Ukrayna ordusunun “Svoboda”("Azadlıq") taborunun komandiri, Milli Qvardiyanın mayoru Petr Kuzik korrupsionerlərin müharibəyə göndərilməsi təklifinə sərt reaksiya verib.
Hafta.az xəbər verir ki, "Ordudan oğurluq edən şəxs cəbhəyə getsə, güllələnəcək",- deyən zabit “Kiyev24” kanalında fikirlərini bölüşüb.
O, döyüş bölgəsində əsgərlərin həyatının dəstəkdən asılı olduğunu vurğulayıb.
“Silahda, müdafiə sistemlərində, döyüşçüyə lazım olan şeylərdə çatışmazlıq varsa, onu kimsə oğurlayıbsa, odur korrupsioner və o, nə az, nə çox - on, yüz, miqyaslı korrupsiya ölümə məhkumdur”, - deyə mayor bildirib.
Kuzik cəbhədə belə səfərbər edilmiş bir adamın taleyini proqnozlaşdırıb: "Onu güllələyəcəklər, sizə açıq deyəcəyəm."
Xatırladılır ki, fevralın əvvəlində Ukrayna parlamenti Nazirlər Kabinetinin təqdim etdiyi səfərbərlik haqqında qanun layihəsini təsdiqləyib. Artıq bu qanun layihəsinə 4 mindən çox düzəliş təqdim olunub. Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fyodor Venislavskinin sözlərinə görə, parlamentarilər nəhayət, bu ayın sonuna kimi sənədi qəbul edə bilərlər.
Ukrayna ədliyyə naziri Denis Malyuska isə bildirib ki, bəzi məhkum edilmiş ukraynalılar, xüsusən də korrupsiya cinayətləri törətmiş şəxslər müharibəyə göndərilə bilər.