Həftənin QOL GÜLƏŞİ - Həftə-reytinq

11:18 15.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makronun salamlaşması gündəm olub. Onlar salamlaşarkən Tramp artıq imzasına çevrilən salamlaşma tərzinə sadiq qalaraq Makronu özünə tərəf çəkib. Makronun onun bu davranışına münasibəti marağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin görüntüləri “qol güləşi” kimi xarakterizə ediblər.

 

Həftənin ŞOKU

İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində polis tərəfindən nəzarətə götürülən məşhur şəxslər arasında müğənni Hadisə də olub. Hadisə baş verənlərdən sonra instaqram hesabında paylaşım edib. “Mən də baş verənlər qarşısında sizin qədər şokdayam. Allaha şükür, hər şey arxada qaldı. Bu axşam bütün qəlbimlə səhnədəyəm. Ankarada görüşənədək”, - paylaşımda qeyd olunub.

 

Həftənin REKORDU

“Əl-Nəsr”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo yeni idman rekordu müəyyənləşdirib. Ronaldo karyerasında 947-ci qolunu Portuqaliyanın DÇ-2026-nın seçmə mərhələsində Macarıstana qarşı oyunu zamanı vurub. Bu qol Ronaldonun 40-cı qolu olub və dünya çempionatının seçmə oyunlarında vurulan qollara görə rekorddur.

 

Həftənin TƏLTİFİ

ABŞ Prezidenti Donald Tramp bu il sentyabrda sui-qəsd nəticəsində öldürülən gənc siyasi fəal Çarli Kirki ölümündən sonra Azadlıq Medalı ilə təltif edib. Tədbirdə onun həyat yoldaşı Erika Kirk, vitse-prezident Ceyms Devid Vens, xəzinədarlıq katibi Skot Bessent, ticarət katibi Hovard Lutnik, baş prokuror Pam Bondi və müdafiə naziri Pit Heqset də iştirak ediblər. Tramp çıxışı zamanı Kirki “əsl qəhrəman” adlandırıb və onun siyasi mübarizəsini yüksək dəyərləndirib.

 

Həftənin XƏSTƏSİ

ABŞ-nin keçmiş Prezidenti Co Baydenə may ayında prostat xərçəngi diaqnozu qoyulub və o, hazırda radioterapiya və hormon müalicəsi kursu keçir. Bu barədə sabiq Prezidentin sözçüsü məlumat yayıb. “Prezident Bayden prostat xərçəngi üçün müəyyən olunan müalicə planı çərçivəsində radioterapiya və hormon terapiyası alır”, – deyə açıqlamada bildirilib. Xatırladaq ki, C. Bayden may ayında xəstəliyi barədə ictimaiyyətə açıqlama vermişdi.

 

Həftənin RƏQSİ

Yeni Zelandiya Parlamenti yeni seçilmiş Maori Partiyasının (Te Pati Maori, TPM) deputatı Oriini Kaiparanın çıxışından sonra yarımçıq dayandırılıb. Belə ki, parlamentin iclası zamanı deputat mənsub olduğu maori qəbiləsinin rəqsi olan “haka” ifa edib. Ona digər TPM üzvləri də qoşulub. Yeni Zelandiya Nümayəndələr Palatasının spikeri Gerri Braunli həmkarlarının davranışından məyus olduğunu bildirib.