Kimlər pulsuz ev almaq hüququna malikdir?

19:13 19.04.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ötən il 2 555 ailə dövlət hesabına mənzillə təmin olunub. Qeyd edək ki, dövlət hesabına mənzillə təmin edilən ailələrin sayına görə Qarabağ və Şərqi Zəngəzur bölgələri ön sıradadır. Burada Füzuli, Şuşa, Zəngilan və Laçın rayonları xüsusilə diqqət çəkir. Mənzillə təmin edilən ailələr əsasən keçmiş məcburi köçkünlərdir.

Paytaxt Bakı şəhərində isə 352, Abşeronda 298 ailə evlə təmin olunub. Mingəçevir, Lənkəran və Tərtər də mənzil bölgüsündə aktiv rayonlardır.

Keçmiş məcburi köçkünlərdən sonra ən çox mənzil alan kateqoriya Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində əlil olan şəxslər (341), şəhid ailələri (444) və ehtiyata buraxılan hərbi qulluqçulardır (89). Təkcə Suraxanıda 46 şəhid ailəsi və 70 əlil ailəsi ev alıb. Abşeron rayonunda isə 120 şəhid ailəsi və 132 əlil ailəsi evlə təmin edilib.

Sosial həssas qrupların – əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların ailələri (5 ailə), 20 Yanvar zərərçəkənləri (2 ailə), Çernobıl qəzası ilə bağlı zərərçəkmişlər (15 ailə) – evlə təminatı olduqca aşağıdır.

Yeri gəlmişkən, Azərbaycanda dövlət hesabına məzillə təmin olunanların əhatə dairəsi genişlənib. Belə ki, bu ilin əvvəlində “Mənzil Məcəlləsi”nə edilən dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiq olunduqdan sonra bəzi həssas qrupların dövlət hesabına mənzillə təminat hüququ yaranıb. Həmin sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Mövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı deyib ki, hazırda bəzi kateqoriyadan olan vətəndaşlar dövlər hesabına mənzillə təmin edilirlər: “Məsələn, şəhid ailələri, qazilərin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda müvafiq dövlət proqramları var və onlar illərdir ki, icra olunur. Bu proqramlar ölkə prezidentinin nəzarətindədir. Eyni zamanda ölkə qanunvericiliyində nəzərdə tutulur ki, aztəminatlı və sosial təminata ehtiyacı olan, yaxud da sosial təminata ehtiyacı olduğu hesab olunan insanlar bu mənzillərdən yararlana bilərlər. Bunlar sosial təminat haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə, minimum əməkhaqqı və minimum müavinət, gəlirlər, istehlak səbəti və digər istiqamətlərin arasındakı fərqlə müəyyən olunan məsələlərdir. Bir şəxsin ailə tərkibi 4 nəfərdisə, həmin 4 nəfərin evinə daxil olan vəsait yalnız bir nəfərin minimum istehlak imkanlarını qarşılayırsa, yerdə qalan 3 nəfər acından ölməməlidir. Dövlət onların sosial təminatı ilə məşğul olmalıdır. Bu ailə aztəminatlı ailə hesab olunur. Həmin aztəminatlı ailənin mənzili yoxdursa, onun mənzillə bağlı müraciət etmək hüququ yaranır. Bu istiqamətdə qayğıya ehtiyacı olan şəxslər də bura daxildir. Azərbaycanın hüdudları daxilində yaşayan istənilən aztəminatlı ailə bu imkandan yararlana bilər. Müraciət edən şəxslər Azərbaycan vətəndaşı olmalıdır"

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlarımız pulsuz evə sahib olurlar: “Mövcud qanunvericiliyə görə, şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzası nəticəsində əlilliyi olan şəxslər və valideynlərini itirmiş vətəndaşlara sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır.Yeni dəyişikliklərə yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq".

Deputat qeyd edib ki, yeni qaydalara əsasən sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib: “Bu, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər”.