Bu gün Azərbaycanda bütün sahələr, o cümlədən media sahəsi müasir çağırışlara uyğunlaşaraq inkişaf edir. Təbii ki, digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Tarixi faktdır ki, məhz ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi. Məhz o dövrdən milli mətbuatımız siyasi həmlələrdən, təzyiqlərdən qurtuldu.
Qeyd edək ki, müstəqillik qazanan Azərbaycanda xaos, özbaşınalıq hökm sürdüyü halda Azərbaycanı qısa müddətdə müstəqilliyini itirməkdən qurtaran Heydər Əliyev ölkənin inkişafı ilə yanaşı, müstəqil fikir, söz azadlığı, insan hüquqlarının qorunması istiqamətində də ardıcıl addımlar atdı və bu addımlar tez bir zamanda bəhrəsini verdi. Ulu Öndərin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, həmçinin, 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkədə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. Ölkə mətbuatı üzərindən senzuranın götürülməsi milli mətbuat üçün yeni səhifənin, yeni yolun açılmasına imkan yaratdı. Artıq KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması ilə ölkə mətbuatının Avropa standartlarına uyğunlaşdırılması prosesi başlamışdı. Yeni qanunvericilik aktları ilə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İctimai Televiziya və İctimai radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edildi.
Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərman Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsində, mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsində ciddi rol oynadı. Məhz ulu öndərin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə o, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. 15 mart 2003-cü ildə isə Jurnalistlərin I qurultayında qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası yaradıldı. Bütün bu addımlar Azərbaycan mətbuatının dünya mətbuatına inteqrasiyasını, jurnalistika sahəsində yeni-yeni nailiyyətlərin əldə edilməsini sürətləndirdi.
Beləliklə, müdrik dövlət başçısının senzuranın ləğv edilməsi, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması, mediaya dövlət dəstəyinin göstərilməsi ilə bağlı qərarları ulu öndərin mətbuatın cəmiyyətdəki roluna verdiyi böyük önəmdən qaynaqlanmışdı. Heydər Əliyevin azad sözün keşiyində duran jurnalisti vətənini qoruyan əsgərə bənzətməsi, mətbuatı cəmiyyətin güzgüsü hesab etməsi onun mediaya, jurnalistlərə verdiyi dəyərin bariz nümunəsi idi. Dahi şəxsiyyətin əsil, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Humanist olduğu qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan ümummilli lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi. Ümummilli Lider söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmiş, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoymuşdur.
Bu arada xatırlatmaq yerinə düşər ki, Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycan mətbuatı onun qayğısını hiss etməyə başladı. Həmin dövrdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırıldı. Azərbaycanda mətbuatın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur təminatı yaradıldı. Ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən "Azərbaycan" nəşriyyatının binası Ulu Öndər Heydər Əliyevin sovet dövründə milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür.
O dövrdə Ulu Öndərin milli mətbuatımızın inkişafı istiqamətində atdığı addımların əhatəsi yalnız texniki tədbirlərlə məhdudlaşmırdı. Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən ayrı-ayrı mətbuat orqanlarının səhifələrində, Azərbaycan televiziyasının, radiosunun efirində cəmiyyət üçün o vaxta qədər qadağa qoyulmuş mövzular görünməyə, eşidilməyə başlandı. Kommunist-sovet mətbuatı nəzəriyyəsinin verdiyi imkanlar çərçivəsində Azərbaycan mətbuatında azad sözün ilk işartıları parladı. O illərdə mətbuat sosial ədalət uğrunda apardığı mübarizədə Heydər Əliyevin ən yaxın və etibarlı silahdaşına çevrilmişdi.
Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən medianın inkişafına yönəlmiş əhəmiyyətli addımlar atmaqla bu siyasətə sadiq olduğunu təsdiqlədi. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissəsidir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Bütün bunların nəticəsidir ki, cənab Prezident üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.
İndi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında» Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması isə Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açıb. Son illər media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətlə media arasında kommunikasiyanın inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi, media sahəsində beynəlxalq platformaların yaradılması istiqamətində zəruri tədbirlər görülüb. Prezident İlham Əliyev 2022-ci ilin fevral ayının 8-də “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Sevindirici haldır ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizi operativ, qərəzsiz informasiya ilə təmin etməyə çalışırlar.