“Konqresin Türkiyəyə F-16 satışını təsdiqləməsi mühüm addımdır” – ABŞ səfiri

09:10 12.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Ankaradakı səfiri Ceffri Fleyk X sosial media hesabında Konqresin Türkiyənin F-16 almasına razılıq verməsi ilə bağlı açıqlamalarını paylaşıb.

Hafta.az-ın yazdığına görə, səfir Fleyk, "Konqresin bu həftə Türkiyənin 40 yeni F-16 təyyarəsi və daha 79 ədəd F-16 təyyarəsinin modernləşdirilməsi ilə bağlı razılıq verməsi irəliyə doğru atılan mühüm addımdır. Türkiyənin F-16 donanması NATO-nun gücü üçün həyati əhəmiyyət kəsb edir və müttəfiqlər böyük önəm daşıyır. Bu, gələcək qarşılıqlı əlaqəni təmin edir" deyib.

Yanvarın 26-da F-16-ların Türkiyəyə satışı ilə bağlı ABŞ rəhbərliyinin Konqresə göndərdiyi rəsmi bildirişin ardından qanunla müəyyən edilmiş 15 günlük araşdırma müddəti satışı dayandıracaq heç bir maneə olmadan tamamlanıb.

ABŞ Dövlət Departamentinin yanvarın 26-da Konqresə göndərdiyi rəsmi bildirişdən sonra başlayan 15 günlük araşdırma və etiraz prosesində yalnız Kentukki senatoru Rand Paulun Senata təqdim etdiyi etiraz gündəmə gətirilib. Paulun təqdim etdiyi qanun layihəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərilsə də, orada onunla bağlı heç bir tədbir görülməyib.

Beləliklə, ABŞ administrasiyasının rəsmi xəbərdarlığından sonra Konqresdəki 15 günlük müddət dünən axşam yerli vaxtla başa çatıb və ABŞ Silah İxracına Nəzarət Qanununa (AECA) uyğun olaraq müvafiq qurumlar arasında satış prosesinin başlaması üçün heç bir maneə qalmayıb.

Türkiyə ABŞ-dan 40 yeni F-16 Block 70 döyüş təyyarəsi və inventarında olan 79 təyyarə üçün modernizasiya dəsti tələb etmişdi.