Həftənin REKORDU - Həftə-reytinq

12:44 11.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda qol vuraraq, tarixi rekorda imza atıb. Yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub. O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib.

 

Həftənin ÇANTASI

Dünyaşöhrətli müğənni və aktrisa Cennifer Lopez bohem geyim tərzi və məşhur “Hermes” brendinin 45 min dollarlıq (təxminən, 76,5 min AZN) “Baby Birkin” çantası ilə görüntülənib. Aktrisa bu dəfə Los-Ancelesdə iş görüşməsinə çıxıb. Lakin o, işgüzar geyimdən imtina edərək açıq və sərbəst görünüşə üstünlük verib.

 

Həftənin TƏNBƏLİ

Rusiya Prezidenti Vladimir Putin Çinə səfərindən sonra keçirdiyi mətbuat konfransında Kremlin sözçüsü Dmitri Peskovu zarafatla “tənbəl” adlandırıb. Müsahibədə jurnalistlərin sualları davam etməsinə Peskov müdaxilə edib: “Vladimir Vladimiroviç, bu, uzun müddət davam edə bilər”. Putin isə Peskovun müdaxiləsinə belə reaksiya verib: “Xeyr, indi bitirəcəyik. Tənbəl, işləmək istəmir. Yaxınlıqda dayanıb tənbəldir”.

 

Həftənin İŞSİZİ

Fransanın Baş naziri Fransua Bayru Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib.  Bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Makron Baş nazirin istefa ərizəsini qəbul edib. Qeyd olunub ki, Bayru hökuməti yeni kabinet formalaşana qədər cari işləri icra etməyə davam edəcək.

 

Həftənin DÖYÜLƏNİ

Nepaldakı etirazlarda həlak olanların sayı 22 nəfərə çatıb. Bununla yanaşı, ölkənin keçmiş Baş naziri Şer Bahadur Deuba və onun həyat yoldaşı, hazırkı xarici işlər naziri Arzu Rana Deuba aksiya zamanı hücuma məruz qalıb. Belə ki, onlar etirazçılar tərəfindən döyülüb. Eyni zamanda, XİN rəhbərinə məxsus özəl məktəb də yandırılıb. 

 

Həftənin İGİDİ

Rusiya Prezidenti Vladimir Putin Federasiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu “İgidliyə görə” ordeni ilə təltif edib. Müvafiq fərman hüquqi aktların rəsmi portalında dərc olunub. Sənəddə izah olunur ki, bu orden Gerasimova hərbi borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə verilib.