Hindistanın əsas müxalifət partiyası ümummilli yürüşə başlayıb

09:15 15.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Baş nazir Narendra Modinin rəqibi kimi görünən müxalifət lideri Rahul Qandinin rəhbərlik etdiyi ümummilli yürüş Manipurun şimal-şərqindəki Tubal rayonundan başlayıb. Partiyanın bəyanatına görə, “Bharat Jodo Nyay Yatra” və ya “Hindistanı ədalət üçün birləşdirin marşı” 15 ştatda 110 rayonu əhatə edir.

Hafta.az-ın yazdığına görə, 67 gün davam edəcək yürüşdə 6713 kilometr məsafənn qət ediləcəyi gözlənilir.

Bu, Konqres Partiyasının seçkilərdə dəstək toplamaq üçün son iki ildə təşkil etdiyi ikinci marş proqramıdır.

2022-ci ilin sonlarında Qandi ölkənin ən cənub sahilindəki Kanyakumari şəhərindən Cammu və Kəşmirə qədər "Birləşən Hindistan Yürüşü"nə rəhbərlik edib.

Yürüş çərçivəsində beş ay ərzində 12 ştatda 3570 kilometr məsafə qət edilib və Konqres Partiyasının tərəfdarları Modi hökumətinə iqtisadi bərabərsizliyi və dini qütbləşməni artırmağa etiraz ediblər.

Apreldə və ya mayda Hindistanda milli seçkilərin keçiriləcəyi gözlənilir.

Müxalifət seçkilərdə Modinin rəhbərlik etdiyi Hindistan millətçi Bharatiya Janata Partiyasının (BJP) böyük gücünə qarşı mübarizə yollarını axtarır.

Sorğulara görə, təxminən on ilə yaxındır hakimiyyətdə olan Modinin üçüncü müddətdə qalib gələcəyi ilə bağlı şərhlər verilir. Lakin Modi pisləşən iqtisadiyyat, artan işsizlik, müsəlmanlara hücumların səbəb olduğu dini gərginlik, həmçinin müxalifət və azad mətbuat üçün məkanın daralması səbəbindən tənqidlərin mərkəzindədir.

2019-cu ildə Modinin partiyası BJP parlamentdəki 543 yerdən 303-nü qazanıb. Konqres Partiyası 52 mandatla ikinci yerdədir.