Həftənin QAYIDIŞI - Həftə-reytinq

19:17 08.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı rayonunun Şuşakənd kəndi ilk əsgərini qarşılayıb. Kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq doğma yurduna qayıdıb. Bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin sevinci deyil, həm də illərlə həsrətində olduqları Vətənə qayıdışın və davamlı həyatın rəmzi kimi dəyərləndirilir.

 

Həftənin QALMAQALI

Rusiyanın Yekaterinburq vilayətinin Jeleznedorojnıy Rayon Administrasiyasının rəhbəri Vitali Perşinin azərbaycanlı ailədən olan uşaqlara Yeni il hədiyyələri verməsi qalmaqala səbəb olub. Dekabrın sonunda V. Perşin “Arzular yolkası” aksiyasında iştirak edib. Məmur 7 yaşlı Əliyə skuter, onun 8 yaşlı bacısı Milenaya və kiçik qardaşı Vaqifə əl işləri dəsti və şirniyyat hədiyyə edib. Rayon administrasiyası tədbir haqqında məlumat paylaşdıqdan sonra sosial şəbəkə istifadəçilərinin tənqidləri ilə üzləşib.

 

Həftənin KRALI

ABŞ Prezidenti Donald Tramp “Boeing” şirkətinə məxsus təyyarələrin satışı sahəsindəki uğurlarına görə özünü bu sahənin kralı adlandırıb. Ağ ev rəhbəri bu barədə Nümayəndələr Palatasının respublikaçı üzvləri ilə görüşü zamanı verib. Tramp çıxışında yer üzündə hər hansı bir insandan daha çox “Boeing” satdığını iddia edib: “Mən kralam, yəqin ki, mindən çox təyyarə satmışam”.

 

Həftənin KASIBI

Bir vaxtlar Hollivudun məşhur ulduzlarından olan Mikki Rurk 59 min 100 dollarlıq yığılmış kirayə borcuna görə Los-Ancelesdəki evindən qovulmaq təhlükəsi ilə üzləşib. Məşhur aktyorun evsiz qalmasının qarşısını almaq üçün “GoFundMe”də 100 min dollar hədəfi olan ianə kampaniyası başladılıb. 73 yaşlı aktyora göndərilən bildirişdə borcun dərhal ödənilməli olduğu və ya evin 3 gün ərzində boşaldılmalı olduğu bildirilib.

 

Həftənin DƏLİSİ

“Arda Turan məşqlərdən sonra ayağını masanın üzərinə qoyur, viski içirdi”.  Bu sözləri 2024/2025 mövsümündə “Eyüpspor”un formasını geyinmiş ingilis futbolçu Conco Şelvi keçmiş məşqçisi Arda Turan haqqında danışarkən deyib. O, türkiyəli mütəxəssisin dəli olduğunu iddia edib: “Eyüpspor”dakı məşqçim Arda Turan dəli idi. Onun yanına gedəndə deyirdi ki, “Conco, səni sevirəm, viski var?”

 

Həftənin ETİRAFI

İran Prezidenti Məsud Pezeşkian hazırda ölkədə ağır iqtisadi vəziyyət, qiymətlərin kəskin artması və milli valyutanın dəyərinin enməsi fonunda davam edən etirazlara münasibət bildirib. “Əgər insanlar narazıdırsa, bu bizim günahımızdır. Günahı Amerikada və ya başqalarında axtarmayın. Məsuliyyət bizim üzərimizdədir”, - o bildirib.