Rusiya Daxili İşlər Nazirliyi dövlətə məxsus “Qazprombank”ın keçmiş vitse-prezidenti İqor Volobuyevin həbsinə order verib.
Hafta.az-ın yazdığına görə, Volobuyev müharibə başlayandan sonra Rusiyanı tərk edərək Ukrayna tərəfində döyüşməyə başlayıb.
Oktyabrda "xarici agent" elan edilən Volobuyevin həbsinə dair orderdə axtarışda olduğu cinayətlə bağlı heç bir təfərrüat göstərilməyib.
52 yaşlı Volobuyev Ukraynanın şimal-şərqində doğulub, lakin Moskvada böyüyüb.
2000-2016-cı illərdə Rusiyanın enerji nəhəngi “Qazprom”un sözçüsü olan iş adamı 2016-cı ildən Ukrayna müharibəsinə qatılana qədər “Qazprombank”da sənaye aktivlərinin inkişafı üzrə vitse-prezident vəzifəsində çalışıb.
Bildirilib ki, Volobuyev Ukraynada anti-Putin rusların yaratdığı “Azad rus legionu” silahlı qruplaşmasına qoşulub.
Volobuyev deyib ki, o, Rusiyanı azad, demokratik ölkə etmək üçün legiona qoşulub.
Avqust ayında Estoniya mətbuatına müsahibə verən 52 yaşlı iş adamı 2023-cü ilin aprelində ağır yaralandığını və həyatını 20 yaşlı silahdaşı tərəfindən xilas edildiyini bildirib.
Keçən ilin mayında o, Ukrayna lideri Volodomir Zelenski tərəfindən “cəbhədəki görkəmli uğuruna görə” Qızıl Xaç medalı ilə təltif edilib.