Hərbi ekspert Ədalət Verdiyev hafta.az üçün növbəti söhbətimizdə Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı” kontingentinin yeni komandanı Kiril Kulakovun şəxsi və xidməti keyfiyyətləri, Rusiya Müdafiə Nazirliyinin Laçın şəhərini “sülhməramlı”ların məsuliyyət zonalarına salması oyunları, “sülhməramlı”ların ermənilərin Ermənistandan Yuxarı Qarabağa silah-sursat və s. tədarükünü müşayiət etməsi haqda Azərbaycan tərəfinin bəyanatlarına Kremldən heç bir reaksiya verilməməsi, Yuxarı Qarabağın ermənilər yaşayan hissəsində növbəti qondarma “prezident” seçkisinin baş tutmaması üçün rəsmi Bakının görə biləcəyi tədbirlər haqda danışdıq.
– Rusiya sülhməramlılarına təzə komandan gəldi – general Kulakov... Bilirsiniz ki, “kulak” rusca “yumruq” deməkdir...
– Rusiya sülhməramlı kontingentinin yeni komandanı Kiril Kulakovun xidmət yoluna nəzər salsaq, görərik ki, bu general hərbi məktəbi də, xidməti də doğulduğu Kazan şəhərində keçirib. Bu isə onu deməyə əsas verir ki, Kulakovu indiyədək hansısa bir əl döyüş zonalarında və digər çətin ərazilərdəki xidmətdən qoruyub. İndi isə onun Qarabağdakı Rusiya kontingentinə komandan gətirilməsi böyük ehtimalla bu generalı Ukraynadakı hərbi əməliyyatlarda qorumaq məqsədi ilə atılan bir addımdır. Və heç bir döyüş təcrübəsi, eyni zamanda sülhməramlı fəaliyyətlərdə iştirakı olmayan Kulakovun hazırkı mürəkkəb vəziyyətdə Qarabağda uğurlu fəaliyyət göstərəcəyinə dair ehtimallarımız sıfır səviyyəsindədir. Hər bir halda Azərbaycan tərəfinin Rusiya kontingentindən gözləntiləri erməni silahlılarının ərazilərimizdən çıxarılmasından, onlara aid silah və texnikaların Azərbaycana təhvil verilməsindən və Qarabağın dağlıq hissəsindən didərgin düşmüş vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsindən ibarətdir. Ancaq, təəssüf ki, Rusiya sülhməramlıları hazırkı durumda minimal vəzifələrini belə, yerinə yetirə bilmir. Dəfələrlə erməni terrorçu qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqeləri istiqamətində atəşkəs pozuntuları baş verir, rus hərbçilərin gözü qarşısında Azərbaycanın mülki təyyarələrinə radio-maneələr yaradılır və ən əsası, sülhü təmin etməli olan Rusiya hərbi kontingenti erməni separatçı silahlılarının kuryerinə çevrilir. Özləri üçün ən acınacaqlısı isə odur ki, Rusiya kontingentinin hərbçiləri ermənilər tərəfindən fiziki zorakılığa məruz qalır. Odur ki, Rusiya auditoriyasında qadın və içki düşkünü kimi tanınan Kulakovun da Qarabağda ciddi nailiyyətlərə imza atacağını gözləmirəm...
– Üç aydan çoxdur ki, Rusiya Müdafiə Nazirliyinin Laçın şəhərini “sülhməramlı”ların məsuliyyət zonasına salması ilə bağlı ötən dəfə söhbət etdiyimiz gizlən-qaç oyununun sirri nə rəsmi, nə qeyri-rəsmi səviyyədə açıldı. Laçını bir, yaxud iki gün ardıcıl məsuliyyət zonalarına salırlar, sonra çıxarırlar, hərdən iki gün fasilə verirlər. Görəsən, Kulakov buna son qoyacaq, yoxsa bu oyunbazlıq hələ çox davam edəcək?
– Laçın şəhərinin dəfələrlə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonalarına salınması sülhməramlılardan daha çox Rusiya Müdafiə Nazirliyinin mövqeyi kimi dəyərləndirilməlidir. İndiyədək bir neçə komandan dəyişsə də, bu siçan-pişik oyununa son verilməyib. Odur ki, Kulakovun da təcrübəsiz birisi kimi belə bir gizlənpaç oyununa qarşı çıxacağı gözlənilən deyil. Həm də xarakter baxımından bu Rusiya generalı, məsələn, Rustam Muradovdan dəfələrlə zəif birisidir. Və əslində bu cür oyunlar Rusiyanın hərbi qurumlarının Azərbaycanın 2020-ci ilin müzəffər 44 günlük savaşındakı qələbəsindən məmnuniyyət duymadıqlarının bir göstəricisi kimi qəbul edilməlidir...
– Beçə aylardır ki, ardıcıl olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın “sülhməramlı” sayılan hərbçilərinin ermənilərin Ermənistandan Yuxarı Qarabağa silah-sursat və s. tədarükünü müşayiət etməsi haqqında Müdafiə Nazirliyimiz səviyyəsində rəsmi xəbərlər, bəyanatlar verilir və siz ekspertlər, eləcə də jurnalist, politoloq dairələrində bu məsələ geniş müzakirə olunur. Bəs görəsən, Azərbaycanın müvafiq qurumları Rusiya Müdafiə Nazirliyi qarşısında bunlara son qoyulması barədə rəsmi tələblər qoymur? Belə tələblər qoyulursa, Rusiya tərəfi buna necə reaksiya verir?
– Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıların ermənilərin Qarabağın dağlıq hissəsinə silah-sursat və s. tədarükünü müşayiət etməsi haqda rəsmi bəyanat verməklə yanaşı, təqdim etdiyi görüntülər vasitəsilə bu məsələdən məmnun olmadığını dəfələrlə nümayiş etdirib. Rusiya kontingentinin buna reaksiya verməməsi və deyilən fəaliyyətlərinə əvvəlki kimi davam etməsi Azərbaycan tərəfinin səbrini daşdırmağa hesablanıb. Düşünürəm ki, həmin fəaliyyət Qarabağdakı sülhməramlılara və onların kuryerlik etdiyi erməni silahlılarına əsla xoşbəxtlik gətirməyəcək. Tam əksinə, daşan səbrimiz sonunda “dəmir yumruğa” çevrilib həmin silahlıların başına enəcək və bunun çox yaxın müddətdə baş verəcəyinə şübhəm yoxdur...
– Rusiya, onun sülhməramlıları və Qarabağda növbəti qondarma “seçki”yə hazırlaşan separatçı revanşistlər Azərbaycanı hər vasitə ilə, o cümlədən Ağdam-Xocalı-Xankəndi- Şuşa yolunu açmamaqla təxribata çəkirlər. Bütün bunların axırı hara aparır?
– Mən daha əvvəl də bildirmişəm ki, Yuxarı Qarabağın ermənilər yaşayan hissəsində növbəti qondarma “prezident” seçkisinin baş tutmaması üçün əlimizdən gələni etməliyik. Araik Arutyunyanın Xankəndində “seçilmiş” sonuncu “prezident” olmasından ötrü bütün resurslarımızı səfərbər etməliyik. Hesab edirəm ki, son gərginliklərdən birinin də məntiqi nəticəsi Azərbaycan tərəfinin bu “seçki”lərə tamamilə mane olmasından ibarət olacaq. Hər bir halda həmin qondarma seçkilərin tarixi və yeri Azərbaycan üçün sirr deyil. Bu haqda siyasətçi və politoloqlarımız artıq öz xəbərdarlıqlarını etməlidirlər. Zərurət yaranarsa, Azərbaycan o “seçki”lərin keçiriləcəyi binanı belə, “seçki” günü üçün legitim hədəf elan edə bilər.
Ümumilikdə isə ermənilərin bizə qarşı törətdiyi təxribatlar yalnız bu qondarma “seçki”lərlə əlaqədar deyil. Eyni zamanda daha əvvəl sadaladığım məsələlərin də həll olunmaması, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Qarabağdan qanunsuz silahlıları çıxarmaması, Azərbaycana qarşı atıcı silahlardan istifadə edilməsi, həm bizim, həm də Avropanın mülki aviasiya vasitələrinə radio-elektron hücumların həyata keçirilməsi Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməmiş qalan hissəsinin, yəni erməni silahlı birləşmələrinin Azərbaycan Respublikası ərazilərindən tam şəkildə çıxarılmasını təmin edən hissəsinin icrası üçün müvafiq addımlar atmasına əsas verir. Başqa sözlə, Yuxarı Qarabağda erməni silahlı birləşmələrinin təmizlənməsi üçün keçiriləcək əməliyyatı mütləq BMT TŞ-nin məlum 4 qətnaməsi ilə əlaqələndirməyimiz, zənnimcə, daha doğru olar...
Ağdam-Xankəndi yoluna gəlincə, bu yolun açılması artıq bir zərurətdir. Azərbaycan öz ərazisi olan Ağdamdan özünün digər ərazisi -Xankəndinə humanitar yük göndərməyənə qədər heç bir ölkənin bircə kibrit çöpü də belə, Ermənistanla sərhəddən Yuxarı Qarabağa buraxılmayacaq. Buna Ermənistan, Fransa və “humanitar yardım” məzhəkəsində iştirak edən dövlətlər və güclər tam əmin olmalıdırlar...
– Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqovu geri çağırıb. Bu aspektdə proseslərin inkişafını necə görürsünüz?
– Ermənistan Paşinyan hakimiyyətə gələndən sonra dəfələrlə KTMT-ni təndiq edib və hətta publik şəkildə təhqir edib. Yadınızdadırsa, daha əvvəl rəsmi İrəvan KTMT baş katibini həbs etməklə həmin qurumun Ermənistan üçün heç nə ifadə etmədiyini nümayiş etdirmişdi. Hazırda Ermənistan-Rusiya münasibətləri özünün ən pis səviyyəsini yaşayır. Paşinyan Rusiyanın Ermənistandan gedəcəyini, Rusiya isə getməcəyini iddia edir. Bu məsələ kifayət qədər ciddi bir formata daxil olub. Artıq ən yüksək rəsmi səviyyədə bunlar aşkar müzakirə olunur ki, biz buna daha əvvəllər rast gəlməmişdik. Nəticə etibarilə Rusiya ilə Ermənistan arasındakı ziddiyyətlərin getdikcə daha da artacağını və həmin ziddiyyətlərin Rusiyanın Ermənistandakı qoşunlarınəın başında çatlayacağını da yaxın perspektivdə müşahidə edəcəyik...