Həmsədrlərin bitməyən "Qarabağ savaşı" - TƏHLİL

18:28 11.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

30 ilə yaxın müdddətdə artıq tarixin arxivinə atılmış "Dağlıq Qarabağ münaqişəsi"nin həlli məqsədi ilə dünyanın üç aparıcı siyasi mərkəzini - ABŞ, Rusiya və Fransa - özündə birləşdirən ATƏT-in Minsk Qrupu ilə bağlı iddialar bir neçə gündür ki, Azərbaycan və Ermənistanın siyasi gündəmini zəbt edib.

Səbəb isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıq şəkildə Minsk Qrupunun fəaliyyət göstərmədiyini, daha doğrusu digər həmsədrlər Fransa və ABŞ-ın bu formatda Moskva ilə işləməkdən imtina etdiklərini etiraf etməsi oldu. Bu bəyanat əslində siyasi terminologiyada Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi demək idi. 

 44 günlük Vətən Müharibəsində əldə edilmiş möhtəşəm zəfərdən sonra rəsmi Bakının sözügedən məsələ - Minsk Qrupunun fəaliyyətinin mənasızlığı - ilə bağlı siyasəti hər kəsə aydındır. Lavrovun etirafından öncə Azərbaycanın siyasi rəhbərliyi dəfələrlə istər həmsədrlərin bölgəyə səfərləri zamanı, istərsə də ayrı-ayrı platformalarda Minsk Qrupunun fəaliyyət istiqamətinin dəyişdirilməli olduğunu bəyan edib. Əsas arqumentimiz isə Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsini ölkəmizin öz gücünə hərbi-siyasi yolla artıq həll etməmizdir. Çünki bu qrupun əsas məqsədi məhz münaqişənin həllinə yardım etmək idi...

Təbii ki, ərazicə, əhalicə, iqtisadi və hərbi imkanlar baxımından dünyanın üç supergügündən dəfələrlə kiçik bir dövlətin 30 il ərzində Moskva, Vaşinqton və Paris kimi dünya siyasətinə yön verən mərkəzlərin həll edə bilmədiyi (əslində həll etmək istəmədiyi - A.Ə) problemi 44 günlük qısa zaman kəsiyində həll edərək, Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıqlar yaratmasını adlarını çəkdiyimiz dövlətlərin həzm edə bilməməsi anlaşılandır. Azərbaycan özünün uzaqgörən və düşünülmüş, güclü siyasi iradəyə əsaslanan diplomatik və siyasi gedişləri ilə "həlli mümkün olmayan" kimi göstərilən bir problemi həll etməklə əslində Minsk Qrupunun əsl simasını bir daha ortaya qoydu.

2020-ci il hərbi əməliyatları zamanı əslində bitərəf qalmalı olan həmsədr Fransanın Ermənistanı siyasi cəhətdən hansı canfəşanlıqla dəstəklədiyinin, qondarma separatçı rejimin "müstəqilliyi"nin tanınması ilə bağlı qərarın qəbulunu heç birimiz unutmamışıq.

ABŞ-da da erməni lobbisinin təsiri ilə əməliyyatlar dövründə səsləndirilən bəyanatlar məlumdur.

Rusiyaya gəldikdə isə, Moskvanın bu məsələdə önünü kəsən və qismən bitərəf mövqe sərgiləməsinə səbəb olan başlıca amil Azərbaycanın Ali siyasi rəhbərliyinin ortaya qoyduğu siyasi iradə idi. Halbuki, hərbi əməliyyatların gedişi dövründə Rusiyanın dövlət kanallarında ölkəmizə qarşı təhdidlərin, qarayaxmaların ardı-arası kəsilmədiyini müşahidə edirdik.  

Bəs indiki reallıq nədir? Cənubi Qafqaz kimi mühüm əhəmiyyətə malik geosiyasi bir bölgədə 30 il münaqişənin həll edilməməsi Rusiya, Fransa və ABŞ-ın maraqlarına cavab verirdisə, bundan sonra nə olacaq?...

Hazırda hər birimizi düşündürən bu cür sualların cavablarını son bir ayda yaşananlarda görmək mümkündür.

Xüsusilə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa İttifaqı, ABŞ və bir çox dövlətlərin Moskva ilə münasibətləri demək olar ki, sıfır həddinə düşüb. Ukraynadakı hərbi münaqişənin davamı olaraq iqtisadi sahədə tətbiq olunan sanksiyaların ardınca müxtəlif bölgələrdə, o cümlədən Cənubi Qafqazda Qərb-Rusiya siyasi qarşıdurmasının şahidi oluruq.

