Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Prezident Admnistrasiyasından verilən yazılı açıqlamada prezident Tufan Ərhürman BMT Baş katibi Antoniu Quterreşin səfərindən əvvəl mediada heç bir mövqe tutmağa və ya ittiham irəli sürməyə cəhd etmədiklərini qeyd edib, Quterreşin BMT rəsmilərinin Kipr türk xalqının təcrübələrinə əsaslanaraq bu günə qədər irəli sürdüyü yanaşmalardan xəbərdar olduğunu bildirib.
Hafta.az yazır ki, Ərhürman BMT Baş katibinin adaya səfərindən əvvəl hazırlıqlarını və məsləhətləşmələrini tamamladıqlarını bildirərək əlavə edib: "Başlanacaq yeni prosesə hazırıq. Hazırlıqlarımızı və məsləhətləşmələrimizi intensiv şəkildə həyata keçirdik və bu gün etibarilə onları yekunlaşdırdıq. Sabah xanım Holqinin (BMT Baş katibinin Kipr üzrə şəxsi nümayəndəsi Maria Angela Holqin Kuellar) səfəri ilə başlayacaq prosesə hazırıq".
Ərhürman açıqlamasında BMT Baş katibi Quterreşin səylərini dəstəklədiklərini bir daha vurğulayıb və işlərini həmişə olduğu kimi Türkiyə ilə məsləhətləşmələr əsasında apardıqlarını bildirib.
BMT Baş katibinin səylərinə vicdanla töhfə verməyə çalışdıqlarını vurğulayan Tufan Ərhürman, proseslə bağlı bütün tərəflərin fikirlərinin nəzərə alınacağını və xalqın iradəsinin əsas prinsip olacağını əlavə edib.