Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Həftənin REKORDU

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında ən uzun çıxış rekordu qırıb. Tramp burada 57 dəqiqə danışıb. Bu da Baş Assambleyadakı tipik çıxışdan demək olar ki, iki dəfə çoxdur. O, çıxışını dünya ictimaiyyətinə müraciəti ilə yekunlaşdırıb. Ağ Ev rəhbəri milli sərhədləri, ənənəvi dəyərləri qorumağa və daha yaxşı və firavan dünya qurmaq üçün birgə işləməyə çağırıb.
Həftənin ETİRAZI

“Santos”un futbolçusu Neymar Braziliya millisindəki komanda yoldaşı Rafinyanın “Qızıl top” səsverməsində beşinci yeri tutmasına etiraz edib. O, bu haqda sosial şəbəkə hesabında yazıb.
2024/25 mövsümünün ən yaxşı futbolçusu mükafatını PSJ-nin hücumçusu Usman Dembele qazanıb. Səsvermədə ikinci yeri “Barselona”nın vingeri Lamin Yamal, üçüncü yeri PSJ-dən Vitinya, dördüncü yeri isə “Liverpul”dan Məhəmməd Salah tutub. “Rafinyanı beşinci yerə qoymaq həddindən artıq ədalətsizlikdir”, – Neymar yazıb.
Həftənin SAĞLAMI

Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı mütəmadi olaraq yayılan məlumatlara münasibət bildirib. Kadırov bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Onun sözlərinə görə, hər dəfə mediada və yaxud sosial şəbəkələrdə xəstə olması ilə bağlı məlumat yayıldıqda idman hərəkətləri edir: “Hər dəfə kimsə səhhətimdə problem olduğunu dedikdə dərhal 50 dəfə “jim” edirəm”.
Həftənin UÇUŞU

13 yaşlı əfqan uşaq Əfqanıstanın paytaxtı Kabildən Dehliyə uçan sərnişin təyyarəsinin şassi hissəsində gizlənərək Hindistana gedib. “Kam Air” aviaşirkətinin təyyarəsində gizlənən yeniyetmə oğlan Dehli hava limanının uçuş-enmə zolağında aşkar edilib. Onun sözlərinə görə, İrana uçmaq istəyib, lakin təyyarənin Hindistana getdiyindən xəbərsiz olub. O, daha sonradan eyni reyslə Kabilə qaytarılıb.
Həftənin ƏN YAXŞISI

PSJ-nin baş məşqçisi Luis Enrike Yohan Kroyf mükafatının qalibi olub. Sözügedən mükafat ilin ən yaxşı məşqçisinə təqdim olunur. Enrike Parisin “Şatle” teatrında keçirilən ilin ən yaxşılarının mükafatlandırma mərasimində qalib elan edilib. Qeyd edək ki, Luis Enrike ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kubokunu və Superkuboku qazanıb.