Azərbaycanda köhnə avtomobillər dövriyyədən çıxarılacaq. Milli Məclisdə "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Dəyişikliyə görə, utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə utilizatorlar tərəfindən yalnız bir təsdiqedici sənəd veriləcək və güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin kateqoriyası üzrə məhdudlaşdırılmayacaq.
Təsdiqedici sənəd verildiyi gündən 3 il müddətində qüvvədə olmaqla, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulacaq. Təsdiqedici sənəd adsızdır və başqa şəxs tərəfindən də istifadə edilə bilər. Utilizasiyaya verilən müxtəlif nəqliyyat vasitələrinə görə verilmiş, qüvvədə olan və istifadə edilməmiş təsdiqedici sənədlər əsasında əldə edilən güzəşt məbləğlərinin cəmlənməklə istifadəsinə yol veriləcək. Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilə bilməz.
Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satışı təsdiqedici sənədlər əsasında güzəşt tətbiq edilməklə həyata keçirildikdə nəqliyyat vasitələrinin satıcıları 3 iş günü müddətində alqı-satqını rəsmiləşdirən sənədlərin və təsdiqedici sənədlərin surətlərini, habelə onların tətbiq edildiyi nəqliyyat vasitələri barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) operatora göndərəcəklər.
Operator nəqliyyat vasitələrinin satıcıları tərəfindən bu maddənin beşinci hissəsində qeyd olunan sənədlər təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edəcək. Tətbiq edilən güzəşt məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda güzəşt məbləğinin artıq olan hissəsi nəqliyyat vasitələrinin satıcılarına ödənilməyəcək.
Təsdiqedici sənədə malik şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən daha az həcmdə birdəfəlik ödəniş ala bilər.
Operator müvafiq təsdiqedici sənəd ona təhvil verildiyi gündən 30 (otuz) iş günü müddətində birdəfəlik ödəniş məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan aidiyyəti üzrə təsdiqedici sənədi təqdim edən şəxsin hesabına və ya dövlət büdcəsinə köçürülməsini təmin edəcək və ödənişin həyata keçirilməsi barədə sənədi təsdiqedici sənədi təqdim edən şəxsə verəcək. Utilizatorlar verdikləri təsdiqedici sənədlərlə bağlı hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verəcəklər. Nəqliyyat vasitələrinin satıcıları təsdiqedici sənədlərin uçotunu aparacaqlar və bununla bağlı hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verəcəklər. Operator təsdiqedici sənədlərin uçotunun aparılmasını təmin edəcək. Qanun layihəsi üçüncü oxunuşda qəbul ediləcəyi halda bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
Mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bizimlə söhbətində qeyd edib ki, utilizasiya böyük sosial-iqtisadi proqramdır:
“Hər ölkə bu proqramı həyata keçirə bilmir. Bunun üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Azərbaycan da milli iqtisadiyyatının dayanıqlılığına güvənərək utilizasiya proqramı hazırlayıb. Bir sıra ölkələrdə utilizasiya məcburi xarakter daşısa da, yəqin ki, Azərbaycanda könüllü olacaq. Yəni, bəzi ölkələrdə dövlət avtomobilləri bazar qiyməti əsasında məcburi qiymətləndirir və bunun əsasında vətəndaşa hansısa məbləğ ödəyir. İri avtomobil sənayesi olan ölkələrdə isə adətən köhnə avtomobillərin dəyərinə uyğun vauçerlər verilir, vətəndaş yeni avtomobil alanda həmin vauçeridəki məbləğ qədər güzəşt qazanır. Azərbaycanda isə yəqin ki, utilizasiya proqramı üçün könüllülük prinsipi əsas götürüləcək. Yəni vətəndaşların avtomobilləri əllərindən məcburi alınmayacaq".
Ölkəmizdə avtomobil parkının köhnə olduğunu vurğulayan ekspert utilizasiyaya ciddi ehtiyac olduğunu deyib: “Əks halda, avtomobil parkı tamamilə köhnələcək. Amma nəzərinizə çatdırım ki, utilizasiya proqramları daimi olmur. Müvəqqəti, 3-5 il müddətində həyata keçirilir”.
