Keyfiyyətsiz araq istehsalına son qoyulur? - Aktual

10:32 24.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən ediməsinə dair qanunvericiliyə təklif edilən dəyişikliyin səbəbi məlun olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklik ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamı çərçivəsində hazırlanıb və spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur.

Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt, eyni zamanda, qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir.

Qanun layihəsinə əsasən:

- alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək;

- minimum qiymətin müəyyən edilməsi məqsədilə müvafiq qayda təsdiq ediləcək;

- pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.

Qeyd edilib ki, qanun layihəsi alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək.

Qiymətlərin necə dəyişəcəyi qaydalar hazırlanıb tətbiq edildikdən sonra bəlli olacaq

Deputat Vüqar Bayramov qanunda nəzərdə tutulan yeni qaydaların tətbiqində məqsədin alkoqollu içkilər bazarında qeyri-leqal olaraq satışa çıxarılan və insan sağlamlığı üçün zərərli olan məhsulların satışının qadağan olunmasından ibarət olduğunu deyib.

O, aparılan monitorinqlərə əsasən bu gün spirtli içkilər bazarında, xüsusən də insan sağlamlığı üçün ziyanlı olan və eyni zamanda qeyri-leqal istihsal olunaraq bazara çıxarılan məhsulların sayının az olmadığını qeyd edib. Deputat yeni qaydaların yalnız arağa tətbiq olunacağını qeyd edib. Eyni zamanda, bir sıra hallarda bəzi alkoqollu içkilərin qiymətinin onların aksiz vergisindən belə aşağı olmasına diqət çəkib.

Deputat qanunda edilən dəyişikliyin qiymətlərə təsirinə gəlincə bildirib ki, qaydalar Nazirlər Kabineti tərəfindən qanunvericiliyə edilən dəyişikliklərdən sonra hazırlanacaq:

“Həmin qaydalara uyğun olaraq qiymətlərin necə dəyişəcəyini o zaman söyləmək olar. Əslində, praktik olaraq əgər məhsul istehsalı leqaldırsa, vergilər ödənilirsə, xərclər nəzərə alınırsa yeni qaydalar həmin məhsullara təsir göstərməməlidir. Qaydalarda məqsəd bazara qeyri-leqal çıxarılan və qiyməti kifayət qədər aşağı olan, hətta aksiz vergisindən az olan məhsulların satışının qarşısını almaq və  bazarlarda  leqal istehsal olunan məhsulların satışına nail olmaqdır. Ona görə də yeni qanun bu qaydalara qədər bazara çıxarılan və xərcləri tam olaraq hesablanan və aksiz vergiləri daxil olmaqla bütün məhsulların qiymətlərinə təsir göstərəcək. Qiymətlərin necə dəyişəcəyi isə qaydalar hazırlanıb tətbiq olunduqdan sonra bəlli olacaq”.

Ölkəmizdə kifayət qədər qeyri-adekvat üsullarla istehsal olunan və dövriyyəyə buraxılan, satılan spirtli içkilər mövcuddur

İqtisadçı Eldəniz Əmirov hafta.az-a açıqlamasında bildirib ki, mövcud dəyişiklik istehlakçıların hüquqlarının müdafiəsi baxımından, xüsusilə də onların sağlamlığının qorunması baxımından son dərəcə vacib bir qərardır. O, qeyd edib ki, ölkəmizdə kifayət qədər qeyri-adekvat üsullarla istehsal olunan və dövriyyəyə buraxılan, satılan spirtli içkilər var:

"Bunlar qanunsuz yollarla istehsal olunduğu üçün keyfiyyət göstəriciləri sağlamlığa zərər verəcək dərəcədə aşağı olur. Eyni zamanda vergiyə cəlb edilmə, aksis məsələləri, qaçaqmalçılıq və digər istiqamətlər üzrə ciddi qanun pozuntuları baş verir. Təbii ki, bu qanun pozuntularına qarşı mübarizə aparılır, amma bu mübarizəyə daha bir alət əlavə olunur. Bu alət isə minimum qiymət həddinin tətbiq olunmasıdır. Minimum qiymət tətbiq olunmayan zaman artıq qanunsuz yollarla – zirzəmilərdə, digər uyğun olmayan yerlərdə qanunsuz spirtli içki, xüsusən də araq istehsal edib satışa çıxaranlar daha az qiymət təklif edə bilirlər. Müəyyən ödənişlərdən kənar, keyfiyyətsiz, ucuz xammaldan istifadə etməklə və digər vasitələrlə məhsulun maya dəyərini kifayət qədər aşağı sala bilirlər, bazarlara ucuz məhsul təqdim edirlər. İstehlakçılar isə təəssüf ki, əksər hallarda keyfiyyəti nəzərə almadan, məhz məhsulun qiyməti üzərində diqqətini fokusladığı üçün belə məhsullar alır. Nəticədə, istehlakçının sağlamlığı üçün ciddi zərər yaranır, eyni zamanda doğru-dürüst keyfiyyətli məhsul istehsalçılarının rəqabətdə uduzması baş verir. Bu baxımdan sözügedən qərar doğru qərardır. O ki qaldı burada hansısa digər məhsulların xüsusi nəzərə alınmasına, digərlərinin isə nəzərə alınmamasına, hesab edirəm, hansı məhsul qaçaqmalçılıq yolu ilə gətirilirsə, hansı məhsul vergidən yayınırsa, hansı məhsulda daha çox keyfiyyətsiz formalar müşahidə edilirsə, zirzəmilərdə, qeyri-adekvat yerlərdə istehsal olunursa, həmin məhsula minimum qiymətin tətbiq edilməsi daha vacibdir. Əks təqdirdə, rəqabəti pozmuş olarıq. Buna görə də bu məsələ dinamik məsələdir. Yəni ola bilər, bu il arağa minimum qiymət qoyulsun, amma növbəti il digər spirtli içki növü də bu siyahıya əlavə edilsin".