“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qarabağ”–“Ayaks” oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb. Görüş “Qarabağ”–“Araz-Naxçıvan” oyunundan sonra olub. Qurban Qurbanovun Əkbərlə görüşünə dair sığınacağın sosial şəbəkə hesabında da video paylaşılıb. Videodan məlum olur ki, həmin görüşdə son günlər tənqid hədəfində olan Nəriman Axundzadə də iştirak edib.
Həftənin AXTARILANI

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı müğənni Filip Kirkorovu axtarışa verib. UTX F.Kirkorovu ölkənin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin ərazisinə giriş və çıxış qaydalarını pozmaqda ittiham edib. 58 yaşlı sənətçinin bu addımı Ukraynanın milli maraqlarına zərərvurma kimi qəbul edilib.
Həftənin BONUSU

Amerikalı məşhur müğənni Teylor Svift “Eras Tour” turnesində onunla işləyən hər kəsə 100 min dollar bonus verib. “The End of an Era” adlı yeni sənədli serialında Svift onunla çalışan rəqqaslar, musiqiçilər və texniki heyət arasında bonusları necə paylaşdırdığını göstərib. Müğənni bildirib ki, əgər turne böyük gəlir gətirirsə, bu layihədə çalışan insanlar da daha böyük bonus almalıdırlar.
Həftənin ƏN YAXŞISI

İspaniyalı mütəxəssis Luis Enrike PSJ ilə keçirdiyi tarixi mövsüm sayəsində FIFA tərəfindən 2025-ci ilin ən yaxşı məşqçisi adına layiq görülüb. Belə ki, ispan məşqçi finalda “İnter” üzərində 5:0 hesablı darmadağınla Fransa nəhənginə tarixində ilk Çempionlar Liqası kubokunu qazandırıb. Bundan əlavə, PSJ daxili liqada da dominantlıq edərək Liqa 1 çempionluğunu, Fransa Kubokunu və Superkubokunu qazanıb.
Həftənin TESTİ

Yunanıstanın paytaxtı Afina şəhərində sərxoş halda avtomobil idarə edən şəxslərlə bağlı reyd keçirən yol polisi ölkənin Baş naziri Kiriakos Mitsotakisin idarə etdiyi avtomobili saxlayıb. Yol polisi əməkdaşı Baş naziri alkotestdən keçməyə dəvət edib. Mitsotakis yol polisinin tələbi çərçivəsində səyyar alkotestdən keçirilib və onun sərxoş olmadığı müəyyənləşib. Hadisənin görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub.
Həftənin NİŞANI

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp model Bettina Andersonla nişanlanıb. Bu məlumatı ABŞ lideri Ağ evdə çıxışı zamanı açıqlayıb. “O, “Hə” dedi”, – atasından sonra çıxış edən kiçik Donald Tramp söyləyib. Qeyd edək ki, 47 yaşlı Tramp və 38 yaşlı Anderson 2024-cü ildən münasibətdədirlər. ABŞ liderinin oğlu daha əvvəl Vanessa Trampla evli olub. Onların 5 övladı var.