxşı olardı...
-Ərəstun bəy, 2020-ci ildən bəri Afrikanın Mali, Çad, Qvineya və Burkina Faso kimi ölkələrindəki hərbi çevrilişlərdən sonra iyulun 26-da Nigerdə də hərbi çevriliş baş verdi. Bu çevrilişlərin bəzilərində, xüsusən “Vaqner”in mövcud olduğu Mali və Nigerdəki çevrilişlərdə Rusiyanın barmağı olması haqda məlumatlar yayılır. Hətta Nigerdə çevriliş etmiş qüvvələr birbaşa “Vaqner”dən kömək istədi... Sizcə, sözügedən hərbi çevrilişlər seriyası sonda Rusiyanın özünə, ümumiyyətlə, postsovet məkanına, xüsusən də bu gün Rusiyaya daha çox lazım olan Güney Qafqaza doğru istiqamət götürə bilməz ki?
-Afrikanın qərbində və şimal-qərbindəki ölkələrdə baş verən bu çevrilişlər, özəlliklə də Mali və Nigerdəki dövlət çevrilişləri və hərbi çevrilişlər birmənalı şəkildə Rusiyadan qaynaqlanır. Təsadüfi deyil ki, Afrika-Rusiya sammitindən sonra bu hadisələr bir qədər də sürətləndi. “Vaqner”in bu prosesə qoşulması da hər şeyi aydınlatdı... Ümumiyyətlə, bu, yeni bir fenomen deyil, “Vaqner” əvvəllər Malidə də, Sudan da kiçik kontingentlərlə olub. Xüsusilə də baza şəklində Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərib. Bu gün həmin qüvvələr Liviyada da var. Bu hərbi çerilişlər seriyası Rusiyaya özünü geo-siyasi güc kimi təsbit etmək üçün lazımdır. Çünki Ukraynadakı uğursuzluq və Rusiyanın mövqelərinin sürətlə itirilməsi onun geo-siyasi güc kimi sıradan çıxmasına aparan bir prosesdir. Moskvada da bunu başa düşürlər. Belə çevrilişləri təşkil etməkdə başlıca səbəblərdən biri dünyanın müxtəlif zəif nöqtələrində qarşıdurmalar, çevrilişlər, vətəndaş müharibələri törətməklə qlobal təhlükəsizliyə təhdidlər yaratmaq imkanlarını nümayiş etdirmək istəyidir. Rusiya buna çalışır. Bunu “Vaqner”in əli ilə edir - o, universal bir alətdir. Bu çevrilişlər seriyası Rusiyanın qonşusu olan postsovet ölkələrinə və ilk növbədə Cənubi Qafqaza gəlib çata bilərmi? Əlbəttə, çata bilər. Əminəm ki, Rusiyanın bu cür ssenariləri var. Hədəfdə olan bölgə Cənubi Qafqazdır... Ona görə ki, Mərkəzi Asiyada bunu həyata keçirmək hələ Rusiyanın marağında deyil. Çünki Kreml orada özünü faktiki olaraq Mərkəzi Asiyanın sahibi kimi aparan və bunu açıq şəkildə nümayiş etdirən Çinlə üz-üzə gələ bilər...
Qaldı həmin hərbi çevrilişlər seriyasının Rusiyanın özünə də gəliub çıxmasına, Rusiyada artıq hərbi çevriliş baş verib. Sadəcə, bu saray çevrilişi şəklində baş tutub. Həmin o məlum “Vaqner”in çevriliş cəhdi əslində siyasi hakimiyyəti xilas etmək cəhdi idi. Amma göründüyü kimi, bu, uğursuzluğa düçar oldu. Nəticədə belə görünür ki, Kremldə saray çevrilişi artıq baş verib və hərbçilərin çəkisi artıb. Çünki onların siyasi qərarlara təsiri əvvəlkindən qat-qat güclüdür... Bu, öz sübutunu bir müddət sonra, məsələn, təxminən 6 ay sonra hakimiyyətin hazırkı müdafiə naziri Şoyquya ötürülməsi ilə tapa bilər ki, mən bu ehtimalı da istisna etmirəm...