Heydər Əliyevə sui-qəsd cəhdinin şahidi oldum - Cahangir Hüseynov

12:03 12.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

12 dekabr – Heydər Əliyevin anım günüdür. 1990-cı illərin əvvəlində Heydər Əliyevin hakimiyyətə qayıdışı, eləcə də Yeni Azərbaycan Partiyasının yaranmasında böyük xidmətləri olmuş Azərbaycan parlamentinin sabiq deputatı, uzun müddət müxtəlif bölgələrdə polis rəisi kimi çalışmış hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynov hafta.az-a müsahibəsində mərhum eks-prezident barədəki xatirələrindən bəhs edib.

-Cahangir müəllim,  həyatınızda Heydər Əliyevi ilk dəfə nə vaxt görmüsüz?

-Heydər Əliyevin anım günü ilə bağlı bəzi xatirələrimi ilk dəfə sizin sayta danışıram... İnanırsınızmı ki, Heydər Əliyevlə ilk görüşüm mənim hələ 12 yaşım olanda - 1965-ci ilin sentyabrında Göyçay rayonunda baş verib?..

Həmin vaxt Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində(DTK) işləyirdi.  Onun rayona gəlişinə səbəb həmin vaxt sovet dövlətinin başçısı Nikita Xuruşovun kənd təsərrüfatı islahatları ilə bağlı Göyçayda başlamış kəndli üsyanları   olmuşdu. Belə ki, həmin işlahatlarla bağlı rayonun bir sıra kolxoz və sovxozlarının üzvləri eyni təsərrüfatda birləşmələrinə etiraz edirdilər...

Kəndlilər Göyçay rayon partiya komitəsinin binasına hücum edərək binanı dağıtmış, rayonun kəndlərində də böyük iğtişaslar törətmişdilər. Mənin oxuduğum 1 nömrəli orta məktəb rayon partiya komitəsinin yaxınlığında yerləşdiyindən həmin səs-küylü üsyanın birbaşa şahidi oldum. Yadımdadır ki, hətta rayon partiya komitəsinin birinci katibi A.Mürsəlova da xəsarət yetirmişdilər. Rayonda çox ağır bir vəziyət yaranmışdı. Atam Huseyn Huseynov Göyçay rayon məhkəməsinin sədri işlədiyindən rayon partiya komitəsi bürosunun üzvü idi. Bu iğtişaşların yatırılması üçün rayona ezam olunmuşlar arasında DTK sədrinin muavini Heydər Əliyevlə yanaşı, mərkəzi komitənin məsul işçiləri, o cümlədən sonradan  Daxili İşlər naziri və  MSK sədri olmuş Cəfər Vəliyev də  var idi...

Rəhmətlik atam Hüseyn Hüseynov Heydər Əliyevlə BDU-nun tarix fakultəsində tələbə yoldaşı olduğundan  Göyçaydakı qonaq evində onunla görüşüb xeyli söhbət etdilər. Mən də həmin vaxt atamın yanında olduğumdan Azərbaycanın gələcək lideri ilə ilk görüşüm baş tutdu...  

Daha sonra  mən Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Akademiyasının dinləyicisi olarkən 1987-ci ilin ilk aylarında baba Müslüm Maqomayevin 100 illik yubileyində Heydər Əliyevi Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci muavini kimi yaxından görüb onunla görüşdüm...

- Hələ 1990-cı ilin iyulunda onun üçün ən təhlükəli bir dövrdə Moskvadan Bakıya gələn Heydər Əliyevi qarşılamaq üçün Bakı hava limanına gedən digər bir neçə tanınmış siyasilər arasında siz də olmusuz. Bildiyimizə görə, orada Heydər Əliyevə sui-qəsd cəhdi də olub…

- Bəli. O zaman mən Ağdaşda milis rəisi işləyirdim. Uzun illər xalq hakimi işləmiş atam Hüseyn Hüseynov, öncə dediyim kimi, Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində Heydər Əliyevlə birlikdə təhsil aldığından ona böyük hörmətlə yanaşırdı.1990-cı il iyulun 20-də Heydər Əliyevin Moskvadan Bakıya gəldiyini eşidən atam təkid etdi ki, biz onu qarşılamağa getməliyik. Beləliklə, biz o vaxtkı bütün təhükələri göz önünə alaraq hava limanına yollandıq. Orada əsasən Bakı kəndlərindən onlarla adam toplaşmışdı. Etirazçılar əllərində cürbəcür şüarlar yazılmış plakatlar tutaraq H.Əliyevin gəlişinə etiraz edirdilər. Təbii ki, bu, o vaxtkı Mərkəzi Komitə rəhbərliyi tərəfindən təşkil edilmişdi. Ancaq biz təəccübləndik ki, H.Əliyevin Moskvada SSRİ rəhbəri M.Qorbaçovla böyük ziddiyyətləri olduğu, infarkt keçirdiyi bir məqamda Azərbaycanda bu etirazlar nəyə xidmət edir…

