Həftənin ANTİREKORDU - Həftə-reytinq

16:17 28.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” 2025/26 mövsümündə UEFA Çempionlar Liqasında Avropanın aparıcı turnirində bir mövsümdə buraxılan qollar üzrə bütün zamanların rekordunu yeniləyib. Bu barədə “Opta Sport” statistika portalı məlumat verib. Mənbənin məlumatına görə, Ağdam komandası Liqa mərhələsinin səkkiz və pley-off mərhələsinin iki oyununda ümumilikdə 30 qol buraxıb. Əvvəllər heç vaxt bir komanda Çempionlar Liqası mövsümündə bu qədər qol buraxmayıb.

 

Həftənin QOLU

Belarus Prezidenti Aleksandr Lukaşenko xokkey oynayıb. Bu haqda “Pul pervovo” teleqram kanalı məlumat yayıb. Belə ki, Lukaşenko Respublika Liqasında Vitebsk vilayəti komandası ilə oyunda qol vurub. Minskdə keçirilən görüş 71 yaşlı prezidentin komandasının 12:6 hesablı qələbəsi ilə yekunlaşıb. Lukaşenko bir qol vurub, iki məhsuldar ötürmə edib. Onun bu mövsüm altı matçda dörd xalı var.


Həftənin VARLILARI

“Forbes” Türkiyənin ən varlı insanlarının siyahısını açıqlayıb. Siyahıya görə, “Chobani” şirkətinin sahibi Hamdi Ulukaya 13,5 milyard dollarlıq şəxsi sərvəti ilə birinci yerdə qərarlaşıb. İkinci sırada isə 5,3 milyard dollar sərvəti ilə Murat Ülker yer alıb. Siyahıya ilk dəfə daxil olan Selçuk Bayraktar 2,7 milyard dollar sərvəti ilə Türkiyənin 10-cu ən varlı şəxsi olub. “Baykar” şirkətinin İdarə Heyətinin sədri olan Bayraktar müdafiə sənayesindəki uğurları ilə diqqət çəkən yeni adlardan biridir.

 

Həftənin QƏRARI

Kim Çen Inın 13 yaşlı qızı Cu E Şimali Koreyanın Raket Administrasiyasında rəhbər vəzifəyə təyin edilib. Cənubi Koreya mediası yüksək vəzifəli hökumət məmuruna istinadla bildirib ki, Cu E artıq generallardan təlimat alır və bəzi hallarda əmrlər verir. Bu vəzifəyə təyinat onu Koreya Xalq Ordusunun komandanlığını gələcəkdə öz üzərinə götürməyə hazırlamaq məqsədi daşıyır.

 

Həftənin REKORDU

ABŞ Prezidenti Donald Tramp 2026-cı il “Birliyin Vəziyyəti” (“State of Union”) müraciəti ilə ölkə tarixində ən uzun çıxış rekordunu yeniləyib. Trampın Konqresdəki çıxışı təxminən 1 saat 48 dəqiqə davam edib. Prezident çıxışdan əvvəl jurnalistlərə bunun uzun bir çıxış olacağını, çünki danışacaq çox məsələnin olduğunu bildirmişdi. O, bununla da əvvəlki rekordunu geridə qoyub. Tramp daha əvvəl 4 mart 2025-ci ildə Konqresin birgə iclasındakı çıxışı ilə də rekord müəyyənləşdirmişdi.

 

Həftənin TƏKLİFİ

Britaniyalı aktrisa Cemma Atkinson Kriştianu Ronaldo ilə ayrıldıqdan sonra ona məşhur futbolçu haqqında mənfi məzmunlu açıqlamalar verməsi üçün böyük pullar təklif olunduğunu etiraf edib. Bu barədə o, “Key 103” radiosunun efirində danışıb. “Ayrıldığımız zaman mənə onun haqqında pis nələrsə danışmağım üçün böyük pullar təklif edirdilər. Amma mən bunu istəmirdim”, - aktrisa deyib.