Onun sözlərinə görə, istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınması və utilizasiyası fondunun yaradılması təcrübəsi beynəlxalq təcrübədə də əks olunub.
E.Cəfərov, həmçinin qeyd edib ki, utilizasiya proqramının tətbiqindən əvvəl Azərbaycanda utilizasiya sənayesinin yaradılması gözləniləndir: "Utilizasiyaya gedən avtomobillərdən sökülən ehtiyat hissələri ya təkrar emala verilməli, ya da xaricə satılmalıdır. Bunu ekosistemin yaxşılaşdırılması və avtomobil parkının yenilənməsi üçün uğurlu addım hesab edirəm".
Məsələ ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə isə vurğulayıb ki, dünyada avtomobillərin sayı artdıqca, istismar müddəti bitmiş avtomobillərin utilizasiyası da qlobal problemə çevrilib:
“Avropa Birliyi ölkələrində, Yaponiya, Koreya və Çində bu sahədə ayrıca qanunlarla birbaşa tənzimlənmə mövcuddur. ABŞ, Kanada, Avstraliyada utilizasiya zamanı bazar mexanizmi və ətraf mühitlə bağlı ekoloji qanunvericilik əsasında tənzimləmə üsulundan istifadə olunur. Köhnə avtomobilləri istismardan çıxartmaqla ətraf mühitin çirklənməsini azaltmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini artırmaq üçün bir çox ölkələrdə köhnəlmiş avtomobillərin rəsmi emal müəssisələrinə təhvil verilməsini stimullaşdıran qaydalar müəyyənləşdirilib. Bu qaydalara əsasən köhnə avtomobilin sahibinə kompensasiya ödənilir, yeni avtomobilin alınması üçün endirim kuponu verilir. Bu kuponla avtomobil sahibi yerli istehsala aid avtomobili endirimlə ala bilər. Bu, ölkədə istehsal olunmuş avtomobillərin satışını artıraraq dəstək xarakteri daşıyır. Hazırda havaya nəqliyyat sektorundan atılan tullantıların böyük hissəsi köhnə avtomobillər tərəfindən atılır. Avrostandartların tələbinə görə, nəqliyyat vasitələrinin istehsalı zamanı dəm qazı üçün qoyulmuş norma hər qət edilmiş kilometrə 0,5 qramdan 1 qramadəkdir. Köhnə avtomobillərdə bu tullantıların miqdarı dəfələrlə çoxdur".
R.Səttarzadə onu da bildirib ki, utilizasiya proqramına əsasən qanunvericilik aktlarına müxtəlif dəyişikliklər nəzərdə tutulub: “Nəqliyyat vasitəsi sahiblərinin bütün növ nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı və minik avtomobillərinin idxalı zamanı utilizasiya haqqı ödəniləcək. Bu məbləğlərin toplanıldıqdan sonra güzəşt və birdəfəlik məbləğ kimi vətəndaşlara verilməsi nəzərdə tutulub. Nəqliyyat vasitəsini utilizasiyaya təqdim etmiş şəxs yerli istehsala aid nəqliyyat vasitəsi alarkən güzəşt və birdəfəlik ödəniş əldə edə biləcək. Bu məbləğ isə avtomobilin kateqoriytasından asılı olaraq təxminən 1500-3000 manat arasında dəyişir. Nəqliyyat vasitəsinin utilizasiyasını müəyyən tələblərə cavab verən və reyestrdə qeydə alınmış utilizator həyata keçirəcək. Bu utiliziasiyada əldə olunmuş yararlı mal-material isə təkrar istifadəyə yönəldiləcək. Bununla da utilizasiya köhnə avtomobillərin xammal kimi təkrar istehsal edilərək dövriyyəyə buraxılmasına, beləcə tullantıların idarəolunmasına öz töhvəsini verəcək. Bu proqramın nəticəsində avtomobillərdən havaya atılan zərərli maddələr azalacaq. Ətraf mühitin keyfiyyəti yaxşılaşacaq. Köhnə avtomobillərin dövriyyədən çıxması avtomobil parkının yenilənməsinə, bununla da yol qəzalarının sayının azalmasına gətirib-çıxaracaq”.