Çox təəssüf ki, bu siyasi mübarizənin mərkəzində Azərbaycan da var. Hansı ki, bizim üçün əslində münaqişə bitmiş sayılır. Sadəcə növbəti mərhələ siyasi-diplomatik yollarla müvəqqəti olaraq rus sülhsməramlılarının nəzarətində qalan ərazilərimizin hüquqi cəhətdən real olaraq nəzarətimizə qaytarılmasıdır. İndi rəsmi Bakının siyasətində əsas prioritet Ermənistanla sülh sazişinin imzalanması, regional kommunikasiyaların açılması, sərhədlərin qarşılıqlı şəkildə tanınması və Cənubi Qafqazda bir daha münaqişənin alovlanmaması üçün davamlı sülhün əldə olunmasıdır.

Bu siyasət özünü sülh sazişinin bazasını təşkil edəcək İrəvana təqdim etdiyimiz məlum 5 bəndlik prinsiplərdə də açıq şəkildə göstərir. Halbuki, beynəlxalq hüquqa əsaslanan bu prinsipləri hazırlamaq və Ermənistanın onu qəbul etməsi üçün İrəvanı buna təşviq etmək Minsk Qrupunun vəzifəsi idi. Lakin 30 illik dövrdə çox təəssüf ki, tam olaraq bunun əksini gördük. İşğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmadı, sonradan bölgəyə köçürülən 50-60 min erməninin (Yeri gəlmişkən, Azərbaycan dəfələrlə Yuxarı Qarabağ iqtisadi rayonunda yaşayan dinc ermənilərin hədəf olmadığını rəsmi şəkildə bəyan edib. A.Ə) öz ata-baba yurdlarından qovulmuş bir milyondan artıq azərbaycanlı məcburi köçkünün taleyindən üstün tutuldu, ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı BMT qətnamələri sadəcə bir kağız parçasına çevrildi... Bu siyahını uzada da bilərik.

İndi də, həmsədr dövlətlərin baxışlarında ciddi bir fərqin olmadığını görürük.

ABŞ Ermənistandakı səfiri vasitəsi ilə mütəmadi olaraq "Dağlıq Qarabağın statusunun həllinin vacibliyini" qabardır.

Fransa azad edilmiş ərazilərdə dağıdılmış, yer üzündən silinmiş şəhərlərimizi, abilərimizi, məscidlərimizi görməzdən gələrək "erməni irsinin qorunması"nın ardına düşüb.

Rusiya isə hər vəchlə sülhməramlılarının nəzarətində olduğu bölgədə fəaliyyət göstərərək varlığını sübut etməyə çalışan separatçı rejimin qalıqlarına dəstək verir. 10 noyabr üçtərəfli bəyanatının tələblərinə uyğun olaraq qanunsuz hərbi birləşmələrin bölgədən çıxarılmasını və ya ləğvi prosesini ləngidir.

Məqsədlər dəyişməyib, amma eyni məqsədə xidmət edənlərin öz aralarındakı savaş və intriqa böyüyür. Avropa İttifaqı və ABŞ Rusiyanı danışıqlar prosesindən, ümumiyyətlə Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Rusiya açıq şəkildə buna imkan verməyəcəyini bəyan edir. Ermənistandakı rusiyapərəst və revanşist qüvvələri hərəkətə gətirir.

44 günlük müharibədə aldığı ən ağır məğlubiyyətdən hələ də özünə gələ bilməyən Ermənistan isə ölü olan Minsk Qrupunu diriltmək istəyir. Ermənistan 30 il ərzində onun işğal siyasətini dəstəkləyən qüvvələrin parçalanması fonunda İrəvanın Azərbaycan qarşısında tamamilə siyasi və diplomatik iflasa uğrayacağından qorxur. Artıq bunun ilkin təzahürləri də görünür. İrəvan rəsmən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan 5 bəndlik prinsiplərini qəbul etdiyini açıqlayıb.

Görünən odur ki, həmsədrlərin "Qarabağ savaşı" bitməyib. Onun nə qədər davam edib-etməyəcəyini proqnozlaşdırmaq da çətindir.

Ancaq proqnozlaşdırılmağa ehtiyacı qalmayan bir reallıq var. Azərbaycan reallığı. Güclü, uzaqgörən və qətiyyətli siyasi iradəyə malik Ali Rəhbərliyin öndərliyi ilə Azərbaycan yuxarıda qeyd etdiyimiz qarşısına qoyduğu məqsədlərə çatmaq üçün əməli addımlar atır. İşğaldan azad olunan ərazilər sürətlə bərpa edilir. Ən əsası, Fərrux yüksəkliyinin nəzarətə götürülməsi nümunəsi altında bölgədə sülhə və təhlükəsizliyə təhdid yarada biləcək ünsürlər zərərsizləşdirilir. Hətta bu ərazilər müvəqqəti də olsa rusiyalı sülhməramlıların nəzarətində olsa belə...