Həftənin COĞRAFİYAŞÜNASI - Həftə-reytinq

09:22 24.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meyxanaçı Balaəli Maştağalı son açıqlaması ilə yenidən gündəmə gəlib. Meyxanaçı “Zarafat bir yana” adlı yutub proqramında qonaq olarkən müzakirələrə səbəb olan fikirlər səsləndirib. Meyxanaçı söhbət zamanı “Nissan” markalı avtomobillərin Koreya istehsalı olduğunu iddia edib. Həmçinin o, Yaponiya ilə Koreyanın ümumilikdə Kitay olduğunu söyləyib.

 

Həftənin REKORDU

“Walt Disney Co.” şirkətinin ərsəyə gətirdiyi “Zootopia 2” ABŞ tarixində ən çox gəlir gətirən animasiya filmi olub. Film dünya üzrə kassalarda 1,7 milyard dollar gəlir qazandırıb.  Beynəlxalq auditoriyanın böyük marağına səbəb olan “Zootopia 2” bu göstərici ilə 2024-cü ildə 1,69 milyard dollar gəlir toplayan “Inside Out 2”ni geridə qoyub.

 

Həftənin TƏŞƏKKÜRÜ

Ukraynanın Baş naziri Yuliya Sviridenko yaxın günlərdə ölkənin enerji sisteminin bərpası üçün Azərbaycan, Slovakiya və Çexiyadan yeni yardım paketlərinin daxil olacağını açıqlayıb: “Kəskin şaxtalar və Rusiyanın davamlı raket zərbələri fonunda Azərbaycanın verdiyi texniki dəstək dağıdılmış infrastrukturun operativ bərpası və əhalinin istiliklə təmin olunması üçün həyati əhəmiyyət kəsb edir”.

 

Həftənin DƏVƏTİ

Finlandiya Prezidenti Aleksandr Stubb amerikalı həmkarı Donald Trampı Arktika və Qrenlandiya ətrafında yaranmış gərginliyi müzakirə etmək üçün ənənəvi fin saunasına dəvət edib. Finlandiya lideri bu təklifi “qolf diplomatiyasından sauna diplomatiyasına keçid” kimi qiymətləndirib. Stubbın fikrincə, mürəkkəb siyasi məsələlərin həlli üçün bəzən rəsmi mühitdən uzaqlaşaraq daha sadə və səmimi şəraitdə müzakirələr aparmaq effektiv nəticə verə bilər.

 

Həftənin QARI

Rusiyanın Kamçatka bölgəsində bir neçə gündür güclü qar yağmaqda davam edir. Bəzi yerlərdə yağıntı binaların dördüncü mərtəbələrinə çatır. Bu səbəbdən yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib. Şəhər xidmətləri şiddətli hava şəraitinin nəticələrinin öhdəsindən gəlməkdə çətinlik çəkir, qar yağışı son 30 ilin ən güclü qarı kimi təsvir olunur.