Ulu öndəri qarşılayanlar əsasən Cəlal Əliyev, sabiq paytaxt meri Rafael Allahverdiyev, əvvəllər MK-da işləmiş Sabir Hüseynov və keçmiş milis işçisi Etibar Qazıbəyov idi. H.Əliyev təyyarədən düşəndə ora toplaşan etirazçılar tərəfindən ona qarşı hər cür cür təxribat törədilə bilərdi. R.Allahverdiyevin sürücüsü “QAZ-24” markalı avtomobili cəld təyyarə trapının yanına sürərək Heydər müəllimi təcili deputat zalına çatdırdı. Ancaq ora gedən yolda avtomobilin qarşısına hesab edirəm ki, qəsdən ”ZİL” markalı bir yük maşını sürüldü. Ancaq R.Allahverdiyevin sürücüsü böyük ustalıq nümayiş etdirərək Heydər Əliyevi o qəzadan xilas edə bildi. Ulu öndər aeroportda gerçək sui-qəsd təhlükəsi ilə üz-üzə qaldı… Sonra H.Əliyev oradan birbaşa qardaşı Cəlal Əliyevin evinə yollandı….

-YAP-ın qurucularından biri olan rəhmətlik Maksim Musayev bizimlə söhbətdə deyirdi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı məsələsini ilk dəfə əsaslandırılmış hüquqi və siyasi şəkildə ortalığa qoyan hüquqşünas-deputat Cahangir Hüseynov oldu... Bu, necə baş verdi?

- Bəli, doğrudur. Allah Maksim müəllimə də rəhmət eləsin. Onun da müstəqil dövlətçiliyimizin quruculuğunda, o cümlədən Heydər Əliyevin qayıdışında böyük rolu olmuşdu... 1992-ci il martın 3-də Xocalı faciəsi ilə bağlı keçirilmiş fövqəladə sessiyada mən çıxış edərək o vaxtkı prezident Mütəllibova və deputatlara müraciət etdim ki, ölkəni bu gərgin durumdan çıxarmaq, erməni işğalının qarşısını almaq üçün Heydər Əliyev təcili hakimiyyətə gətirilməlidir. Orada sual etdim ki, bax, bu parlament binasını kim tikdirib? Dedilər – Heydər Əliyev. Soruşdum ki, bəs həmin insanın niyə burada oturmaq hüququ olmasın… Düzdür, o dövrkü şəraitdə mənə çox dəstək verən olmadı. Ancaq o təşəbbüs hadisələrin gələcək inkişafına böyük təkan verdi. Mənim o çıxışımadək heç kəs Heydər Əliyevin hakimiyyətə gətirilmək məsələsini istər parlamentdə, istərsə də qəzetlərdə, televiziyada qaldırmamışdı…

Bundan əlavə, 14 may 1992-ci ildə hakimiyyət böhranı baş verdiyindən keçirilmiş fövqəladə sessiyada Arif Rəhimzadə, Eldar İbrahimov və mən Heydər Əliyevin Ali Sovetin sədrliyinə namizədliyini irəli sürmüşdük...

-YAP-ın qurulduğu ilk dövrləri necə xatırlayırsız?

-Yadımdadır ki, ilk dəfə böyük bir çətinliklə 1992-ci ilin noyabrında Biləsuvar rayonunda YAP-ın rayon şöbəsinin təsis konfransını keçirə bildik. Bu işdə Murtuz Ələsgərov, Sirus Təbrizli, Əli Nağıyev, Asya Manafova, Şahlar Əsgərovla yanaşı, rəhmətlik Maksim Musayevin də müstəsna xidmətləri olmuşdu. Tezliklə respublikanın əksər rayonlarında YAP-ın təsis konfransları keçirildi... Artıq mən də polis rəisi vəzifəsindən istefa verib bütün enerjimlə Bakida Milli Məclisin iclaslarına qatılmaq gərarına gəldim...

Onu da deyim ki, 1993-cü ilin martında Bakıya qardaşı Həsən Əliyevin “40” mərasiminə gəlmiş Heydər Əliyev vaxtının azlığına baxmayaraq Nərimanov metrosu yaxınlığındakı qərargahda bir sıra YAP fəalları ilə birgə Maksim Musayevi və məni də qəbul edərək 1 saata yaxın bizimlə söhbət etdi, ictimai-siyasi durumla bağlı dəyərli tövsiyələr verdi… Daha sonra biz “28 May” metrosu yaxınlığında Ulu Öndərin gəzintisini böyük bir qrupla müşayiət etdik...

-1993-cü ilin yazında bir qrup deputat Heydər Əliyevin qayıdışını təşkil etmək məqsədilə Ali Sovetin növbədənkənar sessiyasının çağırılmasını tələb edir və bu məqsədlə imza toplayırdı. Siz bu prosesdə necə iştirak edirdiniz?

