Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında iştirak edib. Türkiyəli nazir şəhid Baş leytenant Valeh Məmiyevlə olan dialoqunu xatırlayərkən kövrəlib.
Hafta.az xəbər verir ki, Hulisi Akar Türkiyədə təlimlərin birində baş leytenant Valeh Məmiyevlə tanış olduğunu qeyd edib:
“Ona demişdim ki, bu təlimlər əhəmiyyətlidir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir, sənin vəzifən budur. O da söz vermişdi”.
Valeh Məmiyevin Vətən müharibəsində yaralanan zaman xəstəxanada “Verdiyim sözü yerinə yetirdim”, - deməsini, xatırladan nazir kövrəlib.
Qeyd edək ki, Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. 2015-ci ildə tank tağım komandiri kimi vətənə xidmətə başlayıb. Bütün təlimlərə aparıcı zabit kimi qoşulub. 2020-ci il türk-azərbaycan təlimlərində böyük qəhrəmanlıqla iştirak edib və təlimlərin sonunda Hulusi Akar tərəfindən fərqlənmə ilə təltif edilib. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tank komandiri kimi iştirak edib. Oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb və 4 gün sonra aldığı yaradan şəhid olub. Son anında təbəssümlə deyib ki, “mən qardaş Türkiyənin müdafiə nazirinə verdiyim sözə əməl elədim. Vətən sağ olsun”.