Həftənin QƏLƏBƏSİ - Həftə-reytinq

11:20 21.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan çempionu “Qarabağ” səfərdə Macarıstan çempionu “Ferentsvaroş”un qonağı olub. “Ferentsvaroş” hesabı açan tərəf olub. 29-cu dəqiqədə Varqa komandasını hesabda irəli keçirib. Marko Yankoviç 49-cu dəqiqədə hesabı bərabərləşdirib. Oyun “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Həftənin AÇIQLAMASI

Tanınmış azərbaycanlı model Diana Əhədpur son zamanlar haqqında yayılan boşanma iddialarına cavab verib. Model həyat yoldaşından boşanmadığını bildirib. “Əl çəkin, boşanmıram. Haqqımda o qədər mif yayılır ki! Ən gülməlisi də elə boşanmaqdır. Mifin haradan və nə üçün çıxdığını da çox yaxşı bilirəm. Məncə bir çoxları da bilir. Amma boşanmadan da öz həyatınızı yaşaya bilərsiniz. Haqqımda deyilənlərin yüzdə əllisi həqiqət, yüzdə əllisi isə fantaziyadır”, - model bildirib.

 

Həftənin MƏHKUMU

Müğənni Rəqsanə İsmayılova həbs edilib. Müğənninin ittihamı xüsusilə külli miqdarda dələduzluq cinayətində aiddir. Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.  Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

 

Həftənin İMTİNASI

Amerikalı biznesmen İlon Mask ABŞ-də yeni siyasi partiya yaratmaq barədə planlarını təxirə salıb. Buna səbəb Maskın diqqətini sahib olduğu şirkətlərin inkişafına yönəltməkdir. Eyni zamanda, səbəblərdən biri kimi biznesmenin ölkədə üçüncü partiya yaradaraq Respublikaçılar Partiyasının nüfuzlu nümayəndələrinin dəstəyini itirmək istəməməsi göstərilib.  

 

Həftənin İŞGÜZARI

ABŞ Prezidenti Donald Tramp Ukrayna danışıqları ilə bağlı olaraq tətilə getməkdən imtina edib. Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlayıb. O, Trampın Nyu Cersidəki qolf klubunda olarkən sülh danışıqlarını davam etdirməyi düşündüyünü, lakin bunun əvəzinə Ağ Evdə qalmağa qərar verdiyini söyləyib. “Adətən bu, prezidentin tətilə getdiyi vaxtdır. Lakin o, bunun əleyhinə qərar verib”, - Livitt bildirib.

 

Həftənin ÇAĞIRIŞI

Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putinin vədlərinə inanmamağa səsləyən bəyanatla çıxış edib.  “Başlanmış danışıqlar prosesinə baxmayaraq, Avropa İttifaqı ukraynalı əsgərlərə təlim keçməyə və hərbi yardım göstərməyə davam edəcək”, - deyə Kallas söz verib. Aİ diplomatiyasının rəhbəri Rusiyanın Ukraynadakı nizamlanma ilə bağlı vədlərinə inanmamağa çağırıb.