Hətta autizm xəstələrinin də əlilliyini dayandırıblar - ETİRAZ

16:15 17.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son zamanların mübahisəli mövzusu olan əlilliyin təyinatı və ləğvi ilə bağlı məsələlər bir çox hallarda əhali arasında narazılıqla qarşılanır. Verilən məlumatlara görə bu günədək  17 mindən çox əlillik ləğv olunub, 1700 nəfər II Qarabağ iştirakçısının əlillik təyin edilib. Bu proses nə dərəcədə obyektiv aparılır, mövcud problemlər nə ilə bağlıdır?

Bu və ya digər məsələlərlə bağlı hafta.az-ın suallarını Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Qəzənfərqızı cavablandırıb.

Onun sözlərinə görə, QHT təmsilçisi olaraq bu sahədə çox problemlərlə rastlaşırlar:

“Ola bilər ki, əlilliyin təyinatı ilə bağlı işlər görülür, amma ümumən bu istiqamətdə aparılan siyasət məni qane eləmir. Məsələyə kənardan nəzər salanda başqa bir mənzərənin şahidi oluruq. Məsələn, konkret olaraq özüm rastlaşdığım neqativi deyim. Mənim də əlilliyi olan ailə üzvlərim var. Bu yaxınlarda gəlib dedilər ki, siz 3-4 ildir xəstəxanada yatmamısız, ona görə əlilliyiniz mübahisəlidir. Ona görə də, sənə əlillik təyin edilə bilməz. Halbu ki, yoldaşımın vəziyyəti çox ağırdır. Amma onlar formallıq xatirinə həmin xəstənin yenidən xəstəxanada yatmasını tələb edirlər. Xəstəxanada xəstəyə bir papaverin, dibazol, bir yuxu dərmanı, 2-3 vitamin verilir, vəssalam. Bundan artıq heç nə verilmir.  Axı xəstə bu dərmanlarla sağalıb cəmiyyətin sağlam bir kəsimi kimi həyata qayıtmır. Həyat yoldaşım 2 dəfə ürəyindən infakt keçirib. Mərkəzi Klinikada qoyulan diaqnoza görə damarı dəyişməlidir. Ürəyi ağrıdığı üçün oturaq vəziyyətdə yatır. Bu adam eyni zamanda şizofreniya-şəxsiyyət dəyişkənliyindən əziyyət çəkdiyi üçün qeydiyyatdadır. Şəkərdir, baş barmağı kəsilib. Sol ayağının altı şəkərlə bağlı deformasiyata uğrayıb, çəliklə gəzir, arabada oturur. Yoldaşımın 4 aydır pensiyasını kəsiblər. Xəstəxanaya çatan kimi dedilər ki, yer pulunu ver,  pastel pulu ver, biri gəldi ki, süpürgə pulu ver... Hələ ayağını içəri qoymayıb, 80 manat xərc çıxdı.  Müalicəsi isə aparılmadı.  Belə bir hal heç bir yerdə görünməyib. Bunu o yerdə edirlər ki, vətəndaşın sığortası olusun.

Digər məsələ ondan ibarətdir ki, əlilliyi ləğv edən zaman bizə səbəb gətirdilər ki, gedin filan yerə, ürək damarını dəyişdirin müalicə olunun. Xəstəxanaya gələndə dedilər ki, biz sənə qarantiya vermirik.  Yoldaşım Qarabağ qazisidir, Vətən yolunda sağlamlığını itirmiş adamdır.  Sən bu gün ona zəmanət vermirsənsə, onda hara göndərirsən.  O əməliyyatın bəlli bir qiyməti var, necə oldu ki, birdən-birə sənin buna yazığın gəldi əməliyyata göndərdin? Biz o göndərişi ləğv elədik. Onu arabaya qoyub apardım və dedim ki, biz əməliyyat istəmirik”.

QHT sədri bildirir ki, artıq 5 aydır bu proses davam edir.  Hətta əlil arabası üçün müraciət edərkən bildirilib ki, əlillik verilmədiyi üçün araba düşmür”.

Çiçək xanımın sözlərinə görə, Maştağada Ruhi Əsəb Xəstəxanasında dəfələrlə yatmış  52 yaşlı bir qadın var, o da neçə illərdir əlilliyi ilə bağlı pensiya alırdı:

“Onun ailəsindən şikayət gəlib. Deyirlər ki, illərdir əlil kimi dövlətdən müavinət alsa da, indi dayandırılıb. Biz onun işi ilə məşğul olmuşuq, deyirlər ki, xəstəxanada yatsın.  Bəli, təkrar xəstəxanada yatıb, amma pensiyası 2-ci dəfədir ki, dayandırılıb.  Bundan başqa autizm xəstələrinin də əlilliyini dayandırıblar. Səbəb gətirirlər ki, əli var, ayağı var, arabada oturmur, get deyəndə gedir, gəl deyəndə gəlir.  Və bu səbəblə də iddia edirlər ki, buna əlillik düşmür. 16 yaşlı bir  yeniyetmə özünü idarə edə bilmir. Nə olsun ki, əl ayağı var. O yaşamalıdr, işləməlidir, adaptasiya olmalıdır. Bunları edə bilmirsə, onun yaşamaq haqqını kim verməlidir və necə etməlidir.  Mən bu cür yanaşmanı düzgün hesab eləmirəm, bu doğru deyil. Belə xəstələrə xarici ölkələrdə əlillikdən də böyük imtiyazlar verirlər”.

QHT sədri saxta əlilliklərin ləğv edilməsinin tərəfdarı olduğunu da söyləyib:

Bu istiqamətdə aparılan araşdırmalar çox gözəl siyasətdir. Əslində mən bunu həmişə gözləmişəm. Çünki illərdir gözüm baxa-baxa kimlərinsə yalandan əlillik aldığını görmüşəm. Ancaq qurunun oduna yaşı da yandırmaq düzgün deyil axı. Qazilərimizə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı işlər görülür. Amma problemlər də çoxdur. Bir qazimizə bir başa yardım etdirirəm. Elçin Lənbərənski adlı qazimiz bu yaxınlara qədər deyirdi ki, əlilliyin verilməsi ilə bağlı onun işini uzadırlar. Ondan xəsətəxanadan təkrar göndəriş istəyirdilər. Onun ayağı təkrar bir də kəsildi.  Artıq buduna qədər ayağı kəsilib. Amma hələ də qazini get-gələ salırlar. Səbəbini bilmirəm, hər dəfə də bir söz deyirlər. Niyə ayağı kəsilmiş qaziyə vaxt qoyursan, nədir, ayağı təzədən çıxacaq?”.

Ekspert vurğulayıb ki, Milli Məclis bu məsələ ətrafında ciddi müzakirə aparılmalıdır. Neçə-neçə insanların əlilliyi dayandırılmaqla, həm də haqları pozulur.

Oxunma sayı 610