Hər il 6 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq saxlayır - Aktual

12:21 29.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İyulun 20-dən 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna başlanılır. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər. Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda TTK üçün müraciət etmək imkanı olacaq. Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də göndərə biləcəklər. Qeydiyyat üçün www.e-ttkf.edu.az linkinə daxil ola bilərsiniz.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

2021-ci il 24 iyul tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edir və onlara kreditlər güzəştli şərtlərlə verilir. Həmin ilin noyabrın 25-dən ölkəmizdə ilk dəfə təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb.

Yeri gəlmişkən, cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, Təhsil Tələbə Krediti Fonduna müraciət edən şəxslər üzrə ümumilikdə 6 714 nəfər təhsil tələbə kreditindən yararlanıb. Onlardan 2 345 nəfərin müraciəti sosial TTK, 4 369 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov deyib ki, təhsil krediti dünyada geniş yayılmış ödəniş sistemidir: “Yəni ödənişli təhsil alan gənclər, bu ödənişləri gələcəkdə uzunmüddətli şəkildə hissə-hissə ödəyə bilərlər. Ümumilikdə statistika göstərir ki, hər il tam orta təhsili başa vuran hər yüz nəfərdən təxminən 90-nı ali təhsil almaq üçün sənəd verir. Lakin hər il təxminən 6 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq saxlayır. 2020-ci ildən isə Təhsil Tələbə Kredit Fondu yaradılıb və tələbələrə təhsil haqqını ödəmək üçün verilən kreditlərin faiz dərəcəsi 2-6 arasında dəyişir. Fondun şərtləri çox sadədir. Dünyanın başqa ölkələrində bu sistem var, amma Azərbaycandakı qədər asan, əlçatan deyil. Təhsil Tələbə Kredit Fondu bütünlükdə ödənişli təhsil alanları kreditlə təmin etməkdə maraqlıdır”.

Onun fikrincə, akademik borcu olanlara kreditin verilməməsi tələbələr arasında rəqabətin yaranmasına səbəb olur: “Kreditin iki əsas istiqaməti var ki, birincisi sosial cəhətdən zəif olan, dövlətdən müəyyən təminatlar alanlar üçün nəzərdə tutulub. İkincisi isə standart kreditdir. Hansı ki, burda şərtlər qoyulur ki, məsələn, təhsil tələbə krediti almaq istəyən tələbənin akademik kreditləri nə qədər olmalıdır. Bu da tələbələr arasında rəqabətin yaranmasına gətirib çıxarır. Yəni təhsil tələbə kreditindən yararlanmaq istəyənlər daha yaxşı oxumalıdır”.

Ekspert hesab edir ki, qarşıya böyük hədəflər qoyularsa, 2028-ci ilədək ölkədə ali təhsillilərin sayını 30 faizə qaldırmaq olar: “Problemin həlli üçün ali təhsil müəssisələrinin sayını artırmaq olar. Amma bu zaman da keyfiyyət məsələsi sual doğuracaq. Eyni zamanda, şəffaf əmək bazarı olmalıdır. Təəssüf ki, bu gün müəssisələrin çoxu məmurların əlindədir və onlarda da iş yerlərinin sayı bilərəkdən azaldılır. Bu cür neqativ hallarla mübarizə sərtləşdirilməlidir. Lakin universitetlərin sayının çoxalması keyfiyyətin yaxşılaşması demək deyil. Bu məsələyə kompleks yanaşmaq lazımdır".

Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, təhsil tələbə krediti kifayət qədər uğurlu layihədir: “Nəzərə alsaq ki, Azərbaycanda son illərdə təhsil haqqını ödəyə bilməyən kifayət qədər tələbə ali təhsildən imtina edirdi. Məhz indi həmin şəxslərə çox aşağı faizlərlə kreditlər verilir. Bu da ali təhsilin əlçatımlılığına, əhatə dairəsinin genişlənməsinə, eyni zamanda sosial vəziyyətindən asılı olmayaraq, hər kəsin bərabər şəkildə təhsil almasına imkan yaradır. Tələbələr güzəştli kredit götürmək istəyirlərsə, onların təhsil göstəriciləri yüksək olmalıdır. Bu da təbii ki, Azərbaycan təhsilində keyfiyyət dəyişikliyinə səbəb olacaq. Tələbələrin vaxtında təhsil haqqını ödəmələri universitetlərin maliyyə dayanıqlılığına gətirib çıxaracaq. Belə olduğu halda universitetlər də özlərini təmin edə biləcəklər”.

Ekspertin fikrincə, bu məsələ həm də əmək bazarında məsuliyyət yaradacaq: “Bu gün ali təhsilli məzunların 42 faizi işləyir. Tələbələrin bir çoxu isə təhsilini başa vurduqdan sonra işləmək istəmir. Amma əgər kredit götürürlərsə, işləməyə məcbur olacaqlar. Bu da əmək bazarında məsuliyyətli olmağa gətirib çıxaracaq. Təbii ki, əgər kredit götürürsənsə, onu geri qaytarmaq barədə də düşünməlisən”.