Səudiyyə Ərəbistanının “əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun xanımı Corcina Rodrigez 82-ci Venesiya Film Festivalına qatılıb. O, qırmızı xalçadan keçərkən 5 milyonluq üzüyünü nümayiş etdirib. Bu da sosial şəbəkələrdə müzakirəyə çevrilib. Xatırladaq ki, bir müddət öncə ulduz futbolçu sevgilisi Corcinaya evlilik təklifi etmişdi. Onun aldığı üzük isə dünya mediasında günlərlə müzakirə olunmuşdu.
Həftənin ƏN VARLISI

“Forbes” jurnalı dünyanın ən zəngin sənətçisinin adını açıqlayıb. Onun məşhur reper Jay-Z (əsl adı Şon Karter) olduğu məlum olub. Karterin sərvəti 2,6 milyard dollar olaraq qiymətləndirilir. Nəşr qeyd edib ki, 2019-cu ildə hip-hopun ilk milyarderi olduqdan sonra Jay-Z gəlirli içki biznesi sayəsində sərvətini iki dəfədən çox artırıb. 2021-ci ildə spirt nəhəngi LVMH, Armand de Brignac şampan evinin 50%-ni alıb.
Həftənin MƏYUSU

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onu məyus etdiyini bildirib. ABŞ lideri bu haqda radio aparıcısı Skott Cenninqsə müsahibəsində deyib. “Mən çox məyus oldum. Minlərlə insan ölür. Bu müharibənin (Ukraynada) heç bir mənası yoxdur. Prezident Putin məni çox məyus etdi”, - o deyib.
Həftənin CASUSU

Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan ölkəsinə qayıdarkən saxlanılıb. O, Azərbaycana casusluqda ittiham edilib. Erməni mətbuatının iddiasına görə, Aleksanyan azərbaycanlı şəxslə sevgili olub. Artıq Aleksanyana aid olduğu bildirilən fotolar sosial şəbəkələrdə yayılıb.
Həftənin İSTƏYİ

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə Amerika lideri postuna namizədliyini irəli sürmək imkanını istisna etməyib. Erik bu barədə “Nikkei Asia” qəzetinə müsahibəsində bildirib. O, prezidentlik yarışında mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən “yox demirəm, amma bəli də demirəm” deyib.
Həftənin CİNAYƏTİ

Hacıqabulda sosial şəbəkələr vasitəsilə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Şirvan regional qrupundan verilən məlumata görə, A.Qurbanov müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir.