İranda hicab qadağasının qaldırıldığını iddia edən sosial media platformalarında tez-tez paylaşılan videolar dünyanın diqqətini ölkədəki molla rejiminə yönəldib. İranlı siyasətçi və Məşvərət Şurasının üzvü Məhəmmədrza Bahunerin hicab tələbinin götürülməsi ilə bağlı açıqlamaları “İranda nələr baş verir?” sualına səbəb olub.
Hafta.az-ın yazdığına görə, Güney Azərbaycandan olan Beynəlxalq Əlaqələr üzrə ekspert, Dr. Məhsa Mehdizadə dünya ictimaiyyətində maraq yaradan hicab qadağası ilə bağlı QHA-ya danışarkən İran İslam Respublikası Konstitusiyasının 4-cü və 20-ci maddələrinə toxunaraq vurğulayıb ki, bütün qanunlar İslam prinsiplərinə uyğun olmalıdır və buna görə də Cinayət Məcəlləsinin 638-ci maddəsi qadınların ictimai yerlərdə “islami hicaba əməl etməməsi”ni cinayət məsuliyyətinə cəlb edir. Mehdizadə İranda Əli Xameneinin dini rəhbərliyi altında qanunların qüvvədə qaldığını qeyd edərək, hicaba əməl etməyən qadınların cərimə və ya qısamüddətli həbslə cəzalandırıldığını deyib.
Mehdizadə İranın yeni prezidenti Məsud Pezeşkianın Güney Azərbaycan əsilli olduğunu xatırladaraq bildirib ki, o, “məcburi üsullardansa sosial inandırmağa üstünlük verəcək” bir yol tutacaqlarını bəyan edib. “Lakin hüquqi tənzimləmə hələ də qüvvədədir. Başqa sözlə, hicab öhdəliyi qalır, amma bu, sadəcə, praktikada daha yumşaq yanaşmadan xəbər verir”, - Mehdizadə bildirib.
Mehdizadə əlavə edib ki, iranlı qadınların üstü açılmış və ya müasir geyimdə sosial şəbəkələrdə yayılan videoları reallığı əks etdirmir. O bildirib ki, videolar iranlı qadınlara aid olsa da, onların əksəriyyəti köhnə və ya İrandan kənardadır. Müsahib onu da vurğulayıb ki, İranda hicab qadağasının götürülməsi ilə bağlı deyilənlər yalandır. “Belə məzmunun yayılması təkcə rejim əleyhinə təbliğat deyil, həm də daha rahat dövlət yanaşması nümayiş etdirmək və cəmiyyəti yumşaltmaq məqsədi daşıya bilər. Başqa sözlə, "təzyiqlər qaldırıldı" anlayışı ictimai reaksiyanı azaltmaq üçün qəsdən gücləndirilir. Ona görə də bu görüntülərin bəzilərini dezinformasiya kimi qiymətləndirmək olar. Bu həm də ictimaiyyəti arxayın etmək, sistemin əsaslarını qorumaq üçün hazırlanmış manipulyasiyadır”, - deyə o bildirib
Mehdizadə “İran cəmiyyətində hazırkı vəziyyət necədir?” sualına belə cavab verib: “Bu gün İranda, xüsusən də Tehran, Təbriz və İsfahan kimi böyük şəhərlərdə qadınların böyük hissəsi hicab qaydasına daha sərbəst riayət edir. Lakin bu vəziyyət sosial dəyərlərdən qaynaqlanan dəyişiklik deyil, dövlət ideologiyası ilə cəmiyyətin azadlıq tələbi arasında dərin ziddiyyəti əks etdirir. Məcburi hicab cəmiyyətin böyük təbəqəsi tərəfindən dəyər kimi qəbul edilmir, yalnız qanuni öhdəliyə görə tətbiq edilir. Ona görə də bu məsələ əxlaqi və ya mədəni norma deyil, dövlət ideologiyasının tətbiq etdiyi kimlik siyasətinin birbaşa nəticəsidir. Bu gün İranda hicab məsələsi rejim və cəmiyyət arasında ən bariz simvolik qarşıdurma sahəsinə çevrilib”.