Küveyt vəliəhdindən parlamentə müraciət

09:15 21.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveytin vəliəhd şahzadəsi Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah iyunun 6-da keçirilən ümumi seçkilərdən sonra Milli Assambleyaya daxil olan bütün deputatları ölkədəki “durğunluğun” səbəblərini aradan qaldırmaq üçün hökumətlə “konstruktiv əməkdaşlığı” aktivləşdirməyə çağırıb.

Hafta.az-ın KUNA-ya istinadən yazdığına görə, vəliəhd Sabah Milli Məclisin açılışında çıxış edib. "Artıq küskünlük mənbəyinə çevrilmiş, uğura mane olan münaqişələr, hesablaşmalar və böhranlar uydurmaqla vaxt, səy və fürsətlər itirməyə yer yoxdur. İşlərin qarışmasına icazə verməyəcəyik" deyib.

Millət vəkillərinin qarşıda duran vəzifələrdən xəbərdar olduqlarına və andlarına sadiq qaldıqlarına əminliyini ifadə edən Sabah, “Parlamentin roluna uyğun olaraq, Milli Assambleya üzvlərini gərginliyin bütün səbəblərini aradan qaldırmaq üçün hökumətlə konstruktiv əməkdaşlığı aktivləşdirməyə çağırırıq" deyib.

Sabah qeyd edib ki, qanunvericilər konstitusiya sənədlərindən ağıllı şəkildə yararlanmazdan əvvəl demokratik təcrübəni inkişaf etdirməli, qanunvericilik və nəzarət rolunu aktivləşdirməli və bunu başa çatdırmaq üçün hökumətə kifayət qədər vaxt verməlidirlər.

Digər tərəfdən, Küveytin "Əl-Kabes" qəzetinin xəbərinə görə, baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabah, "İxtilaf və parçalanmaya yer yoxdur" deyib.

Küveytin üstün maraqlarını təmin etmək üçün çalışan iki səlahiyyətli qurumun əməkdaşlığına ümid etdiklərini bildirən Baş nazir Sabah bölgənin və dünyanın keçdiyi bu mərhələnin ciddiliyini və təhlükəsini hər kəsin anladığını, bunun üçün insanları qorumaq üçün qərarlar qəbul etmək lazım olduğunu söyləyib.

Hökumətlə parlament arasındakı fikir ayrılığı səbəbiylə 3 ildə 3 dəfə seçkiyə gedən Küveytdə yeni hökumət dünən vəliəhd Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın hüzurunda and içib.