Konservləşdirilmiş məhsullar- nəyə diqqət etməli? - Menyu

12:44 10.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dadlı, həm də hazırlanması rahat məhsullardan biri də ət və balıq konservləridir. Bu məhsullar yəqin ki çoxlarının dadına yetişib. Ancaq, konservləşdirilmiş qida məhsullarından istifadə etmək rahat olsa da, onlar çox qısa bir zamanda daxili orqanları narahat edir. İstənilən qida məhsulunun konservləşdirilməsində müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Bu isə ən ciddi xəstəliklərin yaranmasının başlanğıcı ola bilər.

Hafta.az-ın “Menyu” rubrikasının bu günkü mövzusu gördüyünüz kimi konservləşdirilmiş ət və balıq məhsullarıdır.

Nəzərinizə çatdıraq ki, yerli satış obyektlərindən hər qiymətə konserv əldə etmək mümkündür. Belə ki bu məhsulun dəyəri 2 manatdan başlayaraq dəyişir.

Elə bu amili keyfiyyətinə də şamil etmək olar. Bunu isə biz yox mütəxəssis söyləyir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında bildirdi ki, konservləşdirilmiş ət və balıq məhsulları ilə bağlı Azad İstehlakçılar Birliyinə demək olar ki hər ay 1-2 zəng daxil olur. Bu zaman da "konservləri necə seçmək lazımdır?", "yararlılıq müddəti nə qədər olmalıdır?" tipli və qiymət siyasəti ilə bağlı sorğular verilir.

Sədr deyir ki, əhali konservlərin, xüsusən də balıqdan hazırlananların təhlükəli qidalar arasında olduğunu bilməlidir. Yəni bunlardan zəhərlənmə riski böyükdür. Odur ki, konserv alan zaman bunları bilmək vacibdir:

“Konservləri alan zaman üzərində yazılanlara diqqətli baxmaq lazımdır. Bütün konservlərin qablaşdırmasında "Qost" yaxud da "TŞ" yəni "texniki şərt" qeyd edilir. Yaxşı olardı ki, "Qost" yazılana üstünlük verilsin. Bundan başqa dəmir qutuda qablaşdırlan belə məhsullar daha etibarlı hesab edilir. Qapağı şişmiş konservlər isə olduqca təhlükəlidir”. Bəzən istehlakçılar xüsusilə də xaricdən gətirilən məhsulların keyfiyyətindən narazılıq bildirirlər. Xaricdən gətirilən mal konservləri ilə bağlı şikayətlərdə deyirlər ki, "konservin içindən heyvanın yeli çıxır". Bütün hallarda əhaliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Çünki yerli konservlərin yararlılıq müddəti xaricdən gətirilənlərə nisbətən daha azdır”.

Bəs görəsən, "Ucuz ətin şorbası olmaz" deyimi bu yerdə də özünü doğruldurmu? Ekspert bu fikri olduqca əhəmiyyətli hesab edir:

Bu fikirlə razıyam, lakin qiymət mal haqqında tam informasiya vermir. Ola bilər ki, ən bahalı məhsul eyni zamanda ən təhlükəlidir. Çünki malın saxlanma şəraitindən çox şey asılıdır”.

Qeyd edək ki, konservləşdirmə latın sözü olmaqla (conservare) saхlamaq deməkdir. Konservləşdirilmiş məhsullar saхlanılmaya və daşınmaya davamlı olduğundan, əhalinin il boyu müхtəlif ərzaqla təchizatına imkan yaradır.

Tarixinə gəldikdə isə sənaye miqyasında konservləşdirmə üsulu XIX əsrin əvvəllərinə aid kəşfdir. Əti saxlamaq üçün Nikolya Apperin 1809-cu ildə apardığı ilk təcrübələrdən biri belə olur: o, əti deşiyi olan metal qutuya qoyub qaynadır, bişəndən sonra deşiyi lehimləyir və əti qutu ilə birgə bir daha suda qaynadır. Beləliklə, ilk konserv məhsulu alınır. Bizim dövrdə də ev şəraitində ərzağın şüşə bankalarda konservləşdirilməsi o dövrün konservləşdirməsini xatırladır. Konservləşdirmənin sənaye miqyasında geniş tətbiqi cəmiyyətin yeyinti təsərrüfatında bir inqilabdır.