- Bəli. Mən, rəhmətlik Maksim Musayev, Əli Nağıyev, Rafael Allahverdiyev və b. bu prosesdə fəal iştirak edirdik. Amma onu da deyim ki, bəziləri tərəddüd edir, hətta qorxurdular. Rəhmətə getdiyi üçün adını çəkmirəm, general rütbəli bir deputat var idi. Ona imza üçün müraciət etdim. Dedi ki, Cahangir, xahiş edirəm məndən uzaq ol. Dedim, a kişi, burada nə var ki, qorxursan. Dedi ki, yox e, qorxuram. Onun yanından çıxıb parlamentə gəldim, aparat işçiləri mənə çatdırdılar ki, indi həmin general zəng edib rəhbərliyə ki, Cahangir Hüseynov məndən H.Əliyevin qayıdışı üçün imza almaq istəyirdi, razı olmadım... Bütün bu çətinliklərə rəğmən biz 132 imza toplaya bildik. Təsəvvür edirsinizmi, hətta Surət Hüseynov da deputat kimi Heydər Əliyevin qayıdışı üçün imza atmışdı. Biz həmin imzaları parlament sədri İsa Qəmbərə təqdim etdk. O, müavini Tamerlan Qarayaevlə birgə baxdı və dedilər ki, biz məsələni prezidentə çatdırıb sizə məlumat verərik. Hətta biz sessiya söhbətini, bir qrup deputatın qeyri-qanuni olaraq parlament iclaslarından təcrid edilməsi məsələlərini qaldıranda AXC hakimiyyətindən bəziləri deyirdilər ki, biz hakimiyyətə zor gücünə gəlmişik, bacarırsınızsa, siz də gəlin… Bu minvalla məsələ uzandı, sonra da Gəncədə hadisələr baş qaldırdı...

- Sizcə, həmin sessiyanı keçirə bilsəydiniz, Gəncə hadisələri baş verməyəcəkdi?

- Bəli. Inanın ki , əgər həmin sessiya alınsaydı və Heydər Əliyev vaxtında Bakıya qayıtsaydı, çox guman ki, Gəncədə heç bir qiyam-filan baş verməyəcəkdi və hər şeyi əmin-amanlıqla qaydasına salacaqdıq...

- Cahangir müəllim,  Heydər Əliyevin o zaman sizin də üzvü olduğunuz parlamentə sədr seçildiyi 15 iyun 1993-cü il tarixini necə xatırlayırsız?

- Çox gərgün hadisələr yaşadıq. Gəncədə boş yerə günahsız insanların, hərbçilərin qanı töküldü. Ancaq Heydər Əliyev öz gəlişi ilə bu qanın, ümumiyyətlə, Azərbaycanı gözləyən daha böyük fəlakətlərin qarşısını aldı. O, Bakıya gələndən bir neçə gün sonra artıq öz zəifliklərini dərk edən o vaxtkı hökumət üzvləri, eləcə də Ali Sovet sədri istefa verdi. Və iyunun 15-də biz böyük ruh yüksəkliyi və təntənə ilə Heydər Əliyevi parlament sədri seçə bildik. Həmin ilin noyabrında Prezident seçilmiş Ulu Öndərin Azərbaycandakı sonrakı fəaliyyəti isə bütün xalqa məlumdur və bu barədə saatlarla danışmaq olar...

Yalnız  onu demək kifayətdir ki, 1994-cü ilin 12mayında  Bişkek şəhərində Ermənistan ilə atəşkəs muqaviləsi bağlanması ilə hərbi əməliyatların dayandırılması və bundan sonra dövlətçiliyimizin möhkəmləndirilməsi işinin başlanması məhz Heydər Əliyevin böyük siyasətinin nəticəsi oldu.  Və həmin muqavilədən sonra “Əsrin kontraktı”nın imzalanması, Azərbaycanın dağılmış iqtisadiyatının bərpa edilməsi, ordu gurulucuğunun  sürətləndirilməsi və s. baş verdi.  Sonda isə hazırkı dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü uğurlu siyasəti və 44 günlük ikinci Qarabağ muharibəsi nəticəsində torpaqlarımız erməni işqalçılarından azad edildi...

Əlbəttə, bütün bu uğurlar Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlandı. Ölkəmiz bu gün Cənubi Qafqazın və MDB məkanının ən inkişaf etmiş dövlətidir... Yeni qələmə aldığım “Yeni Qarabağnamə - Qarabağ Azərbaycandır!” əsərimdə bütün bu məsələlərə geniş yer ayırmışam...

Sonda Ulu öndər Heydər Əliyevə və torpaqlarımız uğrunda şəhid olmuş övladlarımıza Allahdan rəhmət diləyirəm...