Kanadada ukraynalı əsgərlərə ucaldılmış abidə söküldü

09:16 14.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kanadada II İkinci Dünya Müharibəsində nasist qoşunları ilə vuruşan ukraynalı əsgərlərin xatirəsinə ucaldılan abidə illərlə davam edən etirazlardan sonra götürülüb.

Hafta.az-ın “National Post”a istinadən yazdığına görə, Ontarioda yerləşən, xüsusi mülkiyyətdəki Müqəddəs Volodimir Ukrayna qəbiristanlığında tikilmiş abidənin götürüldüyü açıqlanıb.

1988-ci ildə ucaldılan abidə Vaffen-SS Qalisiya Korpusunda xidmət edən əsgərlərin xatirəsinə ucaldılmışdı. Könüllü əsgərlərdən ibarət bölmə faşist zabitlərinin komandanlığı altında müharibədə iştirak edirdi.

Ontariodakı abidə uzun illərdir ki, ukraynalılarla Kanadadakı polyak və yəhudi icmaları arasında gərginliyə səbəb olub.

1933-cü ildə aclıq zamanı bir çoxu Ukraynanı tərk edən və anti-sovet fikirlərinə sahib olan Kanadadakı ukraynalılar abidəni müdafiə edərkən, ölkədəki yəhudi və polşalı qruplar onun nasist birliyinə hörmət olduğunu bildiriblər.

Qəbiristanlıq rəhbərliyindən verilən açıqlamada abidənin “təmir üçün” götürüldüyü bildirilib.

Son illər abidəyə çoxlu hücumların olduğunu xatırladan qəbiristanlıq rəhbərliyi "Axır zamanlar vandallar abidəyə ciddi ziyan vurub. Bölmədə olan əsgərlərin nəvələri ilə məsləhətləşdikdən sonra təmir etmək məqsədilə abidəni sökməyə qərar verdik”.

Abidənin yerində “Təmir üçün götürülüb” yazısı da qoyulub.

Bununla belə, Ontariodakı yəhudi icmasının aparıcı simalarından olan ravvin Stefen Uays abidənin həmişəlik götürülməsini təklif edib. O deyib ki, “geri qayıtmamalıdır, amma yerinə məsuliyyətsiz yazılar qoyurlar ki, yenidən abidə qoyulacaq, bu belə olmayacaq”.

Abidənin sökülməsi qərarının uzun və çətin müzakirələrdən sonra verildiyini bildirən Uays, "Bu abidənin müxtəlif qruplar üçün nəyi təmsil etdiyindən və necə irəliləyəcəyimizdən danışdıq. İnsafən, bizi eşitdilər, dinlədilər və məsələ öz həllini tapdı. Nəhayət həll olundu. Uzun bir mübarizə oldu, amma günün sonunda xoşbəxtəm. Nasist abidəsinin Kanada torpaqlarına aid olduğuna inanmıram" deyib.

Nasist abidəsinin götürülməsi Kanadanın müharibədən sonra ukraynalı millətçilərə qapı açmaq siyasətini yenidən gündəmə gətirib.

II İkinci Dünya Müharibəsindən sonra minlərlə ukraynalı Kanadaya köçüb. Lakin “Soyuq Müharibə” şəraitində bu insanların nasistlərlə əlaqəsi nəzərə alınmayıb.