Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir - Elman Nəsirov

15:27 10.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün ulu öndər Heydər Əliyevin 99-cu doğum günü, anım günüdür. Azərbaycan xalqı öz liderini bu gün də böyük ehtiram, hörmətlə anır. Ulu Öndərin Azərbaycan tarixindəki rolu və əhəmiyyəti təhlil edilir, öyrənilir. Hafta.az-a müsahibə verən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov ulu öndərin Azərbaycanın tarixində rolundan danışarkən çox mühüm nüanslara diqqət çəkib.

- Elman müəlllim, istərdik bu gün ilk növbədə ümummilli lider Heydər Əliyev fenomeninin Azərbaycanın çağdaş tarixində hansı yeri tutması və necə xatırlanmasına diqqət çəkəsiniz...

-Bu, bir həqiqətdir ki, dövlətin beynəlxalq koordinatlar sistemində tutduğu mövqeni şərtləndirən parametrlər sırasında coğrafi şərait, əhalinin sayı, təbii ehtiyatlar, iqtisadi güc, müdafiə qüdrəti, milli əxlaq və diplomatiyanın rolu kifayət qədər böyükdür. Bu parametrlər dövlətin statusunun təyinatında nə qədər əhəmiyyətli olsa da, heç də həlledici deyildir. Bu statusda məhz dövlətin şəksiz lideri olan unikal şəxsiyyət fenomeni çıxış edir. Xarizmatik lider mövcudluğu təhlükə altında olan dövlətin xilaskarı funksiyasını yerinə yetirir, onun sonrakı inkişafının təminatçısı olur.

Azərbaycanın çağdaş tarixində bu fenomen Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarmış, ümummilli fəlakətin-vətəndaş müharibəsinin qarşısını almış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoymuş və atəşkəs rejiminin tətbiqinə nail olmuş, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.

Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. O, Xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.

O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 9 iyununda Bakı şəhərinə qədəm qoyarkən “Azərbaycanda da dövlətçilik itirilimişdi, deməli, heç nə yox idi”. Heydər Əliyev ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı da dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə zəmanəmizin dühası Heydər Əliyevə əbədi olaraq minnətdardır.

- Elman müəllim, Azərbaycan tarixində 1993-2003-cü illər Azərbaycanda milli dövlətçiliyin qorunub saxlanması və davamlı müasir inkişafının başlandığı mühüm mərhələ kimi qeyd olunur...

-Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Məhz onun təşəbbüsi və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynadı. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində unikal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq qabiliyyətinə malik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.”

1993-cü ildən etibarən ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.

Dayanıqlı və dinamik inkişaf tempinə əsaslanan bu modeli 3 mühüm parametrlə xarakterizə etmək olar: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin-müstəqil milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması .

Məhz ulu öndərin siyasi iradəsi və səriştəli rəhbərliyi altında Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı konsepsiya və proqramlar- ''Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" qəbul olunmuş və uğurla həyata keçirilmişdir.

Güclü dövlət ideyasına sadiq qalan Heydər Əliyev ilk öncə sosial problemlərin həlli sahəsində dövlətin aparıcı rolunun artırılmasına xüsusi diqqət yetirdi. Belə ki, 1994-cü il 15 iyun tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında“ və “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 1994-cü il 24 oktyabr tarixli Fərmanları əhalinin sosial rifahının yaxşılaşdırılması üçün mühüm hüquqi-normativ baza yaratdı. Ayrı-ayrı kateqoriya üzrə şəxslərin sosial müdafiəsi istiqamətində müxtəlif qanunlar-“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında” və s. hüquqi sənədlər qəbul edildi. Nəticədə şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin, qaçqın və məcburi köçkünlərin, veteranların sosial təminatı daha da gücləndirildi.

Daxili siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini də “yeni neft diplomatiyası” təşkil edirdi.

-“Əsrin kontraktı”nın imzalanması, dünyanın aparıcı enerji şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektoruna cəlb edilməsi, ölkəyə investisiya axınının başlanması, nəhəng enerji layihələrinin icrası, gələcək inkişaf üçün lazımi resursların əldə edilməsi istiqamətində ulu öndərin rolunu necə dəyərləndirmək olar?

-Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasınsa həlledici əhəmiyətə malik oldu, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.

Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 mlrd. tondan artıq neft və 2,6 trln. kubmetr qazdan ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri) 4-ü isə qaz ( Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyiyyət kəsb etmişdir.

Təkcə “Şahdəniz” yatağında təsdiqlənmiş qaz yaraqları 1,2 trln. kubmetr təşkil edir. Təxminən, Ümid” yatağında 200 milyard kubmetr, “Babək” yatağında 400 milyard kubmetr, “Abşeron” blokunda aşkar edilmiş yeni böyük qaz yatağında isə 350 milyard kubmetrə bərabər qaz ehtiyatı vardır. Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında ya yeni qaz bazarlarına çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi dururdu. Elə bu vəzifədən irəli gələrək ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. Həmin ilin 31 dekabr tarixində Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu.

Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”

2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.

-Elman müəlllim, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi kimi qeyd olunur. Bu istiqamətdə hansı örnəkləri söyləmək olar?

-Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi “yeni neft diplomatiyası”nın möhtəşəm nailiyyətlərinin yuxarıdakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.

Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin doğum gününü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 19 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələ Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir

Məhz Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edtmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytarmışdır.

Bu məqamda Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin fikirlərinə istinad etmək yerinə düşər: “Düşünürəm, hal-hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir. Son illər ərzində heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarını müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır.” Əlavə şərhə ehtiyac yoxdur.

Oxunma sayı 51