Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarının adını açıqlayıb. İlin kişilərdən ibarət ən yaxşı klub komandası “Qarabağ” seçilib. Ağdam təmsilçisinin çalışdırıcısı, təcrübəli mütəxəssis Qurban Qurbanov isə ilin ən yaxşı kişi məşqçisi nominasiyasına layiq görülüb. Riçard Trautman (cüdo) və Elbrus Rzayev (boks) isə ardıcıl olaraq həmin nominasiya üzrə 2-ci, 3-cü yerləri bölüşüblər.
Həftənin GÖZƏLİ

Türkiyənin ən nüfuzlu gözəllik müsabiqəsi olan “Miss Turkey 2025”in final gecəsi baş tutub. Bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, gərgin keçən mübarizənin sonunda münsiflər heyətinin qərarı ilə Sıla Saraydemir bu ilin qalibi olub. Məlumata görə, o, yaxın gələcəkdə Türkiyəni beynəlxalq arenada keçiriləcək nüfuzlu gözəllik müsabiqələrində təmsil edəcək.
Həftənin MƏHKUMU

Rusiyada erməni şahmatçı Harri Kasparov barəsində qiyabi həbs qərarı verilib. Moskvanın Zamoskvoretsk məhkəməsi onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi üzrə - terrorla bağlı ictimai çağırışlar etməkdə, terrora ictimai şəkildə bəraət qazandırmaqda və ya təbliğat etməkdə təqsirli bilib. Məlumata görə, istintaq müvafiq vəsatəti 22 dekabr tarixində təqdim edib. Vəsatət elə həmin gün təmin olunub. Məhkəmə qərarı dekabrın 26-sı qüvvəyə minməlidir.
Həftənin QƏZASI

Ankara Esenboğa Hava Limanından havaya qalxan “Falcon 50” tipli biznes təyyarəsi radarlardan itib. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra nəzarətdən çıxıb. Məlumata görə, təyyarədə Liviya Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddad olub. O, Türkiyə Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun rəsmi dəvəti ilə Ankaraya səfər etmişdi.
Həftənin TƏHDİDİ

“The New York Times”, onların yalanları və məqsədyönlü şəkildə etdikləri təhriflər ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhdiddir”. Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb. O, nəşri xalqın əsl düşməni adlandırıb. “Onların radikal solçu, nəzarətsiz davranışları, dərc etdikləri bitib-tükənməyən feyk məqalələri və fikirləri ilə mübarizə aparılmalı, bunun qarşısı alınmalıdır”, - Tramp paylaşımında bildirib.
Həftənin QARI

Səudiyyə Ərəbistanında son 30 ildə ilk dəfə qar yağıb. Xüsusilə Tabuk vilayətində yerləşən dağlıq ərazilər qarla örtülüb, temperatur isə bəzi yerlərdə 0 dərəcədən aşağı düşüb. Məlumata görə, Cəbəl əl-Lavz dağında yerləşən və təxminən 2 600 metr yüksəklikdə olan Trojena ərazisində qar və zəif yağış qeydə alınıb. Sosial şəbəkələrdə qarla örtülmüş səhra və dəvələrin görüntüləri yayılıb.